Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:55

Günel Mövlud. Uşaqlığını sevməyənlər


Günel Mövlud
Günel Mövlud
-

Bir dəfə üç azərbaycanlı rejissorun, rus demiş, kruquna düşdüm. Dəhşət intellektual «kruq» idi.

Söhbətlərinin ən aşağı «planka»sı Folkner və Kafka idi. Hə, bir də Kortasar. Çadır düşərgələrində yaşayan qaçqın uşaqların həyatı barədə film çəkmək istəyirdilər. Məni də allah qoymasa, belə uşaqlıq yaşayan bir gənc kimi dəvət eləmişdilər ki, təəssüratlarımdan yararlansınlar...



Günel Mövlud


UŞAQLIĞINI SEVMƏYƏNLƏR


«…Evdən çıxıb, yaxınlıqdakı bağımıza gedən yolda mən daima səbətlərə at təzəyi yığan kasıb uşaqlara rast gəlirdim. Onların səbətlərə yağdıqları at təzəyini ataları torpağa gübrə kimi verəcəkdi. İndi düşünürəm, əgər mən varlı oğlu deyil, səbətə təzək yığan o uşaqlardan biri olsaydım, mənim xatirələrim necə olardı…»

Bu sətirlər kinoda sürrealizmin ən görkəmli nümayəndələrindən biri, ispan rejissoru Luis Bunuelin xatirələrindəndir.

Bunuelin filmlərinin əksəriyyətində onun uşaqlıq təəssüratlarının ekran həllini görmək mümkündür.

Zatən ədəbiyyatın, kinonun, bir sözlə incəsənətin böyük bir hissəsi uşaqlıqdan qaynaqlanır. Uşaqlıq, uşaqlıq təəssüratları bacarıqlı sənətkarın əlində əvəzolunmaz sənət materialıdır.

Mütaliə, sonradan əldə olunan informasiya bu materialı cilalamağa, doğru və yerində istifadə etməyə zəmin yaradır.
Maksim Qorki
Maksim Qorki

Maksim Qorkinin «Özgə qapılarında» əsərində onun kitab oxuması ilə bağlı olduqca təsirli bir yer var.

Nökər işlədiyi mülkədar evində onu kitab oxumağa qoymurlar. Ev sahibəsi balaca Maksimin gecələr şam yandırıb kitab oxuduğundan şübhələnir və evdəki şamların boyunu çubuqla ölçür ki, uşaq gecə şamı yandırsa, xəbər tuta bilsin.

Gələcəkdə Stalinin sevimli yazıçısı, dünya ədəbiyyatının nəhəng adlarından biri olacaq 12-13 yaşlı Maksim Qorki yenə də şam oğurlayıb, kitab oxuyur və sonra sahibənin ölçü çubuğunu tapıb, çubuqdan işlətdiyi şam qədər sındırır ki, kitab oxuduğuna görə döyülməsin.

Bu sətirlər Maksim Qorkinin yaradıcılığında ən təsirli və ən yaddaqalan hissələrdən biridir.

Bəli, uşaqlıq bizim böyüklüyümüzdə, yaratmaq istədiklərmizdə böyük rol oynayır. Yaradıcı adam üçün uşaqlıq əsl xəzinədir. Onlarla rejissor, yazıçı, rəssam, musiqiçi, fikir adamlarının adlarını çəkmək olar ki, öz uşaqlıqlarını yaradıcılıqlarına daşıyıblar.

Amma uşaqlıq həm də işlənməsi ən çətin mövzulardan biridir. Azacıq pafos, azacıq ifrat duyğusallıq onun təsirini öldürə bilər. Burada yaradıcıdan sonsuz səmimilik və uşaqlığına ağrısız, soyuq, sənətkar gözü ilə baxmaq tələb olunur.

Üstəlik, komplekssiz olmalısan, öz gözünə xırda, əhəmiyyətsiz görünən hadisələri də təsvir etməkdən çəkinməməlisən. Bəli, əgər sənin həyatında böyük hadisələr baş verməyibsə, xırda hadisələr mütləq baş verib, sən o xırda hadisələri sənətə gətirməyi bacarmalısan.

Bir neçə nəslin sevə-sevə baxdığı «Şərikli çörək» filminin ssenari müəllifi, kinodramaturq və şair Alla Axundova bir dəfə mənə maraqlı bir şey danışdı. O dedi ki: «Şərikli çörək»dəki həyətdə baş verən hadisələrin hamısı mənim uşaqlığımda baş verib.

Dizinə qaş-göz çəkib, gəlincik düzəldən qız isə mən idim. O vaxt həyətmizdə suyu daima axan paslı bir krant vardı. Filmdə həmin kadr var. Film çəkiləndən 30 il sonra həmin həyətə getdim. O paslı krantdan hələ də su axırdı…»

Bəli, xırda bir detal həyat xatirəsinə, filmdə təsirli və yaddaqalan kadrlara çevrildi. Yaradıcılıq budu.

Azərbaycan ədəbiyyatında mən uşaqlığını əsərlərinə gətirən cəmi bir neçə yazıçı tanıyıram. Əkrəm Əylisli, İsa Hüseynov və Sabir Əhmədli.
Əkrəm Əylisli yeniyetmə yaşında
Əkrəm Əylisli yeniyetmə yaşında

Bəlkə də səbəb bu yazıçıların uşaqlığının ən çətin, mərhumiyyət dolu illərə – Böyük Vətən Müharibəsi illərinə düşməyidi. Onların uşaqlıqları, uşaq gözü ilə gördükləri hadisələr, adamlar bu müharibənin, aclığın, gərginliyin, qan-qadanın fonunda maraqlıdır. Amma əminəm ki, belə çətin zamanlara düşməsə belə, uşaqlığını doğru və yerində istifadə edən yaradıcı adam uğur qazana bilər.

Bir neçə il əvvəl gənc rejissorların çəkdikləri qısametrajlı filmlərə baxdım. Hər film uzaqbaşı on beş dəqiqə davam edirdi. Bizim gənc rejissorlar bu on beş dəqiqədə istəmişdilər ki, oxuduqlarının, düşündüklərinin, onları narahat edən taleyüklü, bəşəri problemlərin hamısını bu on beş dəqiqəyə sığışdırsınlar.

Ümumiyyətlə, bizdə yazıq rejissorların əllərinə ömürlərində bir ya iki dəfə pul keçir. Ona görə də rejissorlarımız bu pulu uşaqlıq, sadə hadisələr, balaca adamlara həsr eləmək, belə şeylərdən filmlər çəkmək istəmirlər. Elə bilirlər ki, məsələn, uşaqlıqda gördükləri, yaşadıqları bir hadisə insanlar, ölkə və dünya üçün çox maraqsız və balacadı. Amma bəşəri bir problem barədə çəksələr, guya dünya onların filminə baxacaq, təsirlənəcək, ayaq üstə alqışlayacaq.

Halbuki dünyanı sadə hadisələrlə, balaca insanlarla, bəşəri olmayan problemlərlə də təəccübləndirmək olar. Bu başqa məsələ ki, biz xalq, ölkə olaraq dünya üçün maraqsızıq. Nə ciddi mədəniyyətimiz, nə ciddi faciəmiz, nə də əsl ağrımız var. Olan ağrılarımıza da, məsələn, Qarabağ, Xocalı, Əliyevlərin işğalı kimi şeyləri də pafossuz işləyə bilmirik. Azərbaycan kinosu ya p…s-intellektual fəlsəfədi, ya da ağı deməkdi.

Bir dəfə üç azərbaycanlı rejissorun, rus demiş, kruquna düşdüm. Dəhşət intellektual «kruq» idi.

Söhbətlərinin ən aşağı «planka»sı Folkner və Kafka idi. Hə, bir də Kortasar. Çadır düşərgələrində yaşayan qaçqın uşaqların həyatı barədə film çəkmək istəyirdilər. Məni də allah qoymasa, belə uşaqlıq yaşayan bir gənc kimi dəvət eləmişdilər ki, təəssüratlarımdan yararlansınlar.

Bir neçə gün Bakıda, bir neçə gün də çadır düşərgəsində olduq, rejissorlar çəkilişlər apardılar. Bu bir neçə gün ərzində onlar hər şeydən danışdılar – Kortasar, Fellini, Kafka, Lorka, Folkner, Brext…

Bircə filmlərinin mövzuları olan qaçqın uşaqlardan danışmadılar…
XS
SM
MD
LG