Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:25

İsmayıllı məhbuslarının valideynlərinə avtobus xidməti dayandırıldı...


Məhkəmənin önünə toplaşan insanlar
Məhkəmənin önünə toplaşan insanlar
-
Yanvarın 21-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs olunanların məhkəməsi şahid ifadələri ilə davam edib.

Günün birinci yarısında İsmayıllıdan olan 22 nəfər şahid dindirilib. İfadə verənlər əsasən hadisələrin baş verdiyi ərazidə yaşayan və işləyən adamlar olub.

İsmayıllıdan Şəkiyə polisin müşayəti ilə gətirilən şahidlər məhkəmədə istintaqa verdikləri ilkin ifadələrdən fərqli bir söz deməyiblər.

Azadlıq Radiosunun məhkəmə önündə olan müxbiri Elçin İsmayıllı:

«Həmin şahidlərin bəziləri hadisələrin baş verdiyi ərazidə yaşayanlar, həmin vaxt ərazidən keçənlər, ətraf mağazalarda işləyənlər olublar. Onların da əksəriyyəti bildirib ki, biz səs-küyə çıxmışıq. Bəziləri dedi ki, bizim iş yerimiz həmin əraziyə yaxın olduğu üçün hadisələr gözümüzün qabağında olub. Əksəriyyəti bildirir ki, həmin vaxt hadisə yerində çox adam olsa da, qaranlıq olduğundan məhkəmə zalında oturanları orda görməyiblər».

«MAŞINDAN ÇIXIB CAMAATI NALAYİQ İFADƏLƏRLƏ SÖYMƏYƏ BAŞLADI»

Şahidlərdən Şöhrət Nəzərov ifadəsi ilə bağlı bunları bildirib:

«Birinci hakim məndən soruşdu ki, təqsirləndirilən şəxsləri tanıyırsanmı? Dedim hamısı rayon uşaqlarımızdır və onları tanıyıram. İki nəfər var idi, küncdə oturmuşdular, onları mən tanımadım. Sonra hakim hadisələrin necə baş verdiyini soruşdu. Mən həmin yerdə mağazada işlədiyimdən hər şey gözümüzün qabağında olub. Bir xarici maşın gəlib bizim mağazanın qarşısında dayanan «Jiquli 2107» markalı avtomobili vurdu. Sonra səkiyə çıxdı və bir az da gedib elektrik dirəyini aşırdı. Sonra maşından çıxıb camaatı nalayiq ifadələrlə söyməyə başladı. Sonra «07»nin sürücüsü Elnuru vurdu, biz Elnuru mağazaya apardıq, tibbi yardım elədik, xəstəxanaya göndərdik. Ondan sonra getdik evə. Hakim daha sonra hadisələrin səhəri günü harda olduğumu soruşdu, dedim işdə olmuşam».

«DURUM YALANDAN NƏ BASIM BAĞLAYIB Kİ...»

Digər şahid Yusif Salamov da deyir ki, o da həmin vaxt gördüklərini danışıb:

«Nə görmüşdüm onu danışdım, artıq durum yalandan nə basım bağlayıb ki...».

Günün ikinci yarısı məhkəmə İsmayıllı polisinin bir neçə əməkdaşı və 10-a yaxın mülki şəxsin şahid ifadələri ilə davam edib.

Azadlıq radiosunun müxbiri Elçin İsmayıllı:

«Amma polislərin gəldiyi avtobusda daha iki nəfər var idi. Onların kimliyini heç cür dəqiqləşdirə bilmədik. Özü də onlar xeyli müddət idi avtobusda oturmuşdular. Hakimin dəvətindən sonra polislər onları tez-tələsik məhkəmə zalına aparıldılar».

İCRA HAKİMİYYƏTİNİN AVTOBUS XİDMƏTİ DAYANDIRILDI...

Elçin İsmayıllının verdiyi məlumata görə, indiyə qədər hər prosesə icra hakimiyyətinin ayırdığı avtobusla gedib-gələn təqsirləndirilən şəxslərin yaxınları bu dəfə həmin xidmətdən istifadə edə bilməyiblər:

«Məhkəmə başlanan gündən icra hakimiyyəti valideynləri və təqsirləndirlən şəxslərin yaxınlarını aparıb-gətirmək üçün avtobus ayırmışdı. Bu gündən həmin avtobus ləğv edilib. Araşdırmalarımızdan aydın oldu ki, icra hakimiyyətinə Bakıdan belə göstəriş verilib. Deyilib ki, onlar hansı müsbət iş görüblər ki, onların yaxınlarına avtobus ayrılır. İcra hakimiyyətindəki adının çəkilməsini istəməyən mənbəmiz bunu təsdiq etdi».

Məhkəmə yanvarın 22-də davam edəcək.

2013-CÜ İLİN YANVARINDA İSMAYILLIDA BAŞ VERƏNLƏR

2013-cü il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG