Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

Qan Turalı dəstəbazlıq ittihamını rədd edir (Debat)


Qan Turalı
Qan Turalı
-

Əkrəm Əylisli:

- O vaxt Süleyman Rəhimovun ətrafında bir qrup vardı, bir qrup Rəsul Rzanın tərəfində idi, bir qrup da Səməd Vurğunun ətrafına yığışmışdı. Bu qruplar o vaxt böyük oyunlarla məşğul idilər, indiki kimi cılız oyunla məşğul olmurdular.



Azərbaycan ədəbiyyatında gənc yazıçıların önünü kəsən əsas maneələr nədir?

Sovet dövrü ədəbiyyatımızdan bizə dəstəbazlıq, qohumbazlıq, yerlibazlıq miras qalıbmı?

Sovet dönəmindən bəri çoxmu şey dəyişib?

Bu mövzunu «Pen Klub»da bloqqer Rəşad Babalı, gənc yazıçı Rüfət Əhmədzadə, kulis.az saytının redaktoru Qan Turalı, yazıçılar Əkrəm Əylisli və Vaqif Nəsib müzakirə edirlər.


Rüfət Əhmədzadə

- Bu elə geniş bir məsələdir ki, bilmirəm hardan başlayım. Bilirsiniz, bizdə təkcə yerlibazlıq, dəstəbazlıq məsələləri yoxdur, həm də “bu adam məni dəstəkləyirmi, mənim sözümü deyirmi, yaxud bizim maraqlarımıza uyğundurmu, bizim kəndimizdən olmasa da, qonşu kəndimizdəndirmi - deyə sual verib sonra onun işinə qiymət verirlər.

Amma, digər tərəfdən, məncə, baxışları üst-üstə düşən yazarların eyni qruplaşmada birləşməsi normaldır, Türkiyədə də, Qərbdə də belələri var. Solçu, sağçı, millətçi yazarlar var. Məsəlçün, mən ideologiyama görə milli kəsimin yanında yer alsam da, məndən soruşurlar ki, sən solçusan? Sən solçu olanda mən səni oxuyaram. Bir də səninlə yeyib-içən rumka dostlarına da başqasına nisbətən daha çox dəstək verəcəksən... (ardı aşağıda)

soldan sağa: Rəşad Babalı və Rüfət Əhmədzadə
soldan sağa: Rəşad Babalı və Rüfət Əhmədzadə


Rəşad Babalı

- Mən deyərdim, bizdə daha çox “kruqbazlıq” var. Mən bloqlarımda müxtəlif mövzularda yazıram, daha çox öz bloqumda çap etməyə üstünlük verirəm. Amma məsəlçün, müxtəlif saytlara, redaksiyalara göndərəndə yazımı çap etmirlər. Bu yaxınlarda AYO-yla bağlı bir tənqidi yazı yamışdım. Orda AYO-nun müxtəlif yazarlarını, xaricə gedənlərini, burdakılarını, fəaliyyətsizliklərini tənqid etmişdim. Mən bunu “kultura.az” saytına göndərdim, təbii ki, getmədi, gedə də bilməzdi.

Səadət A.

- Siz niyə məhz bu cür yanaşırsınız, bunu qrupbazlıq hesab edirsiniz? Yazı da zəif ola bilərdi.

Rəşad B.

- Müəyyən saytlar var ki, mən prinsip olaraq onlara yazı vermirəm. Hakimiyyətin maliyyələşdirdiyi mediaholdinqlərə daxil olan saytlara yazı vermirəm. Bir neçə dəfə cəhd etmişəm, məsəlçün yeni açılmış saytların birinin rəhbərinə etibar etdiyim üçün ora göndərdim yazımı, sadəcə müəyyən mənasız səbəblərə görə yazım saytda getmədi. Sevindim ki, getmədi. Onlara prinsip olaraq göndərmirəm. Digər tərəfdən də, özümə yaxın bildiyim, daha çox azad fikirli bir kəsimin saytına göndərdim, orda da getmədi. O ki qaldı zəifliyə, mən yazılarım barədə bir neçə ciddi adamlardan mövqe almışam, dedilər ki, çox gözəl yazıdır.

Adətən bizdə ədəbiyyatla bağlı bir ədəbiyyat saytı, yaxud xəbər saytı açılır, orda kimsə bunların rumka dostu deyilsə, kimsə nə vaxtsa bunları tənqid edibsə, həmin adamın yazıları getmir. Qruplaşma var, nifrət-kin yaddaşları güclüdür.

Səadət A.

- Amma bu sayt çap etmirsə, başqa birisi var. İndi ədəbiyyat sahəsində çoxlu saytlar var.

Rəşad B.

- Mən deməzdim ki, çoxlu saytlar var. Çoxu özfəaliyyət saytlarıdır. Ədəbiyyat deyil, ədəbiyyat ən azı bir müzakirədir. Yaxud da kulis.az-dakı yarışma ilə bağlı deyim. İlk iki yeri APA holdinqə daxil olan medi qurumlarında işləyən iki nəfər tutdu. Halbuki, normal qaydalarla hər-hansı bir qurum yarışma keçirəndə o yarışmanın əsas şərtlərindən biri o olmalıdır ki, bu qurumda işləyən heç kim yarışmada iştirak edə bilməz.
Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- Bu, müsabiqənin şərtlərində vardımı?

Rüfət Ə.

- Kulis.az-ın ştatda olan əməkdaşları müsabiqəyə əsər verməmişdi. Orda ştatda dörd əməkdaş var səhv etmirəmsə. Qalanları ştatdankənar əməkdaşlıq edən şəxslər idi.

Səadət A.

- Burda ştatlı işçidən və əməkdaşlıq edəndən söhbət gedir. Bir ölkədə çoxlu ədəbiyyatçı ola bilər, müəyyən miqdar ədəbiyyatçı olar və sayt onları çox faizi ilə əməkdaşlıq edə bilər.

Rəşad B.

- Bu, böyük səs-küy yaratdı. Əsas irad o idi ki, niyə ilk iki yeri həmin əməkdaşlar tutdu. Tək bu deyil, məsəlçün, Azərlotereyanın qaydalarından biri budur ki, bu qurumda işləyən heç kəs, lotereyada iştirak edə bilməz, hətta işləyənlərin ailə üzlərinə belə bu icazə verilmir. Yarışmalarda ana prinsip budur.

Rüfət Ə.

- Üzr istəyirəm, mən bu müsabiqədə üçüncü yeri tutmuşam, birdən dostlar elə bilərlər ki, bu məsələdə hansısa ittihamla çıxış edirəm. Deyim ki, APA holdinq böyük şirkətdir. Burda şirkətin ştatda olan işçiləri də var, saytla əməkdaşlıq edənlər də var və bu müsabiqəyə qatılan, səs verən yazarların çoxu “Kulis”də yazıları çıxan, əməkdaşlıq edən yazarlar idi. Mənim də ondan əvvəl “Kulis”də iki yazım çıxıb. Amma yeganə “Atdılar” hekayəm idi ki, göndərəndən on beş dəqiqə sonra çıxdı.

Səadət A.

- Rüfət bəyin yazıları çıxıbsa əməkdaş hesab olunurmu? Siz bu yarışmanı nəyin ayağına yazırsınız, dəstəbazlığınmı?

Rüfət Ə.

- Dəstəbazlıq bilirsiniz harda göründü, səsvermələrdə. Aamma mən hər kəsin başına tapança dirəməmişdim ki, mənə səs ver.

Səadət A.

- İndi söhbətimizə yazıçı Vaqif Nəsib qoşulub. O, sovet dövründə Azərbaycan ədəbiyyatında belə halların olub-olmamasından danışacaq. Görək o dövrdə belə şeylər olubmu, o dövrdən indiyə mirasmı keçib bu şeylər? Vaqif bəy o vaxt yerlibazlıq, qohumbazlıq yeni yazanların qarşısını kəsibmi?

Vaqif Nəsib

- Azərbaycan yalandan sosializmə gəlmiş, feodal köklü bir respublikadır. Sovet dövrünün ədəbiyyat sahəsində sərt qanunları vardı. O zamanlar “Qlavlit” deyilən bir qurum vardı. KQB-nin xüsusi möhürü olmasaydı, bir kitab, bir əsər çap ola bilməzdi. İkincisi, Leninin çox iyrənc bir tərifi vardı ədəbiyyat haqda – deyirdi ki, ədəbiyyat partiya işinin mühüm bir hissəsi, partiya işinin hərəkətverən qüvvəsi, təkərciyi və vintciyi olmalıdır. Ona görə də kitablara ən yüksək qonorar verirdilər, çünki sən təbliğatın bir hissəsi kimi rol oynayırdın. Üstəlik onu deyim ki, mən “Gənclik” nəşriyyatında uzun müddət baş redaktor işləmişəm. Hər hansı bir kitab ən axırda Mərkəzi Komitədə təsdiq olunurdu, orda təsdiq olunmasa, kiçik bir broşura da çap edə bilməzdin. Nəşriyyat kitabı çap edənə qədər aşağı instansiyada üç rəyçiyə gedirdi, rəyçilər hörmətli professorlar, alimlər, yazarlar olurdu.

Səadət A.

- Onlar rəy verərkən dostbazlıq, yerlibazlıq edirdilərmi, yoxsa əsərlər yalnız ədəbi meyarlarla qiymətləndirilirdi? Bilirik ki, sovet vaxtı məsələn, Qazaxdan olan xeyli yazıçılarımız olub.

Vaqif N.

- Sovet dövründə cəmi bir neçə ədəbi orqan vardı. Burda çap olunmaq böyük bir qəhrəmanlıq idi, özü də Yazıçılar Birliyinin cəmi 250-300 üzvü vardı. Burda çap olunmaq olduqca məsuliyyətli bir iş idi, hər şey göz qabağında idi, birdən-birə gətirib bir çoban yazıçını ora çıxartmaq mümkün deyildi. Fərqi yoxdur kimin adamı olsun. O dövrdə Moskvada Qorki institutunu fərqlənmə ilə bitirmiş Əli Kərim ancaq “Azərbaycan” jurnalında ədəbi işçi vəzifəsini tuta bilmişdi. (ardı aşağıda)

soldan sağa: Rəşad Babalı və Rüfət Əhmədzadə
soldan sağa: Rəşad Babalı və Rüfət Əhmədzadə


Səadət A.

- Vaqif bəy, əgər dediyiniz porblemlər olmayıbsa, Azərbaycan ədəbiyyatına dostbazlıq, yerlibazlıq problemləri hardan gəlib?

Vaqif N.

- Sovet dövründə Səməd Vurğun, Mehdi Hüseyn Yazıçılar Birliyinin sədri olduğu vaxtda Qazaxdan ədəbiyyata kim gəlib? İsmayıl Şıxlı gəlib, Vidadi Babanlı gəlib, İsa Hüseynov gəlib. Bunlar tanışbazlıqla, dostbazlıqlamı gəliblər? Bunlar ədəbiyyatda mövqeyi olan adamlar idilər. Başqa birini deyin də, nə cür gələ biliblər?

Səadət A.

- İndi telefon xəttində Kulis.az-ın rəhbərliyindən Qan Turalı var. İstədik ki, o da qoşulsun müsabiqə ilə bağlı fikrini bildirsin. Sizin müsabiqənizlə bağlı burda fikir səsləndi ki, mükafatları əməkdaşlarınız alıb. Deyirlər bu, müsabiqə nəticələrinə kölgə salır, daha çox dostbazlıq prinsipiylə qiymətləndirirlər bunu. Studiyamızda Rəşad Babalı bunu dedi, Facebook-da da bununla bağlı eyni yanaşmalar var.

Qan Turalı

- Facebook sosial şəbəkəsinin bir milyon üzvü var, Azadlıq Radiosu sosial şəbəkələrdəki hansısa bir rəylə bağlı nüfuzlu bir jurnalın redaktoruna sual verməməlidir. Əgər ictimai rəyə yerimiş bir fikirdirsə bu başqa. O ki, qaldı konkret məsələyə, Azadlıq Radiosu da vaxtilə müsabiqə keçirmişdi, orda radionun öz əməkdaşı Abbas Atilay da mükafat almışdı". Bu cür presedent Azərbaycan mətbuatında, Azərbaycan müsabiqələrində kifayət qədər yayılıb. Bizdə müsabiqənin səsverməsi şəffaf keçirilib. Səsvermənin nəticələri, kimin-kimə səs verdiyi, kimin qalib gəldiyi də açıq şəkildə elan olunub.

____
*Azadlıq Radiosunun keçirdiyi "Ədəbi Azadlıq" müsabiqəsinin ilk ilində ştatlı işçilərin iştirakına qadağa olsa da, ştatdankənar işçilərin qatılması həqiqətən də mümkün idi, amma sonrakı ildən bu da qadağan edildi. Fotoqraf Abbas Atilay müsabiqəyə qatılsa da, mükafatçı olmayıb (Oxu zalı).

Səadət A.

- Müsabiqənin şərtində əməkdaşların müsabiqədə iştirak etməməsi ilə bağlı bir şərt vardımı?

Qan Turalı

- Xeyr, müsabiqənin şərtində belə bir məhdudlaşdırma yox idi. Xüsusi vurğulamaq lazımdır ki, kulis.az Azərbaycanın internet jurnalıdır, Azərbaycan ədəbiyyatının, jurnalistikasının əksər əməkdaşları burda bədii mətnlərlə iştirak edirlər. Ona görə biz burda hansısa qadağa qoysaydıq ədəbiyyatımızın çox ciddi bir hissəsini müsabiqədən kənarlaşdırmalıydıq. Biz hətta yaşlı nəsildən olan yazıçıların, Afaq Məsud, Elçin Əfəndiyev kimi yazarların əsərlərini birbaşa çap edən bir jurnalıq. Belə çıxır ki, bu müsabiqə keçirilirsə onlara da aid olunmamalıydı. Bu cür ittihamları son dərəcə qeyri-ciddi hesab edirəm.

Rüfət Ə.

- Mən tutduğum yerdən, nəticədən razıyam, düzdür birinci yerə iddialıydım, amma heç kimin haqqını yeməmişəm. Amma Tural bəy məndən incisə də şərtlərlə bağlı düşünürəm ki, orda xeyli əlavə şərtlərə ehtiyac vardı. Məhdudlaşdırmalara ehtiyac vardı. Yalnız işçilərin müsabiqədə iştirakı məsələsindən danışmıram, hekayələrlə bağlı da məhdudlaşdırmalardan danışıram. Məsəlçün “Maçı ver” sözünü hekayə kimi müsabiqəyə buraxıblar.

Rəşad B.

- İstəyirəm Vaqif bəyin bir sözünə münasibət bildirim. O deyir ki, sovet dövründə yerlibazlıq yox idi, amma məncə vardı. Mən bunu bilirəm ki, yaşlı nəsil o vaxt iki hissəyə bölünmüşdü Qarabağ qrupu – bura Füzuli, Cəbrayıl, Qubadlı qruplaşması, bir də Qazax, Ağstafa qrupu. Feodallıq ədəbiyyatda yoxa çıxmayıb, indi də var. İndi də fəlsəfədən danışan, müasir geyimli amma mağara təfəkkürlü xeyli adam var. İllər əvvəl onlara qarşı bir söz deyibsənsə, onun kinini saxlayırlar. Tural bəy məni yaxşı tanıyır, müəyyən şeylərə görə tanımadığını deyir. Azərbaycan məkanında ciddi ədəbiyyat saytı təəssüf edirəm ki, bir neçə dənədir. Onlarda da ciddi dəstəbazlıq var. Bunlarda ən ciddi problem odur ki, insanlar yazılan yazılara öz prizmalarıyla yanaşırlar. Hətta deyirlər mənə yox, məni ikinci, üçüncü, dördüncə dərəcədən belə tənqid edibsə, onun yazısı getməməlidir.

Vaqif N.

- Mən bir şeyi deyim ki, sovet dövründə ədəbiyyat partiyanın, senzuranın dairəsi arasındaydı. Mehdi Hüseyn istəsəydi də ora gücü çatmazdı. O özü bəzi əsərlərini zorla senzuradan keçirirdi. Əgər axıra yaxın senzura zəifləməsəydi, İsmayıl Şıxlının “Dəli Kür”ü senzuradan keçməyəcəkdi. Orda ancaq istedadlı adamlar, istedadlı əsərlər yazırdılar.

Səadət A.

- Bəs bu gün Azərbaycan ədəbiyyatında belə problemlər görürsünüzmü?

Vaqif N.

- Azərbaycan ədəbiyyatı bu saat başdan-ayağa problem içindədir. O dəstəbazlıq, dostbazlıq hamısı indi var. Hətta Azadlıq Radiosu özü də bir kiçik hekayə müsabiqəsi keçirmişdi, ora mən də bir kiçik hekayə yollamışdım, heç birinci turdan keçmədim. Sonradan bu hekayə başqa yerdə çap olundu və ədəbi tənqidçilər tərəfindən yaxşı qarşılandı. Orda elə münsiflər var ki, bəzən Nizaminin “Xəmsə”si də ordan keçməyə bilər.

Səadət A.

- Siz dəstəbazlığı ancaq müsabiqələrə aid edirsiniz?

Vaqif N.

- Bu dəqiqə Yazıçılar Birliyi bir növ anarpərəstlərin ocağıdır. Anara münasibəti olmadan ora nə adam götürülür, nə də bir yazısı çap olunur. Özü də vaxtilə AYB-yə üzv olmaq çətin idi, indi Anarla bir balaca münasibəti olan adamlar ora üzv olurlar, ölkənin yarısını ora üzv ediblər. İndi ədəbiyyatda heç bir meyar yoxdur. Vaxtilə AYB-nin qurultayı dörd ildən bir olurdu, üç gün çəkirdi. Bütün hökümət başçıları orda iştirak edirdi. Dörd ildən bir ədəbiyyat tənzim olunurdu o qurultayda. İndi gör qurultay nə qədər formal bir şeyə çevrilib ki, 6-7 ildir keçirilmir. Halbuki, bu dəqiqə heç Yazıçılar Birliyinə ehtiyac yoxdur, çünki ədəbiyyat tənzim olunmur. Nəşriyyatlar pulludur, kimin pulu varsa 15 cildliyini buraxdırır. Oxuyan da yoxdur.

Əkrəm Əylisli
Əkrəm Əylisli


Səadət A.

- İndi Əkrəm Əylisli telefon xəttindədir. Əkrəm bəy, siz bir neçə dəfə müsahibənizdə qeyd etmisiniz ki, burda əsərinizi çap etməyiblər, Moskvada çap edəndən sonra Azərbaycanda da dərc olundu. Vaqif Nəsib bildirir ki, sovet dövründə ancaq senzuradan keçmək lazım idi, kiminsə qohumu olmaq heç nəyi həll etmirdi. İstərdim sizdən həm sovet dövrünün, həm bu günün vəziyyətini soruşam.

Əkrəm Əylisli

- Dəstəbazlıq, dostbazlıq Yazıçılar İttifaqının xarakterində olub, onun həyat tərzi olub. Xüsusilə altmışıncı illərdən sonra daha güclü olub. Orda qrup-qrup adamlar olub, bu faktdır, bunu hamı bilir. İndi söhbət bundadır ki, indi də dəstəbazlıq var. Dəstəbazlıq milli keyfiyyətdir, bu keyfiyyətdən uzaqlaşmaq çətindir. İndi Türkmənistan yadıma düşür, mən orda bir müddət işləmişəm, orda da dəstəbazlıq vardı, Moskvanın özündə də vardı. Bəli, mən o fikri demişəm ki, məni Moskva çap etməsəydi, Bakıda mənim çap olunmağım çox çətin məsələydi. Gəlin sovet dövrünü bütöv bir dövr kimi götürməyək, o özü müəyyən dövrlərə bölünür. Altmışıncı illərdə Moskvada çox sağlam, çox canlı bir mühit vardı. Onlar əldə çıraq, respublikalardakı yazıçıları axtarırdılar. Moskvanın marağı vardı ki, respublikalardakı yeni ədəbiyyatı təbliğ edib üzə çıxartsınlar, bunu özlərinə şərəf bilirdilər.

Səadət A.

- Əkrəm bəy, bəs bu gün Azərbaycan ədəbiyyatında bu kimi hallar varmı. Hansısa yazarın əsəri müzakirəyə çıxardılanda onun sənət əsəri olması müzakirə edilir, yoxsa yerlibazlıq, dostbazlıq maraqları nəzərə alınır?

Əkrəm Əylisli

- O vaxt AYB-də dostbazlıq professional səviyyədə, səriştəli səviyyədə vardı. İndiki kimi bədii özfəaliyyət deyildi. İndiki dostbazlıq, dəstəbazlığın söykəndiyi yerlər çox laxdır. O vaxt Süleyman Rəhimovun ətrafında bir qrup vardı, bu nəhəng bir adam idi. Onun qrupu nə isə bir iş görə bilərdi. O zamanlar bir qrup Rəsul Rzanın tərəfində idi, bir qrup Səməd Vurğunun ətrafına yığışmışdı. Bu qruplar o vaxt, böyük oyunlarla məşğul idilər, indiki kimi cılız oyunla məşğul olmurdular. Amma indikilər cılız oyunlarla məşğul olurlar. Mən onlarınkına dəstəbazlıq da deyə bilmərəm, buna ancaq tərəfkeşlik deyərəm. Sovet dövrüylə müqayisədə bu belədir. O vaxtkı - çox qəliz, güclü, vahiməli məsələydi. İndi isə - dəstələrin nə vahiməsi var, nə də elə bir təsiri var. Bunlar yığışıb kimisə vəzifəyə qoya bilər? Yox eləyə bilməz. İndi bunu edən başqa qüvvələr var. İndi yuxarıdan rəğbət olmasa heç kəs gedib ciddi bir vəzifədə otura bilməz.
XS
SM
MD
LG