Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Azərbaycanda benzin ABŞ-dan baha satılır


Arxiv foto
Arxiv foto
.
Günün media icmalı - 8 noyabr

“AZƏRBAYCANDA BENZİN ABŞ-DAN BAHA SATILIR”

“Bizim yol” qəzeti noyabrın 9-u sayında dərc etdiyi “Azərbaycanda benzin ABŞ-dan baha satılır” məqaləsində yanacağın gözlənən qiymət artımını təhlil edir. Qəzet İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramova istinadən yayır ki, benzinin qiymətinin artırılması büdcə daxil olmalarının strukturunda hər hansı dəyişikliklərə səbəb olmadığı üçün bu dəyişikliyin fiskal təsirləri olduqca zəifdir. Bu səbəbdən yeni qiymət artımlarının iqtisadi bazası yoxdur.

V.Bayramov bildirir ki, Azərbaycan Xəzəryanı ölkələr arasında benzini ən yüksək qiymətə satan ikinci ölkədir: «Benzinin pərakəndə qiymətində regionda yalnız Rusiyaya “uduzuruq”: Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Bununa belə, ölkəmizdə müqayisə edilən bilən benzinin qiymətinin 77 sent olduğunu nəzərə aldıqda oxşar benzin Qazaxıstanda 71, Türkmənistanda 22 sentə təklif edilir. İranda isə əvvəllər 9,7 sentə təklif edilən benzinin 1 litrinin qiyməti sanksiyaların tətbiqindən sonra 48 sentədək yüksəlsə də, yenə bizdən 38 faiz ucuzdur. Beləliklə, Xəzəryanı ölkələrdəki qiymətlərin müqayisəsi ölkəmizdə yeni qiymət artımlarına stimul yaratmır.

İkincisi, Azərbaycan benzinin 1 litri 77 sentə təklif edildiyi halda Amerika Birləşmiş Ştatlarda bu göstərici cəmi 75 sentdır. Nefti idxal edən və orta aylıq əmək haqqı Azərbaycanla müqayisədə 4 dəfə çox olan ABŞ-da qiymətlər bizdən aşağıdırsa, o zaman Azərbaycanda yeni qiymət artımlarını əsaslandırmaq çox çətindir.

YAP-DA 12 KOMİSSİYA YARADILIB

Yap.org saytı yazır ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclasında struktur dəyişikliyi olub. İclasda YAP sədrinin müavinləri arasında iş bölgüsünün aparılması və partiyanın müvafiq komissiyalarının yaradılmasına qərar verilib. YAP-da 12 komissiya yaradılıb.

İclasda partiyanın yaranmasının 21-ci ildönümünün qeyd edilməsi haqqında qərar qəbul olunmuşdur.

İlyas İsmayılov
İlyas İsmayılov
İLYAS İSMAYILOV "MEDİA FORUM"A DANIŞIB

“Media forum” saytı Ədalət Partiyasının sədri İlyas İsmayılovun müsahibəsini yayıb. Müsahibədən aydın olur ki, Ədalət partiyasının Yaşıllar Partiyası ilə birgə qurduğu “Vətən” blokuna İslam Partiyasının da qoşulacağı gözlənir. “İslam Partiyasının xeyli üzvü həbsdədir.

İslamçılar “Vətən” blokuna qoşulsa, həmin adamların həbsdən azad olunması ilə bağlı daha fəal addımlar atmağa başlayacaqsınızmı?” sualına İlyas İsmayılov belə cavab verir: “Biz arzu edirik ki, həbsdə olan bütün insanların qapısı açılsın, Azərbaycanda bir həmrəylik əhval-ruhiyyəsi yaransın. İqtidar-müxalifət münasibətləri normal münasibətlərə çevrilsin, iqtidar ölkənin problemlərinin həllində müxalifəti potensial müttəfiqi saysın.

- Amma İslam Partiyasının üzvləri indiyədək hakimiyyətə qarşı kəskin çıxışlar ediblər. Siz isə iqtidar-müxalifət münasibətlərində konstruktiv mövqe tutmağın tərəfdarısınız. Bu məsələ necə həll olunacaq?

- Mən İslam Partiyasının bəzi liderləri ilə görüşmüşəm, çox ağıllı insanlardır. Həyatı başa düşən, ölkənin problemlərini görən və qanunun aliliyinə hörmət edən adamlardır. Söhbət təkcə İslam Partiyasının üzvlərindən getmir. Qanunun aliliyi hamı üçün əsas olmalıdır. Prezidentdən tutmuş sadə vətəndaşa kimi...”

Azadlıq qəzeti
Azadlıq qəzeti
SƏN 9 OKTYABRSAN... - XƏBƏR XƏTTİ, AMMA LAP QABAQDA YOX, ORTALARDA

“Azadlıq” qəzetinin noyabrın 8-i buraxılışında “Sən 9 oktyabrsan... – xəbər xətti, ama lap qabaqda yox, ortalarda” sərlövhəli məqalə dərc olunub. Müəllif Xaliq Bahadır yazısında ölkədə gedən bəzi məhkəmə proseslərinə münasibət bildirir: “Rüşvət, korrupsiya, oğurluq, soyğunçuluq içində batıb gedən bu ölkədə görün daha çox kimlər tutulur, kimlərə məhkəmə qurulur: siyasi partiya üyələri, siyasətə qatılan jurnalistlər, hüquqçular. Bunlar Azərbaycanda demokratiyanın kökünü qazıyan, qanunları, insan hüquqlarını tapdayan əliyevçi rejimlə barışmayan, bu rejimə qarşı çıxan kimsələrdir. Başqa cür desək, bunlar Azərbaycanın üzünü gələcəkdən keçmişə çevirən, bütün hüquqları əlindən alınmış kölələr ölkəsinə dönüşdürməyə çalışan bir rejimlə barışmayan, bu rejimə bacardığı kimi dirəniş göstərən kimsələrdir”.

AZƏRBAYCANDA TARİF ŞURASINA NİYƏ İNAM YOXDUR?

Azərbaycanda Tarif Şurasına niyə inam yoxdur? Çünki onun funksiyası hökumətdə hazırlanmış qərarların təsdiq edilməsindən başqa bir şey deyil. Bu qurum elə hökumət üzvlərindən ibarətdir və o, indiyə qədər verdiyi qərarları ilə bağlı cəmiyyətdə özünə qarşı bir səmimiyyət yarada bilməyib. Nədən? Çox sadə...

​Caspian Barrel-in məlumatınagörə, Avropada Azərbaycandakı kimi qiymət və xidmətləri müəyyənləşdirən TARİF ŞURASI adlı qurum yoxdur. Onlarda Parlamentə tabe olan və büdcədən maliyyələşən Tənzimləyici Orqan (TO) fəaliyyət göstərir.

TO-nın müstəqilliyinə xələl gəlməsin deyə qurumu büdcədən maliyyələşdirirlər.

TO-na həm hökumət, həm də özəl qurumlar (əgər bazarda monopoldurlarsa) tariflərin dəyişilməsi ilə bağlı müraciət edə bilərlər. Onda Tənzimləyici Orqan öz mütəxəssisləri ilə məsələni araşdırır və rəy verir. Parlamentin müvafiq komissiyası rəyə baxır və bundan sonra tərəflər arasında heç bir anlaşılmazlıq yoxdursa TO onu mətbuatda dərc edir. Qərar qüvvəyə 45 gündən tez minə bilməz, çünki əhali onunla tanış olmalıdır. 30 gün ərzində isə ondan narazı olanlar iqtisad məhkəməsinə müraciət edə bilərlər.

Hər bir bahalaşmanın iqtisadi əsası olmalıdır ki, TO onu parlament komissiyasına tam təfərrüatı ilə izah edə bilsin və millət vəkilləri də anlasınlar ki, bir qrupun inhisarçılıq kommersiya maraqlarından yox, həqiqətən də bu zərurətdən doğur.

Belə bir sistemin mövcud olması cəmiyyətlə hökumət arasında qarşılıqlı etimad yaradır.

Milli Şura
Milli Şura
"MİLLİ ŞURA" ORİENTASİYASINI İTİRİB”

“Yeni Azərbaycan” qəzetinin sonuncu buraxılışında “Milli şura” oriyentasiyasını itirib” adlı yazıda deyilir ki, bu qurumun təmsilçiləri artıq hansı fəaliyyətlə məşğul olduqlarını bilmirlər: “İndi vəziyyət elə gətirib ki, “Milli şura”nın mövcudluğu sual altındadır və təsisçiləri onun gündəmdə qalması üçün yollar axtarırlar. Bu yollardan biri də həmsədrliyin yaradılmasıdır. Belə ki, R.İbrahimbəyovla yanaşı, C.Həsənovun da həmsədr olması təklif olunur. Əslində, proseslərə daha düzgün yanaşma bundan ibarətdir ki, müxalifətin radikal hissəsinin cəmiyyətdə heç bir nüfuzu yoxdur və radikalların toplaşdığı “Milli şura”nın seçkilərdə iflası məhz bu amillə əlaqədardır. Bu mənada onların hansı formada gündəmdə qalmaq cəhdlərinin heç bir fərqi yoxdur. “Milli şura”da vəziyət o qədər acınacaqlıdır ki, onun “başbilənləri” özlərini itiriblər”.
XS
SM
MD
LG