Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:30

Yeni tikililərin qaz problemi [Video]


Xalq artisti də qazsız qalıb
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Xalq artisti də qazsız qalıb

-
«Adını qoyub yeni tikili, prezident də sərəncam verib ki, qaz verilsin. Niyə verilmir? Səbəb nədir?». Bunu deyən Bakıdakı bir yeni tikilinin sakinidir. Binəqədi rayonunda, «Olimp» Mənzil-Tikinti Kooperativinin (MTK) inşa etdiyi binanın sakinləri yanvarın 8-də etiraz aksiyası da keçiriblər. Onlar binaya qaz verilməməsindən şikayətçidirlər.

BİRİNCİ MƏRTƏBƏDƏ QAZ VAR...

«Harada görünüb ki, yaşayış binasının birinci mərtəbəsində – obyekt kimi işlədilən yerində qaz olsun, yuxarı mərtəbələrdə yox? Sabah partlasa, nə olacaq?». Sakinlərdən Pərviz Namazov AzadlıqRadiosuna belə deyib.

Bina sakinləri qaz çəkilməsi üçün hər ailədən 320 manat alındığını, ancaq qazdan soraq çıxmadığını söyləyiblər.

«Olimp» MTK-nın yaşayış kompleksi Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. MTK-nın komendantı Fazil Xəlilov yanvarın 8-də «Bizim Yol» qəzetinə deyib ki, binada 2007-ci ildən sakinlər yaşasa da, tikinti işlərinin, əslində, 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Meydana çıxmış maliyyə problemlərinə və bəzi sənədləşmə işlərinə görə tikinti bir qədər yubanıb. Xəlilovun sözlərinə görə, bəzi vətəndaşların kirayədə qalması və maddi sıxıntıları nəzərə alındığından, 2007-ci ildə onların öz mənzillərinə köçməsinə icazə verilib:

«Görünür, səhv etmişik. Gərək işlər yekunlaşmayınca, binanın məskunlaşmasına icazə verməyəydik.
Qaz sayğacı
Qaz sayğacı
Belə olsaydı, indi MTK ilə sakinlər arasında bu cür fikir ayrılığı yaranmazdı».

«Olimp» MTK-nın yaşayış kompleksi qazsız yeganə çoxmərtəbəli bina deyil. Qışın soyuğunda mənzillərini elektrik enerjisi ilə isidən, naqillər tab gətirməyib qısa qapanma törətdiyindən soyuqdan tir-tir əsən uşaqlı ailələrin sayı yüzlərlədir.

SƏNƏDLƏR TOPLUSU TƏQDİM OLUNMALIDIR

«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev AzadlıqRadiosuna deyir ki, yaşayış binalarının qazlaşdırılması üçün lazım olan sənədlər toplusu MTK sahibi tərəfindən toplanaraq «Azəriqaz»a təqdim olunmalıdır. Bu sənədlərə layihə-smeta sənədlərinin əsli, tikinti işlərini aparmış şirkətin lisenziyasının surəti, xarici və daxili qaz kəmərlərinin istismara qəbul aktları və s. daxildir. Qaz kəmərlərinin tikinti pasportları (layihədə nəzərdə tutulubsa, qaztəmizləyici qurğunun tikinti pasportu), məişət qaz sayğaclarının mənzillər üzrə siyahısı olmalıdır:

«Hər bir MTK sahibi inşa etdiyi binanı tam hazır vəziyyətdə, mülkiyyəti təsdiqləyən sənədlə satmalıdır. Ancaq reallıqda bunun əksini görürük. Bina sahibləri qaz xətlərini çəkmir, sayğacları quraşdırmırlar. Onlar sakinlərin haqlı iradlarından yayınmaq üçün günahı başqa qurumların və «Azəriqaz» İstehsalat Birliyinin üzərinə yönəldirlər».

Həbib Ocaqov
Həbib Ocaqov
Hələ bir neçə ay əvvəl «Azəriqaz» bəyanat yaymışdı ki, MTK sahibləri qaz xətlərini çəkmədiyinə, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün diqqəti yayındırmağa çalışırlar. Qurum istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz verilməsində maraqlı olduğunu bəyan edib.

TƏLƏSİK KÖÇ

«Fövqəl» Assosiasiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Həbib Ocaqov vurğulayır ki, yeni tikilən binada bütün mühəndis qurğuları, qaz, işıq, kanalizasiya, isitmə xətləri çəkiləndən sonra bina aktla qəbul olunur. Ancaq mütəxəssisin fikrincə, sakinlər binaya köçməyə tələsməməlidir:

«Təəssüflər olsun ki, bizdə belə deyil. Adamlar özləri tələm-tələsik köçürlər ki, qalmağa yerim yoxdur. Binanın tam hazır olmasını gözləmək lazımdır».

Həbib Ocaqov əks halda partlayışları, qəzaları istisna etmir.

«Azəriqaz» İstehsalat Birliyi bildirir ki, ötən il 149 çoxmərtəbəli bina qazla təmin olunub. Məlumata görə, qaz verilməzdən əvvəl gərəkli sənədləri təqdim edilib. 149 bina ümumilikdə 30 min 374 mənzil deməkdir. 2012-ci ildə isə 60 çoxmərtəbəli binaya qaz verilmişdi.
XS
SM
MD
LG