Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:53

Rüşvəti duymaq indeksi


Transparency İnternational-ın hazırladığı korrupsiyanın səviyyəsinə görə dünya ölkələrinin xəritəsi.
Transparency İnternational-ın hazırladığı korrupsiyanın səviyyəsinə görə dünya ölkələrinin xəritəsi.
Dünya ölkələri üzrə korrupsiyanın vəziyyətini qiymətləndirən Transparency İnternational - Beynəlxalq Şəffaflıq Təşkilatının son indeksində Azərbaycanda korrupsiyanın səviyyəsi keçən illə müqayisədə yaxşılaşıb və ölkə 139-cu yerdən 127-ci yerə qalxıb.

Korrupsiyanın Qavranması İndeksində (Corruption Perceptions İndex) həmin 127-ci yeri Azərbaycan Komor adaları, Qambiya, Livan, Madaqaskar, Mali, Nikaraqua, Pakistan və Rusiya ilə bölüşür.

Yəni, bu cədvəl qonşuları arasında yeganə coğrafi qonşu Rusiyadır. İndeks cədvəli həm də onu göstərir ki, Transparency İnternational təşkilatının gəldiyi nəticəyə görə, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyət indi Qazaxıstanda (140), İranda (144), Ukraynada (144), Qırğızıstanda (150), Tacikistanda (154), Türkmənistan və Özbəkistandakından (168) yaxşıdır.

Pul olmasa, korrupsiya olmaz

Transparency İnternational təşkilatının son qiymətləndirməsi Qərbi Avropanı da təəccübləndirib.

Deyəsən, elə təşkilatın özü də təəccüblənib. Təşkilatın Almaniya bölümünün rəhbəri Edda Muller bildirib ki, indeks dünya ölkələrinin üçdə-ikisində korrupsiyanın böhran həddində olduğunu göstərir.

Təşkilatın nümayəndələri bildirirlər ki, korrupsiya sahəsində bəzi Avropa ölkələrindəki meyllər indi az qala “ənənəvi rüşvətxor ölkələrin” meyllərinə bənzəməyə başlayıb.

Məsələn, İspaniya ötənilki yerindən 10 pillə sürüşərək 40-cı yerə düşüb. Əvəzində hazırda müflis vəziyyətində olan Yunanıstan 14 pillə qalxaraq 80-ci yerdə məqam tutub. Necə deyərlər, pul yoxdursa, korrupsiya hardan olsun?

Ümumən isə, kimsə “sürüşərək düşüb”, kimsə “dırmaşaraq qalxıb”. Ənənəvi olaraq ildən-ilə “sürüşməyən” və “dırmaşmayan” ölkələr də var. Danimarka və Yeni Zelandiya Korrupsiyanı Qavrama İndeksinə görə 1-ci yeri bölüşürlər. Əfqanıstan, Şimali Koreya və Somali isə cədvəlin dibindədir.

Lakin bu qalxma-enmələri qeydə alan Tİ-ın qiymətləndirmə sisteminin özü nə dərəcədə mötəbərdir?

Görünməyəni necə ölçmək olar?

Axı bir ölkədəki korrupsiyanın səviyyəsini necə ölçmək olar? Masa altında, bağlı qapı arxasında əldən-ələ keçən rüşvəti kim görür və kim qeydə alır?

Bu sualları Britaniyada çıxan “The Guardian” qəzeti qoyub, lakin o, korrupsiya qiymətləndirmələrini şübhə altına alan yeganə məcmuə deyil.

Qəzet yazır ki, Tİ özünün Korrupsiyanı Qavrama İndeksini artıq 20 ildir ki, ən geniş şəkildə istifadə edilən indikator kimi tərif edir. Buna baxmayaraq, bu indeksin tərtib olunduğu son 20 ildə onun mötəbərliyinə inam da azalıb.

Bəziləri bu indeksin ekspertlərin və biznesmenlərin kiçik qrupunun rəyləri əsasında formalaşdırılmasını tənqid edirlər.

Məsələn, Vaşinqtondakı Qlobal İnkişaf Mərkəzindən (Centre for Global Development) Alex Cobham bildirir ki, belə bir “elitar” qiymətləndirmə qərəzli və onun əsasında qurulan siyasətlər üçün aldadıcı ola bilər.

“Foreign Policy” məcmuəsində dərc olunmuş “Yanlış qavrama” məqaləsində cənab Cobham Transparency International təşkilatına məsləhət görür ki, ümumiyyətlə, qavrama indeksindən əl çəkərək, vaxtını əsl korrupsiya faktlarının toplanmasına və korrupsiyanın vətəndaşları nə dərəcədə təsirləndirməsinin qiymətləndirilməsinə sərf etsin.

Alex Cobham, ümumiyyətlə, qavramaya söykənən qiymətləndirmələri mənasız hesab edir.

Əgər bir ölkədə korrupsiyanın genişliyi və dərinliyi təxmini qavrama əsasında qiymətləndirilirsə, belə təxminlər əsasında bütöv ölkələr necə müqayisə edilə bilər? Bu sualı hələ 2010-cu ildə verən “The Economist” məcmuəsi Tİ-ın korrupsiyanı qavrama indeksini “xarab sayğac” adlandırmışdı.

Elin gözü tərəzidir?

“The Guardian” yazır ki, bu tənqidlərlə Tİ-ın özü də, hardasa razılaşır. Təşkilat bildirir ki, korrupsiya ümumən, gizli aparılan, bəzən qalmaqallarla ortaya çıxan, bəzən təhqiq olunan və mühakimə edilən halların məcmusudur.

Tİ bildirir ki, məhz bu səbəbdən də korrupsiyanın ölçülməsi üçün dəqiq və mükəmməl bir sistem yoxdur. Korrupsiyanı qeydə alınan, barəsində cinayət işləri qaldırılan və məhkəməyə gəlib çıxan halların sayı ilə qiymətləndirmək də obyektiv nəticə vermir.

Korrupsiyanın təhqiq və mühakimə olunması hər hansı bir ölkədə, olsa-olsa korrupsiyaya qarşı mübarizənin dərəcəsini göstərə bilər, lakin heç bu da baş vermir. Çünki ifşa nöqtəsinə korrupsiya hallarının yalnız bir hissəsi gəlib çatır. Üstəlik, korrupsiyaya bulaşmış ölkələrdə adətən bu cinayətlə mübarizə aparan qurumların başında elə korrupsiyaya rəhbərlik edən şəxslərin özləri dururlar.

Transparency International bildirir ki, məhz elə bu qüsurları nəzərə alaraq başqa indekslərin də tərtibi ilə də məşğuldur.

Məsələn, vətəndaşların üzləşdikləri rüşvət hallarını qeydə alan Qlobal Korrupsiya Barometri (Global Corruption Barometer) var və ya ixracatçı ölkələrin xaricdə rüşvət verməsi ehtimallarına əsaslanan Rüşvət Verənin İndeksi (Bribe Payers Index) tərtib olunur.

Bütün bu indeksləri birləşdirən bir ümumi və zəif cəhət var. Onların hamısı insanların – ekspertlərin və vətəndaşların rüşvəti qavramasına, duymasına, hiss etməsinə, qədim Azərbaycan kəlamı ilə deyilsə, “Elin gözü tərəzidir” prinsipinə əsaslanır.

Di gəl hər bir tərəzinin öz pərsəngi var.
XS
SM
MD
LG