Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Tovuzun sərhəd kəndlərində gərginlik davam edir


Atışma gedən yüksək təpəliklər
Atışma gedən yüksək təpəliklər
-
Tovuzun sərhəd kəndlərə aparan buzlu, kələ-kötür yollarında təkəm seyrək maşın və adam görünür. Yol boyu görünən «sərhədçi evlər»in nə dam örtüyündə sağlam yer qalıb, nə də divarlarında. Güllə izlərini hansı evə baxsan görmək olur.

Tovuzun cəbhə xəttindən cəmi 300 metr məsafədə olan Koxanəbi kəndinin sakinləri deyirlər ki, son 2 gündə ən qorxulu gecələrini keçiriblər.

«BU GECƏ SABAHA QƏDƏR UŞAQLAR AĞLAŞIB»


Ermənistan silahlı qüvvələrinin postunun yerləşdiyi yüksəkliyin ətəyindəki ən yaxın evin sakini Gülşən Abbasova deyir ki, 1 həftədir evdən bayıra çıxa bilmirlər:

«Bu gecə sabaha qədər uşaqlar ağlaşıb. Dam örtüklərimizin birində salamat yer qalmayıb. Biz nə vaxtadək belə yaşayacağıq? Kimə də deyirik, deyirlər elə yaşamalısınız, gedin yaşayın. Əkin əkməyə imkan vermir, ot biçə bilmirik».

SÜRÜCÜLƏR AVTOMOBİLİN İŞIĞINI SÖNDÜRÜB SÜRÜRLƏR

Kənddə bir hüzn, səssizlik var. Kəndin içərisinə bir avtomobil belə girə bilmir. Ötən gecəki alov yağışı hamını vahiməyə salıb. Sürücülər maşınları Koxanəbiyə bitişik Əsrik kəndinin sonunda qayalığın arxasında saxlayıb kol-kosun arxasında gizlənərək evə gedirlər.

Sakin Nəzifə:

«Gecə saat 12-dən başlayırlar, saat 2-3-ə kimi atırlar. Gündüz olanda heyvan sulamağa düşə bilmirik, çörək ala bilmirik. Vəziyyət ağırdır. Aynalar deşik-deşikdir. 10 gündür qorxulu atışma olur. Əvvəl atıb dayanırdılar. Maşınla kəndə çıxan kimi atırlar. Gözləyirlər qaranlıq düşsün, sonra işdən gücdən gələnlər evlərinə qayıdırlar».

Erməni postunun yerləşdiyi yüksəkliyin ətəyindəki evlər
Erməni postunun yerləşdiyi yüksəkliyin ətəyindəki evlər
ERMƏNİSTAN POSTLARIN SAYINI ARTIRIB...

Evlərdən yüksəkliyə boylananda qarşı tərəfin postu görünür. Düz təmas xəttinin qarşısında yaşayan sakin Məhəmməd deyir ki, əvvəl 2 dənə olan gözətçi postunun sayı son 10 gündə 5-ə çatıb:

«Son günlər 3 erməni postu artıb. Kəndin hər yerini tuta bilirlər. Elə bir ev qalmayıb ki, güllə dəyməsin. Bu gecəki qədər atışma olmamışdı».

Hərə ovcunda 5-10 ədəd boşalmış güllələri göstərir. Kənd sakini Nuranə də 3 körpə uşağı yatan gəlin otağından 4 ədəd boş güllə tapıb:

«Bax, bu gecə dağılıb (evdəki deşikləri göstərir-G R). Buna bax, 4 dənə gülləni bu gün axşam tapmışıq evdən. Bunların içi partlayırdı. Ucu yanan güllələrdir».

ƏLİBƏYLİ KƏNDİ...

Tovuzun başqa bir sərhəd kəndi də Əlibəylidir. Koxanəbi və Əlibəyli kəndlərini üzərində Ermənistan tərəfinin postları qurulmuş yüksək təpəliklər ayırır. Dəmiryolunun digər istiqaməti ilə üz tuturuq Əlibəyliyə...

Qarşıma çıxan ilk sakin «Bizə kömək edin» deyir...

Şəfayət Nağıyeva:

«Biz bu gecə sabahadək yata bilməmişik. Körpə uşaqlar yatağın altına girib, qorxudan əsib. Bu nədir belə? Biz yazıq deyilikmi? Yaşaya bilmirik. Bizə kömək edin. Qorxu içində yaşayırıq».

Bu qədər mübarizədən keçmiş sakinlər indi kəndi tərk etmək istəyirlər.
Bu qədər mübarizədən keçmiş sakinlər indi kəndi tərk etmək istəyirlər.
QAPISI BAĞLI EVLƏR...

Əlibəylidə əksər evlərin qapısı bağlıdır. Sakinlər kəndi tərk etməsələr də, atışma dayananadək qadınları və uşaqların əksəriyyətini aşağı kəndlərdə olan qohum və tanışların evinə yerləşdiriblər.

Əlibəylidə vaxtilə döyüşçü olmuş Cavad deyir ki, bu qədər mübarizədən keçmiş sakinlər indi kəndi tərk etmək istəyirlər. Səbəb qorxu deyil:

«Danışırlar ki, bu dözümün, kəndi qorumağın qarşısında onlara heç bir güzəşt olmur. Son illər kənddə mavi yanacağa və enerjiyə görə qoyulan sayğaclar onların güzəranını daha da pisləşdirib. Sakinlər sual edirlər ki, hökumət bu sərhəd sakinlərinə işıq-qaz pulu ödəyə bilməzmi?».

«BİR DƏFƏ GƏLİB HÖKUMƏTDƏN KİMSƏ YOXLAMAYIB Kİ...»

Başqa bir sakin:

«Kənd boşalıb, hamı arvad uşağın götürüb gedib. Kənddə qadın-uşaq azdır. Biz kəndi boşaltmaq istəyirik. O qədər bizi sındırdılar ki, heç kim burda qalmaq istəmir. Hərbçilər deyir, axşam yenə atışacaqlar. Atışmanın bizim kəndə heç bir xeyri yoxdur. Evlərimiz dağılır. Camaatın bir əlacı qalıb ki, kəndi tərk edib getsinlər. Bir dəfə gəlib hökumətdən kimsə yoxlamayıb ki, hara güllə dəyir, hansı ev dağılıb».

Güllə maşına dəyib
Güllə maşına dəyib
HÖKUMƏTDƏN GÜZƏŞT UMURLAR...

Sakinlərdən Cəfər:

«Mənim evimə 3 mərmi düşüb, evim darmadağın olub. Qayıdıb bərpa eləmişəm ki, çardaqdasa da yaşayaq. Qaçqına bizdən çox hörmət var. Sayğacımızı güllə deşir, biz yenə də işığa, qaza pul ödəyirik».

Ötən günlər atılan güllələr hər sakinin evində bir iz qoyub. Kiminin maşınına zərər verib, kiminin evinə, kiminin də canına. Əlibəyli sakini Vahid Alıyevin isə çardağın altında gizlətdiyi maşınına pulemyot gülləsi dəyib:

«Çardağın altında olub maşın, yenə də dəyib. İzinə bax, həmin güllədir. Hara baxırsan güllədir».

Əlibəylinin mərkəzinə toplanan sakinlər danışırlar ki, ötən gün ayağından güllə yarası alan həmkəndlilərinə çağırılan təcili yardım belə qorxudan 1 saatdan sonra gəlib.

XƏSTƏXANA YOXDUR...

Pəri Əliyeva:

«Qonşumdur vurulub, yaralanıb. Bu sərhəd zonasında bir xəstəxana yoxdur, ləğv etdilər. Təcili yardımmı var? Məntəqə var, orda da heç kim olmur».

Tovuz rayon Xəstəxanasına yerləşdirilmiş Ruhiyyə Hüseynova yaralanma olayını belə nəql edir:
Ruhiyyə Hüseynova
Ruhiyyə Hüseynova

«Qaçmaq istəyirdim ,qonşuya qapını açan kimi qılçalarıma dəydi. Çıxmaq olmurdu evdən, çox qan itirdim. Atışma dayanandan sonra getdik xəstəxanaya. Yaman incidir, ağrıdır».

Ruhiyyə Hüseynovanın yaxınları danışırlar ki, güllə ilə birgə yarada qalan paltarın hissələri hələ də təmizlənməyib. Yaranın çirklənəcəyindən və onun yerimə qabiliyyətini itirəcəyindən qorxurlar.

«BU NƏTƏR DÖVLƏT XƏSTƏXANASIDIR?»

«Niyə məsuliyyətsiz yanaşırlar? Adicə analgin, dimedrol da yoxdur. Bu nətər dövlət xəstəxanasıdır? Bir həkim tapmıram ki, baxaq görək nə diaqnoz qoyulub. Analiz dünəndən verilib, hələ cavab yoxdur. 3 saat qan itirib. Buna bir sistem qoymalıdırlar. Eləcə ağrıkəsici vururlar».

Tovuz rayon Xəstəxanasından verilən məlumata görə, yanvarın 25-də Ruhiyyənin yarası tamamilə təmizlənib. Bir müddət müalicə olunduqdan sonra yaralı evə buraxılacaq. O evə ki, Ruhiyyə kimi ayağı yaralı, qorxudan xəstəlik tapmış anaları, ürəyi titrəyən körpələri ağuşunda saxlasa da, güllələrdən qoruya bilmir.

Tovuzun hər iki sərhəd kəndində günlərdir sabah atəş səsləri ilə açılır.
XS
SM
MD
LG