Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Arif Əliyev: «Bu qədər məmuru bir ansamblda oynadan daha böyük qüvvə var»


Arif Əliyev
Arif Əliyev
-
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev AzadlıqRadiosuna son vaxtlar qəzetlərin üzləşdiyi problemlərdən danışır.

- Arif bəy, «Azadlıq» qəzeti 65 min manat cərimə olunub. Dövlət nəşriyyatı da ona noyabrın 12-nə qədər vaxt verib. Həmin tarixə qədər 24 min manat ödəməsə, qəzetin çapından imtina edəcək. «Yeni Müsavat» da satışda süni maneələrlə üzləşdiyini bəyan edir. Qəzetlərə qarşı nə baş verir?

- Elə bil ki, atəş açmaq üçün zaman-zaman yeni silahlar hazırlanır. İndi həmin silahların hamısından birdən atəş açılıb. Bu səbəbdəndir ki, adıçəkilən müxalif qəzetlər yayılım atəşinə tab gətirə bilmirlər. Çünki satışdan gəlir yox, reklam bazarı bağlanıb, o qəzetlərə bir-birinin ardınca görünməmiş cərimələr kəsilib.

- Hər iki qəzet üzləşdiyi vəziyyəti hakimiyyətin bu qəzetləri çökdürmək planı adlandırır. Sizcə, bu belədirmi? Hakimiyyətə mətbuatın çöküşü lazımdırmı?

- Söhbət ondan getmir ki, qəzet satılmır, onu almırlar və bu səbəbdən qəzet bağlanmalıdır. Belə olsaydı, bunu real nəticə saymaq olardı. Bu qəzetlər ən böyük tirajla çıxırlar, ən böyük problemi də onlar yaşayırlar. Faktiki olaraq, qəzet öz pulunu dövlət satış müəssisəsindən ala bilmir. Bu qədər məmuru bir ansamblda oynadan daha böyük qüvvə var. Onları da idarə edən həmin qüvvədir. Çünki bu dəfə qəzetlərə olan hücum bütün cəbhə boyu davam edir. Bütün bunlar müxalif fikri qəbul etməməkdən irəli gələn addımlardır.

- Belə bir yolla hakimiyyət nəyə nail olmaq istəyir? Qəzetləri bağlamaq istəyir, yoxsa özünə tərəf çəkmək?

- Müxalif səslərin susdurulması çoxdan gedən prosesdir. Xatırlayırsınız, televiziyalar bu yoldan addım-addım uzaqlaşdırıldı, müxalifətin bəzi televiziyalara çıxışı var idisə, bağlandı. Vəziyyət o yerə çatdı ki, son prezident seçkisində müxalif fikir söyləyənlərin televiziyalara çıxışına imkan verilmədi. 1998-ci ilin sonu 2000-ci ilin əvvəlləri media orqanlarının 55 faizi müstəqil idisə, bu gün bu hədd 3-4 faizə düşüb.

- Bu kimi hadisələr əvvəllər də olub. Amma həmin vaxt bu təzyiqlərə qarşı duran Redaktorlar Birliyi var idi. Bəlkə mediaya qarşı olan hücumlar elə həmin hücumlardır, sadəcə müdafiə zəifləyib?

- Təbii, elədir. Vaxtilə Redaktorlar Birliyində 40 redaktor təmsil olunurdu. Bu, Azərbaycandakı nəşrlərin 55 faizinə nəzarət demək idi. O şəxslər indi də var, amma onların ovaxtkı mövqeləri yoxdur. İndi uzaqbaşı 3-5 redaktor yığışır ki, onların da yarısı heç bazarda olmayan qəzetin redaktorudur.

- Sizcə, o 40 redaktorun əksəriyyəti niyə getdi?

- Maddi vəsait, bazar kasad olduğu üçün. Bayaq da dedim, qəzetin yaşaması üçün onun reklamı və satılması lazımdır. Reklam əvvəldən yığışdırılıb. Satış bazarına da baxın, illərdir köşklər yığışdırılır. Hətta indi satılan qəzetin pulunu satan qurumdan almaq özü müşkül işə çevrilib. «Azadlıq» qəzeti bu vəziyyətdədir. «Qasid» satılan qəzetin pullunu versə, həmin pulla «Azadlıq» qəzetinin ədalətsiz məhkəmə cərimələrini və nəşriyyat borcunu artıqlaması ilə ödəmək olar. Dövlət satış müəssisəsi qəzetin pulunu vermir, digər tərəfdən, satışdan gələn pullar məhkəmə cərimələrinin ödənişinə yönəldilir.

- Müxalif mətbuat bu vəziyyətə düşməsində hakimiyyəti ittiham edir. Başqa bir tərəfdən, hakimiyyət ildə iki dəfə o qəzetlərə maliyyə yardımları edir. Bunu necə başa düşmək olar? Hakimiyyət bu pulla həmin qəzetləri öz tərəfinə çəkəcəyinə ümid edirdi, yoxsa necə?

- (Gülür) Əlbəttə, o ümid də var idi. Əslində, mətbuata dövlətdən verilən maliyyə yardımı bazara mənfi müdaxiləyə bərabərdir. Təsəvvür edirsiz, müxtəlif xərcləri və reytinqləri olan qəzetlərə eyni məbləğ paylanır. Bu, bazara müdaxilə, həm də rəqabətə zərbədir. Bu dörd ildə qəzetlərin tirajımı artıb, satış bazarında hansısa infrastrukturmu dəyişib? Halbuki, dörd ildə qəzetlərə 20 milyon manat ayrılıb... Hansısa strukturu xəstə vəziyyətdə saxlayıb, nəfəs alması üçün ona bir boru uzatmaqla həmin strukturu inkişaf etdirmək mümkün deyil. 20 milyon manatla media sahəsində bütün infrastrukturu dəyişmək olardı.

- Belədirsə, onda hakimiyyət mediaya münasibətdə hansı yolu seçib?

- Bizdə həmişə deyirlər ki, Azərbaycanın öz yolu var. Amma bütövlükdə görünən odur ki, söhbət medianın tam idarəolunan bir hala gətirilməsindən gedir. Çox böyük mənada artıq buna nail olunub. Bu həm də vaxtilə bir yerə yığılan 40 redaktorun hara getməsinə verilən cavabdır.

- Bu hansı ölkənin mətbuatla davranış modelinə oxşayır?

- Belə modellər çoxdur, bu, Rusiya modelinə oxşayır. Demək olmaz ki, Türkmənistanda, Özbəkistanda olduğu kimi, Azərbaycanda da mediaya total siyasi təzyiq var. Azərbaycanda siyasi yox, həddən artıq iqtisadi təzyiqlər var.

- Sizcə, bu iqtisadi təzyiq total siyasi təzyiqə doğru getmir?

- Yox, bir qədər fərqli cəhətlər var. Misal üçün, bu gün Azərbaycanda senzuranın müəyyən əlamətləri var, amma özünüsenzura ondan on qat güclüdür. Burda tabe etdirmək mexanizmində fərqlər var və Azərbaycanda iqtisadi əsaslar güclüdür. Orta Asiya ölkələrində iqtisadi əsasların elə bir rolu yoxdur, orda hər şey siyasi müstəvidə həll olunur.

- Belə bir duruma düşmələrində qəzetləri də təqsirləndirənlər var. Yəni, məhkəmə cərimələri ilə üz-üzə qalan qəzetlər balanslı yazsaydılar, qarşı tərəfin də fikrinə yetərincə yer versəydilər, yenə belə olardımı?

- Qəzetlərin səhvə yol verdiklərini, əlbəttə, təsdiq etmək olar. Amma bütün bunlar qisasçılığa, medianın çökdürülməsinə səbəb ola bilməz. Ona qalsa, Tağı Əhmədov «Azadlıq» qəzetindən çoxdan heyfini çıxıb. Qəzet metroda satışdan məhrum olmaqla hər gün satışdan gələn gəlirin 20 faizini itirir. Metro rəhbərliyinin qəbul etdiyi qərar nə dərəcədə doğrudur, qanunidir? Özünün şəxsi müəssisəsi kimi istədiyi qəzeti metroya buraxır, istəmədiyini yox. Deyək, qəzet hansısa səhvə yol verib, bəs buna nə ad vermək olar?

- Az da olsa, bir neçə redaktor metro rəhbərliyi ilə bu məsələni müzakirə edə bilərmi?

- Adətən qəzetlərə bir neçə istiqamətdən edilən hücumlar mərkəzləşmiş olur. Bu səbəbdən də ayrı-ayrı fərdlərin qərar qəbul etməsi inandırıcı görünmür.

- Bəs dediyiniz həmin o «hamını idarə edən»lə danışmaq cəhdi necə, mümkündürmü?

- Mən pərdəarxası gedən məsələlərdən xəbərsizəm. Bəlkə də belə bir görüş olub, sadəcə, qoyulan şərtlər qaneedici olmayıb. Bu barədə bir söz deməyə çətinlik çəkirəm.
XS
SM
MD
LG