Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:38

SOCAR nefti niyə Anar Əliyevin şirkətlərinə satdığını izah edir


Arxiv foto: SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrindən biri.
Arxiv foto: SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrindən biri.
-
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) – SOCAR ''Global Witness'' təşkilatının hazırladığı hesabatı “təhrif edilmiş və köhnəlmiş məlumatlar əsasında hazırlanmış” sənəd adlandırır.

Şirkət dekabrın 13-də yaydığı bəyanatında bildirir ki, neftin dünya bazarında satışı üçün iş adamı Anar Əliyevin verdiyi təkliflər daha səmərəli hesab olunaraq onunla əməkdaşlıq olunub. Şirkət bəyanatında ona verilən təkliflər sırasında niyə Anar Əliyevlə iş birliyinin seçilməsini bu cür əsaslandırır:

“ARDNŞ tərəfindən bu məqsədlə cəlb olunmuş təkliflər müvafiq qaydada təhlil edildikdən sonra biznes sahəsində uğurlu təcrübəsi olan və hələ 2000-ci illərin əvvələrindən ARDNŞ ilə əməkdaşlıq edən azərbaycanlı iş adamı Anar Əliyevin təklifləri ən səmərəli hesab edildi və sonradan, həqiqətən də, uğurla nəticələndi.

Belə ki, ARDNŞ-nin ilk treydinq şirkəti olan SOCAR Trading şirkəti (birgə müəssisə) təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə Lukoyl şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəyə malik Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi. Qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı.
Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.
Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.

Məlum olduğu kimi, uzun illər hər hansı mövcud brend qiymətlərdən aşağı satılan Azərbaycan nefti bugün Brent markalı neftdən üstün qiymətə və ən yüksək premyalarla satılır. Bu tərəfdaşlığın daha bir əhəmiyyəti ondan ibarət olub ki, SOCAR Trading təkcə Azərbaycan neftinin deyil, digər ölkələrin neftinin satışı üzrə də ixtisaslaşıb. Bu isə əlavə mənbələr hesabına gəlirlərin artırılmasına xidmət edib.

Yuxarıda qeyd edilən tərəfdaşların maliyyə yardımı və təqdim etdiyi aktivlər hesabına SOCAR Trading şirkətinin neft bazarları olan dünyanın müxtəlif ölkələrində ixtisaslaşmış şəbəkəsi fəaliyyət göstərir.

Beləliklə, bu sahədə ixtisaslaşmış beynəlxalq nüfuzlu şirkətlər üçün kifayət qədər riskli hesab edilən belə bir birgə müəssisənin yaradılması sonradan böyük uğurla nəticələndi. Buna baxmayaraq, onlarla əvvəlcədən əldə olunmuş razılığa əsasən uzun müddət (5 il) layihədən hər hansı divident ödənilməyib və bundan sonra birgə müəssisənin səhmləri ARDNŞ-yə ötürülüb.”

ARDNŞ daha sonra “Global Witness” təşkilatını özünün işgüzar nüfuzuna xələl gətirən məlumat yaymaqda ittiham edərək qurumu məhkəməyə vermək hüququnu özündə saxladığını qeyd edir:

''Global Witness'' təşkilatının yaydığı bu “Hesabat” qeyri-obyektiv, məqsədli şəkildə ARDNŞ-nin artan işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığından həmin təşkilatın bu hərəkətini pisləyir. Şirkət öz əməliyyatlarında şəffaflığı təmin etmək üzrə qərarlı olduğunu bir daha bəyan edir. Bununla yanaşı, ARDNŞ işgüzar nüfuzunun müdafiəsi üçün hüquq prinsiplərinə uyğun olaraq ''Global Witness'' təşkilatına qarşı zəruri hüquqi tədbirlər görmək, o cümlədən məhkəməyə müraciət etmək hüququnu da özündə saxlayır.”

SOCAR-ın bəyanatının tam mətni ilə burada tanış ola biləsən.

Londonda mənzillənən və Azərbaycan neftinin kimə və necə satılmasını araşdıran «Global Witness» qeyri-hökumət təşkilatı dekabrın 10-da yayılan hesabatında qeyd edirdi ki, SOCAR Anar Əliyev adlı gənc biznesmenin yaratdığı şirkətlərlə 50-yə yaxın sövdələşmə aparıb. Bunlardan yalnız birindən – Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan «Socar Trading SA» şirkətindən Anar Əliyevin qazancı 100 milyon dolları aşıb.

Hesabat yayılandan sonra SOCAR rəsmiləri 35 yaşlı iş adamı Anar Əliyevi tanımadıqlarını demişdilər.

SOCAR-ın Anar Əliyevlə mürəkkəb biznes əlaqələri haqqında hesabatını ətraflı burada oxuya bilərsən.

Hələlik “Global Witness”-in SOCAR-ın son bəyanatına hər hansı reaksiyası yoxdur.
XS
SM
MD
LG