Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Ekspert: «Gələn il sahibkarların üzərinə səlib yürüşü başlanacaq»


Foto: Arxiv (shutterstock.com)
Foto: Arxiv (shutterstock.com)

-
Sultan Əhmədbəyli vergi cəriməsi ödəməlidir. «Niyə» sualının cavabı özünə aydın deyil. İş burasındadır ki, o, 7 il öncə vergilər departamentində fiziki şəxs kimi qeydiyyata düşüb. Amma sonradan fikrini dəyişib və VÖEN almayıb. Bir neçə dəfə vergilərə çağırılan Sultan fəaliyyət göstərmədiyini söyləyib. İndi 7 il ötəndən sonra müfəttişlər yenə Sultanın qapısını döyüblər. Sözün qısası, ona 80 manat cərimə kəsilib:


«Mən 2006-cı, ya da 2007-ci ildə VÖEN almaqdan ötrü Vergilər Departamentinə ərizə yazdım. İş elə gətirdi ki, sonradan mənə VÖEN lazım olmadı. Bir neçə ildən sonra vergi müfəttişləri məni departamentə çağırıb bildirdilər ki, ya rüblük hesabat verməliyəm, ya da VÖEN-i bağlatmalıyam. Mən də bağlatmağı xahiş etdim. İndi bu hadisədən 7 il sonra evimizə vergilərə 80 manat borcumun olması barədə məktub gəlib. Nəyə görə cərimələndiyimi bilmirəm. Bildiyim odur ki, deyəsən, insanları cərimələmək üçün yenidən köhnə sənədləri qaldırıblar».


RUSİYA VARİANTI...

Sultan Əhmədbəyli niyə cərimələndiyinə cavab aramaqda olsun, görək, Şirvan Ticarət Mərkəzinin satıcıları nə istəyirlər? Onlar yerhaqqı bahalandığı üçün etiraz aksiyası keçiriblər. Ticarət Mərkəzinin rəhbərinin sözlərinə görə, vergilər gələn ilin «plan»ını artırdığından, o da məcbur qalıb yer haqlarını qaldırsın.

xüsusi reportajlar - 10.12.2013

Canlı müzakirə

«Qanun» Nəşriyyat Evinə vergi müfəttişlərinin gəlib yoxlama aparması da bu olaylarla üst-üstə düşüb. Noyabrın 1-də vergi müfəttişləri nəşriyyatın yerləşdiyi ofisə daxil olaraq axtarışa başlayıblar. Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu olayı belə açıqlayır:

Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu


«Bizim ofisə gələnlərdən ancaq ikisi vergi müfəttişi geyimində, qalanları mülki geyimdə idilər. Davranışlarından qorxu, təftiş yaratmaq istəkləri duyulurdu – ratsiya ilə danışır, ofisə giriş-çıxışı məhdudlaşdırırdılar. Bu hadisələr mənə Putin-in seçki dövründə Rusiya vergi orqanı əməkdaşlarının davranışlarını xatırladırdı. Onlar da müxtəlif qurumlara basqınlar edib, zorakı davranır, qanunsuz hərəkətlərə yol verirdilər. Azərbaycanda baş verənlər Rusiyanın təkrarı kimi görsənir. Vergi ödəməklə bağlı problemimiz yoxdur. Hətta hər hansı problem olsa da, belə axtarışlar aparılmamalıdır. Bizim bütün yazı-pozularımızın əslini, kompüterlərimizi müsadirə etdilər. Müfəttişlər vergi ödəyiciləri ilə zorakı davranır, bəzi hallarda polisin gücündən yararlanırlar. Bu, bütün sahibkarları, son olaysa şəxsən məni çox narahat edir. Prezidentin sahibkarların maneəsiz fəaliyyəti ilə bağlı fərmanını nəzərə almadan atılan bu cür addımları qınayıram».


Vergi əməkdaşları «Qanun» Nəşriyyat Evində aparılan axtarışın səbəbləri haqda rəsmi məlumat verməyiblər. Onlardan rəsmi açıqlama gözləmədən məhkəməyə üz tutan Şahbaz Xuduoğlu düşünür ki, qanunsuz hərəkətlərlə vaxtında mübarizə aparmaq lazımdır.

«Qanun» Nəşriyyat Evindəki yoxlamaları siyasi basqı kimi qiymətləndirənlər də var.

AZALAN GƏLİR, ARTAN XƏRC

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, 2014-cü ildə bir çox sahibkar belə hallarla üzləşəcək. Səbəbsə birdir – dövlət büdcəsinə daha çox vəsait ödəyə bilmək.

Milli Məclis noyabrın 22-də 2014-cü ilin dövlət büdcəsini təsdiqləyib. Gələn ilin büdcə gəlirləri 18 milyard 384 milyon manat, xərcləri 20 milyard 63 milyon manat proqnozlaşdırılır. Neft Fondundan büdcəyə köçürmə ilk dəfə 2 milyard manat azalıb. 2013-cü ildə Neft Fondundan büdcəyə 11 milyard 350 milyon manat, amma 2014-cü il üçün 9 milyard 337 milyon manat transfer nəzərdə tutulub.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Bu illə müqayisədə gələn ilin büdcəsində gəlir 775 milyon manat azalıb və xərclər 213 milyon manat çoxalıb. Azalan gəlir və çoxalan xərclər büdcədə vergi daxilolmaları ilə əvəzlənib. Yəni, 2014-cü ilin dövlət büdcəsində gəlirlərin 38 faizi – 7 milyard bir milyon manatı Vergilər Nazirliyinin payına düşür.

«HANSI VERGİ MÜFƏTTİŞİ «PAŞA HOLDİNQ»İ YOXLAYA BİLƏR?»

İqtisadçı Qubad İbadoğlunun fikrincə, 2014-cü ildə vergi daxilolmaları cərimələr hesabına artırılacaq. 2014-cü ilin büdcə layihəsində belə göstərilib:


«Özüm iqtisadçıyam, iqtisadi təhlil fənnini tədris edirəm. İqtisadi təhlildə cərimə və sanksiyaları hər hansı rəqəmlə proqnozlaşdırmaq mümkün deyil. Amma Azərbaycanın dövlət büdcəsinin layihəsində gələn ilin cərimə və sanksiyaları proqnozlaşdırılıb. Bu azmış kimi, həm də konkret rəqəmlərlə. Tutalım, gələn il hüquqi şəxslərin mənfəət vergisinin 87 milyon manat, Əlavə Dəyər Vergisi (ƏDV) üçün cərimənin 80 milyon manat olacağı göstərilib. Başqa sözlə, 2014-cü ildə sahibkarların üzərinə səlib yürüşü başlanacaq. Üstəlik, vergi qanunvericiliyinin pozulmasına görə, 60 milyon manatlıq cərimə proqnozlaşdırılır, yəni bu vəsaiti sahibkarları cərimələməklə toplayacaqlar. Hansısa vergi müfəttişi «Paşa Holdinq» və ya «Gilan Holdinq»də yoxlama apara bilər? Təbii ki, yox. Büdcədə yaranan kəsir orta və kiçik sahibkarların hesabına doldurulacaq. Bu da, sözsüz ki, sahibkarlıq mühitinə təsir göstərəcək».


BİR MANATA QUŞDAMI DA OLMAZ, AMMA...

Uzağa getməyək, «Bakıelektroqaynaq» ASC-nin səhmdarları mətbuat konfransı keçirərək, gəlirini 2 dəfə artırdığını bəyan edən bu şirkətdən narazılıqlarını dilə gətirmişdilər. Onların fikrincə, təsisçilərinə bir yandan gəlirini artırdığını, digər yandan iflasa uğradığını açıqlayan həmin şirkət vergidən yayınmaq üçün rəsmi sənədlərdə gəlirini az göstərir. Bununla bağlı Vergilər Nazirliyinə və digər ilgili qurumlara müraciət etsələr də, heç bir yoxlama aparılmayıb:

Polad zavodu
Polad zavodu


«Azı 300 min manat gəliri olan bir şirkəti yoxlamırlar. Amma kolluqdakı balaca bir köşkü yoxlayır və sahibini vergidən yayınmaya görə küllü miqdarda cərimələyirlər. Bəs necə olur ki, biz təsisçilərin illərdir vergidən yayınma ilə bağlı ittihamları yoxlanmır? Azərbaycan reallığında heç quşdamını belə 1 manata icarəyə verməzlər, amma iri bir müəssisənin 1 manata icarəyə verildiyi rəsmiləşdirilib. Bu faktların heç biri yoxlanmır».


«Bakıelektroqaynaq» ASC-nin səhm paketinin 98 faizinin sahibi «Baku Steel Company»dir. Men adalarında qeydiyyatdan keçən bu şirkətin arxasında kimlərin dayandığı hələ də suallı qalır.

Vergilər Nazirliyi təsisçilərin iradlarına dair AzadlıqRadiosunun sualını azı bir ay sonra cavablayıb. Cavabda «Baku Steel Company»də vergi pozuntusunun yoxlanması haqda təsisçilərə məlumat verildiyi bildirilir və yoxlamaların nəticəsi barədə heç nə deyilmir.

Azərbaycanda qara metal biznesini inhisara alan və vergi ödəmələri suallar doğuran bu şirkət kimi, onlarca başqa iri şirkət də var.

KİMLƏR VERGİDƏN YAYINIRLAR?

İqtisadçı Zöhrab İsmayıl şirkətlərin vergidən yayınma hallarının bir neçə yolla sübuta yetirildiyini bildirir. Onun fikrincə, Azərbaycanda illik gəliri bir neçə milyon və yaxud milyardla ölçülən özəl biznes sahələri var, amma rəsmi milyonçu və milyarderlər yox. Azərbaycanın iri vergi ödəyicilərinə dair rəsmi məlumatlarda dövlət şirkətləri, bir də az sayda özəl şirkət yer alır:


«İri vergiödəyiciləri siyahısında iri holdinqlərin, nəhəng yolçəkən və tikinti şirkətlərinin adını görmürük. Axı Azərbaycanda illik dövriyyələri milyonlarla, milyardlarca manatla ölçülən özəl şirkətlər var.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Bu şirkətlərin əksəriyyətinin arxasında hakim ailə və oliqarxlar dayanır deyə, onların vergidən yayınmalarına asanlıqla göz yumulur».


Azərbaycanın dövlət büdcəsi neftdən asılılığını azaltmaq istəyir. Gələn ilin dövlət büdcəsinə Neft Fondundan köçürmə ötən illə müqayisədə 2 milyard manat azalsa da, ümumi dövlət büdcəsinin yarısı yenə Neft Fondunun payına düşür. İnkişaf etmiş ölkələrin büdcəsi daha çox özəl şirkətlərin ödədiyi vergi hesabına formalaşır və özünə hörmət edən şirkətlər ilboyu ödədikləri vergilər haqda ictimaiyyəti məlumatlandırır.

«AZERCELL» DÖVLƏT BÜDCƏSİNƏ NƏ QƏDƏR VERGİ ÖDƏYİR?

Azərbaycanda vergi ödəmələri haqda məlumatlar kommersiya sirri sayıldığından, belə məlumatlar açıqlanmır. İqtisadçı Qubad İbadoğlu deyir ki, vətəndaşların mal və ya xidmətlərindən istifadə etdiyi şirkətin dövlət büdcəsinə nə qədər vergi ödədiyini bilmək haqqı var. Çünki burada söhbət dövlət büdcəsinin formalaşmasından gedir:


«Vergilər Nazirliyinə ayrı-ayrı şirkətlərin vergi ödəmələri haqda dəfələrlə informasiya sorğusu göndərmişəm. Mən bir istehlakçı kimi «Azercell»in Azərbaycanın dövlət büdcəsinə nə qədər vəsait verdiyini bilmək istəyirəm. Tutalım, bilmək istəyirəm ki, «Bakcell», ya da «Azerfon» dövlət büdcəsinə nə qədər vergi ödəyir. Bir vətəndaş kimi hansı şirkətlərin xidmətlərindən istifadə edəcəyimi müəyyənləşdirməkdə mənə bu şirkətlərin vergi öhdəliklərinə necə əməl etmələri də kömək edə bilər. Bu məlumatlar açıq olduqda mən biləcəyəm ki, seçdiyim şirkətin ödədiyi vergi hesabına ölkəmin vətəndaşı əməkhaqqı və ya təqaüd alır. Azərbaycanda konkret şirkətlər bir yana, heç sahələr üzrə vergi ödənişləri barədə məlumat da ictimaiyyətə açıqlanmır. Ölkə qanunlarına görə, belə bilgilər kommersiya sirri sayılır. Biznes kodeksini, biznes etikasını qəbul edən şirkətin özü həmin məlumatları açıqlamalıdır. Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda vergi ödəmələri haqda informasiyalara çıxış imkanı yoxdur».

Rövşən Ağayev
Rövşən Ağayev

GƏLƏN İL KOMMUNAL XƏRCLƏR ARTACAQ?

Gələn ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi bu illə müqayisədə 79 milyon manat artaraq 882 milyon, hüquqi şəxslərin mənfəət vergisi isə 62 milyon azalaraq 2 milyard 217 milyon manat proqnozlaşdırılır. 2013-cü ildə Əlavə Dəyər Vergisi (ƏDV) 2 milyard 768 milyon idisə, 2014-cü ildə 3 milyard 209 milyon manat, aksizlərsə 180 milyon artırılaraq 874 milyon manat göstərilib.

Gələn il dövlət təşkilatlarına ödənişli xidmətlərdən daxilolmaların da artırılması nəzərdə tutulur. İqtisadçı Rövşən Ağayev bu hissəni öz «Facebook» hesabında belə şərh edir:


«Hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Elektrik enerjisi 25.5%, təbii qaz 19%, su 27%, istilik enerjisi xərcləri 20%, telefon danışıqları, poçt və internet xidmətlərinin ödəniş xərcləri 13-32% artmalıdır».


Maliyyə Naziri Samir Şərifov da gələn il kommunal xərclərin artırılmalı olduğunu bildirib. Tarif Şurası belə bir artımın nəzərdə tutulmadığını söyləsə də, iqtisadçı Natiq Cəfərli gələn il kommunal xərclərin artırılacağını düşünür. Onun söylədiyinə görə, hər ilin sonunda maliyyə naziri kommunal xərclərin artırılmasını təklif edir və ardınca Tarif Şurası bu təklifə qarşı çıxır. Amma yeni ildə xərclər artır.

KOMMUNAL XƏRCLƏR ARTMASA...

Deputat Vahid Əhmədov gələn ilin dövlət büdcəsində kommunal xərclərlə bağlı suallara dəqiq cavab ala bilmədiyini deyir. Amma onu da bildirir ki, kommunal xərclər artırılmasa, büdcədə gərginlik yarana bilər:


«Dövlət büdcəsində kommunal qiymətlərin artıb-artmayacağına aydınlıq gətirilməlidir. Şəxsim fikrim belədir ki, indiki zamanda, özəlliklə Rusiya ilə gərginlik yaşandığı bir vəziyyətdə, ordan gələn miqrantların çoxaldığı bir vaxtda kommunal xərclərin qiymətlərini dəyişmək olmaz. O biri yandan da gələn ilin büdcəsində kommunal ödənişlərdən gəlir əhəmiyyətli yer tutur.
Yanacaqdoldurma məntəqəsi
Yanacaqdoldurma məntəqəsi
Bu, büdcə xərclərində müəyyən gərginliklər yarada bilər».


GƏLƏN İLİN BÜDCƏSİNDƏ NƏ VAR, NƏ YOX?

2014-cü ilin büdcəsini şərh edən ekspertlər daha çox vergiödəyicisinin cərimələnəcəyini, kommunal xərclərin artacağını, mal və xidmətlərin bahalaşacağını proqnozlaşdırırlar. Dekabrın 4-də Tarif Şurası benzinin qiymətini 30-33 faiz civarında qaldırıb. Tütün məhsulları da 20 faiz civarında bahalanıb. Özəlliklə yanacağın bahalaşması zəncirvarı reaksiya doğura bilər. Bütün bunların fonunda istər-istəməz bir başqa sual ortaya çıxır: Bəs büdcədə maaş, pensiya artımından nə xəbər var?

2014-cü ilin büdcəsində sənaye və tikintiyə daha çox vəsait xərclənəcək – 6 milyard 282 milyon manat. Sosial müdafiəyə – pensiya və sosial müavinətlərə 2 milyard, təhsilə 1 milyard 600 milyon, səhiyyəyə 725 milyon manat vəsait ayrılıb. 2013-cü illə müqayisədə cüzi artım var.

Dövlət büdcəsi layihəsi Milli Məclisdə müzakirəyə çıxarılarkən, deputatlar bir sıra təkliflər veriblər. Maliyyə naziri Samir Şərifov bəzi təkliflərin yaxın zamanda həyata keçirilməsini mümkünsüz sayır:


«Bəzi məsələlərin həllinə maliyyə mənbələri tapmaq nəinki 2014-cü ildə, hətta növbəti 3 ildə də mümkün deyil. Biz təhlil və saf-çürük etdikdən sonra hər bir məsələnin həlli yollarını axtarırıq. Hər bir layihə və irəli sürülən təklif üçün makroiqtisadi sabitliyin qorunmasını və büdcə dayanıqlığının təmin edilməsini əldə rəhbər tuturuq. Əminliklə bildirmək istəyirəm ki, 2014-cü ilin dövlət büdcəsi balanslaşdırılmış bir layihədir».


BÜDCƏDƏN XƏRCLƏNƏN PULLAR GERİ GƏLMİR...

Deputat İqbal Ağazadə təklif edir ki, hökumət yeni iqtisadi doktrina hazırlasın. Onun fikrincə, indiki doktrina Azərbaycan iqtisadiyyatını geriyə sürükləyir:


«Hökumət Azərbaycan iqtisadiyyatını düzgün təsnifatlandıra bilmir. Külli miqdarda pullar xərclənir. Dövlət büdcəsindən xərclənən 1 manat hətta 3 ildən sonra 10 qəpik gəlir gətirmir. Xərclənən pullar geri gəlmir. Bu, gələcəkdə hökumətin vəziyyətini pisləşdirə bilər.
İqbal Ağazadə
İqbal Ağazadə
Çünki neft gəlirləri azalır, qaz sektorundan daxil olan vəsait o qədər yüksək deyil. Məsələn, ötən il qazdan 300 milyon manat gəlir əldə olunub. Bu da Azərbaycan üçün elə də yüksək məbləğ deyil. Ona görə də hökumət yeni iqtisadi doktrina qəbul etməlidir. Çünki indiki doktrina ilə hökumət o qədər də uzağa gedə bilməyəcək. Hazırda pul var, bu pulu götürüb infrastruktur layihələrinə xərcləməklə davamlı, sabit, gələcəyi layihələndirə bilən iqtisadi inkişaf olmaz».


Milli Məclis 2014-cü ilin büdcəsini 100 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla noyabrın 22-də qəbul edib.

ƏDV 340 MİLYON DAHA ÇOX PROQNOZLAŞDIRILIR...

Şahbaz Xuduoğlu həmkarları ilə birgə kitab üzərindən ƏDV-nin götürülməsinə çalışır. Amma gələn il kitaba da, digər gündəlik mal və xidmətlərə görə də ƏDV ödənəcək. Hətta gələn ilin büdcəsində ƏDV-dən gələn gəlirin 340 milyon manat artırılması proqnozlaşdırılır:


«Biz kitab üzərindən ƏDV-nin götürülməsi uğrunda mübarizəmizi davam etdirəcəyik».


2014-cü ilin dövlət büdcəsi layihəsində vergi yığımlarının artırılması, vergidən yayınmaların qarşısının alınması, vergi borclarının azaldılması, dövlət torpaqlarının icarəsindən daxil olan vergilərin artırılması və digər tədbirlər nəzərdə tutulur. Ekspertlər bu addımı yüksək qiymətləndirirlər. Amma bir şərtlə: belə tədbirlər təkcə kiçik və orta sahibkarları deyil, ölkədəki iri biznesmenləri də əhatə edərsə.

XS
SM
MD
LG