Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:36

«Prezidentə demək istəyirəm ki, Rafiqin qatilləri niyə tapılmır, bu necə ölkədir?»


Rafiq Tağı
Rafiq Tağı
-
«Yadıma düşdükcə ürəyim partlayır... Axşam saat 10-a qalırdı, Rafiq gəldi. Dedi məni vurdular, inanmadım. Dedim, zarafat eləyirsən, dedi yox. Yaxasını açdı, gördüm doğrudan da vurublar...».

«BİLMİRƏM, CİNAYƏTİN AÇILMASINA İNANIM...»

İki il əvvəl – noyabrın 19-da bıçaqlanmış yazıçı-publisist Rafiq Tağının xanımı Mailə Tağıyevanı qəhər boğur. Deyir ki, o gündən baş prokurora, prezidentə üz tutur, ancaq nəticə yoxdur. Elə bir neçə gün əvvəl prezidentə yenə teleqram göndərib, onu qəbul etməsini istəyib:

«Prezidentə demək istəyirəm ki, Rafiqin qatilləri niyə tapılmır, bu necə ölkədir? Tapılmırsa, demək, öz günahlarıdır, özlərinin əli var. Nə qədər şikayətlərimiz olub, nə prokuror, nə də müstəntiq baxır. Heç bir məlumat vermirlər. Nəsə ümidsizəm e, bilmirəm, cinayətin açılmasına inanım, yoxsa yox. Elə bilirəm ki, bu işin üstünü bağlayacaqlar. Ürəyimə gəlir ki, bu işin üstündən keçəcəklər...».

«CİDDİ SİYASİ İRADƏ OLMALIDIR»

İki il öncə noyabrın 19-da bıçaqlanan Rafiq Tağı 4 gün sonra müalicə olunduğu tibbi mərkəzdə vəfat etmişdi. Bu cinayətə görə heç kim tutulmayıb. Olay Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Hüquqşünas Əyyub Kərimovun sözlərinə görə, ciddi siyasi iradə olmasa, işin üstü açılmayacaq. İşi təcrübəsiz müstəntiq aparırsa, onu yenisi əvəzləməli və istintaq qrupu da təzələnməlidir:

«Yox, işin açılmaması peşəkarlıqla bağlı deyilsə, onda burda hüquqdan daha çox siyasət özünü göstərməyə başlayır. Ya baş prokuror, ya da ölkə rəhbəri siyasi iradə göstərməlidir ki, mənə məruzə eləyin, nəyə görə bu iş açılmır. Yox əgər doğrudan da bütün istintaq hərəkətləri görülürsə, işin açılmaması istintaqın əvvəlində buraxılmış müəyyən səhvlərdən irəli gəlirsə, o zaman durum bütün ciddiliyi ilə mediaya açıqlanmalıdır ki, ictimaiyyət məlumatlandırılsın. Bu da yoxdur. Bütün bunlar müxtəlif şayiə və şübhələrə yol açır».

BAŞ PROKURORLUQ: «İSTİNTAQ-ƏMƏLİYYAT TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR»

Baş Prokurorluq mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, bu cinayət işi üzrə prokurorluq, daxili işlər, milli təhlükəsizlik və ədliyyə nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir:
Baş Prokurorluq
Baş Prokurorluq

«Cinayətin açılması ilə bağlı mümkün fərziyyələrin yoxlanılması istiqamətində çoxsaylı şahidlər dindirilmiş, müayinə, götürmə, istintaq eksperimentləri aparılmış, zəruri ekspertizalar təyin edilmiş, digər təxirəsalınmaz istintaq hərəkətləri keçirilmiş, habelə sair prosessual tədbirlər görülmüşdür. Qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla, cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən istintaq-əməliyyat qrupunun hesabatları müntəzəm olaraq dinlənilərək konkret tapşırıq və tövsiyələr verilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir».

Rafiq Tağı xəstəxanada yatarkən bildirmişdi ki, İrandakı islamçı rejimi tənqid etdiyi üçün dini fanatiklər tərəfindən bıçaqlandığını düşünür.

Rafiq Tağı özəlliklə islam aləmini tənqid edən «Avropa və biz» yazısına görə bir neçə il öncə uzun müddətə azadlıqdan məhrum edilmiş, amma bir müddətdən sonra prezidentin əfv fərmanı ilə azadlığa çıxmışdı. O, yazıçılıqla yanaşı həkim kimi fəaliyyət göstərirdi.

Rafiq Tağının ölümü ilə bağlı istintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

ANASI RAFİQ TAĞININ YOLUNU GÖZLƏYİR

Rafiq Tağının ölümündən 83 yaşlı anasının xəbəri yoxdur. Həyat yoldaşı Mailə Tağıyeva deyir ki, 2 ildir anası elə bilir ki, Rafiq Tağı xaricdədir:

«Elə bilir sağdır. Deyir ki, Rafiqə deyin, gəlsin, darıxıram, ölməmiş onu görüm...».
XS
SM
MD
LG