Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:40

Saatlıda ən çox «Bukmeker» qəzeti satılır


Mansur Mehdiyev
Mansur Mehdiyev
-
İnformasiya vasitələrinin çoxaldığı, mobil rabitənin, internetin inkişafı çap mətbuatını get-gedə sıradan çıxarır. Bu, özünü əyalət mərkəzlərində qəzet-jurnal köşklərinin sayında və onların gündəlik satışında da göstərir. Bir şəhəri, 43 kəndi, 100 min nəfər əhalisi olan Saatlı rayonunda mətbu məhsullarının satışı üçün 4 köşk var. Onlardan biri gündə cəmi 2-3 manatlıq qəzet-jurnal satır.

SAATLIYA SATIŞA GÖNDƏRİLƏN QƏZET-JURNALLARIN 60%-İ GERİ QAYIDIR

«Azərmətbuatyayımı» ASC-nin Saatlı rayon şöbəsinin müdiri Mansur Mehdiyev deyir ki, qəzetlərin dövriliyi və satışı tez-tez dəyişir:

«Seçkilər vaxtı ictimai-siyasi, futbol mövsümləri dövründə isə futbol qəzetləri, xüsusilə «Bukmeker» daha çox satılır. Başqalarına nisbətən krossvord qəzetləri də çox alınır. Amma ən minimal sayda sifariş etsək belə, çap məhsullarının yarıdan çoxu alınmır. Son ay-2013-cü ilin dekabrı üzrə bizə 126 adda qəzet və jurnalın ümumilikdə 3471 nüsxəsi göndərilib, satılmadığından onun 2049-unu geri qaytarmışıq».

Saatlı şəhərinin mərkəzi hissəsində «Azərmətbuatyayımı»nın filialı üçün ayrıca bina tikilib, 3 köşkdən 2-si yenilənib. Həm bina, həm də köşklər üçün rayonun mərkəzində yer ayırdığına görə icra başçısından razılıq edən filial rəhbəri deyir ki, yaxın vaxtlarda Sarıcalar qəsəbəsində və Nəsimi kəndində də «Azərmətbuatyayımı» köşklərinin yerləşdirilməsi nəzərdə tutulub.

«QƏZETİN QAZANCINA QURU ÇÖRƏK DƏ GƏLMİR»

Köşkçülər filialla müqavilə əsasında işləyir və onlara zəhmət haqqı olaraq satış pulunun 10%-i ödənilir.
Abdulhəsən Səmədov
Abdulhəsən Səmədov
«Dönüş» qəzeti redaksiyasının yaxınlığındakı köşkdə işləyən Abdulhəsən Səmədov deyir ki, qəzet satışı zəif olduğuna görə qazancı simvolikdir:

«Ay ərzində cəmi 60-70, ən yaxşı halda isə 100 manatlıq qəzet-jurnal sata bilirəm. Bundan mənə 6-7, ən çoxu 10 manat qalır. Bir günüm 20-30 qəpiyə düşür ki, buna heç quru çörək də gəlmir. 2-ci qrup əliləm, pensiya ilə dolanıram. Başımı qatmaq üçün köşkdə oturmuşam».

Ayrı-ayrı qəzetlərin satışı ilə maraqlanıram.

Abdulhəsən Səmədov köşkə rəsmi və iqtidaryönlü qəzetlərin hərəsindən 1 nüsxə verildiyini, onların da çoxunun satılmadığını bildirir:

«Satılan «Azadlıq» və «Yeni Müsavat»dır. Mənə onların hərəsindən 2-3 nüsxə verilir, bircəciyi də qalmır. O qəzetlərin oxucusu çoxdur, gündə hərəsindən bəlkə 10-u satıla bilər. Mənə veriləndən artıq nüsxə sifariş etsəm, gərək satılmayanların da pulunu ödəyəm. 10 qəzetdən bircəciyinin satılmamağı 9 qəzetin qazancını apara, ikisinin satılmamağı isə məni ziyana sala bilər. Ona görə riskə getmir, olanları satıb bu az qazanca qane oluram».

Təcrübəli köşkçü sayı az olduğundan müştərilərinin hamısını tanıdığını deyir:

«Köşkə yaxınlaşanda, bilirəm kim nə istəyəcək. O çatana qədər qəzetini ayırıram ki, ləngiməsin. Bəzilərinin qəzetini evinə aparıram».

SİYASƏTDƏN ÇOX QUMARA MARAQ ARTIB

Şəhərin bəzi çayxanalarında əsasən gənc və orta yaşlı adamlar qarşılarına «Bukmeker» qəzeti qoyub, futbol oyununa proqnoz verirlər.
«Bukmeker» «Azadlıq» və «Yeni Müsavat»ı belə kölgədə qoyur.
«Bukmeker» «Azadlıq» və «Yeni Müsavat»ı belə kölgədə qoyur.
Həsən adlı şəhər sakini deyir ki, xeyli sayda gənc ictimai-siyasi proseslərdən çox qumara maraq göstərir. Öz ölkəsinin siyasətçilərini, yazıçılarını, jurnalistlərini yaxşı tanımayan əyalətin sadə peşə-sənət adamları İngiltərə, Fransa, Almaniya və başqa ölkələrin ən aşağı liqalarında oynayan klubların adlarını əzbər bilir.

Rayon Təhsil Şöbəsinin inzibati binasının və Mədəniyyət Sarayının yaxınlığında yerləşən köşkün satıcısı Əli Novruzovun dediyinə görə, satışın həcminə görə «Bukmeker» «Azadlıq» və «Yeni Müsavat»ı belə kölgədə qoyur:

«Futbol oyunları daha çox şənbə və bazar günləri olur. Ona görə «Bukmeker»in həftəsonu alıcıları çox olur. Çərşənbə axşamı nömrəsindən 13-ü satılırsa, cümə buraxılışı üzrə bu göstərici 28 olur. Bizdə ən çox bu qəzet satılır».

«QƏZET-JURNALI GERİ QAYTARMAQ DA XƏRC APARIR»

«Qaya» mətbuat yayımı firmasının Saatlı filialının rəhbəri Mirismayıl Əliyev daimi müştərilər hesabına ayaqda olduqlarını bildirir:

«100-dək adda qəzet-jurnal alırıq. Onların arasında Rusiya nəşrləri də var. Əksər qəzet və jurnallar daimi oxucuları hesabına satılır. Müştərilərimizdən bəziləri qəzetlərini saxlamağımızı istəyir. Bir də görürsən, köşkdə bir adamın neçə günlük qəzeti yığılıb qalır. Bununla belə, ayda bizə göndərilən təxminən 1700 manatlıq çap məhsulunun 40%-i satılmır. Qəzet-jurnalı geri qaytarmaq da xərc aparır. Daşınma xərcinə görə üstümüzə daha çox adda, daha çox sayda qəzet-jurnal yığa bilmirik.
«Qaya» mətbuat yayımı firmasının köşkü
«Qaya» mətbuat yayımı firmasının köşkü
«Azadlıq»ın hər nömrəsindən 34, «Yeni Musavat»ınkından isə 12 nüsxə alırıq, hərəsindən cəmi 5-6-sı qalır. «Bukmeker»in 30-50 nüsxəsinin hamısı satılır».

SAATLIDA 22 NƏŞRİN ABUNƏÇİSİ VAR

Saatlıda «Azərmətbuatyayımı»nın xətti ilə 22 adda qəzet və jurnala abunə yazılışı olub. Cəmi 4 qəzetin – «Azərbaycan müəllimi» (100), «Yeni Azərbaycan» (68), «Azərbaycan» və «Xalq qəzeti»nin (hər birinin 60) rayon üzrə abunəçilərinin sayı 50-dən çoxdur. «Səs» qəzetinin «səsi» 32, «Respublika»nın yaydığı xəbər isə 25 nəfərə çatır. Siyahıda «Bakinski raboçiy», «İki sahil», «Kaspi», «Palitra», «Cəmiyyət və din», «Zaman» (azərbaycanca), «Mövqe», «Həftə içi», «Azad Azərbaycan», «Ədalət», «525-ci qəzet», «Unikal», «Ağsaqqallar dünyası», «Azərbaycan veteranı», «Yeni təfəkkür» qəzet və jurnallarının adları keçir.

YERLİ QƏZETİN 60 YAŞI TAMAM OLUR

Saatlıda cəmi bir mətbu orqan - rayon İcra Hakimiyyətinin həmtəsisçisi olduğu «Dönüş» qəzeti çıxır. Onun ilk sayı 1954-cü ildə işıq üzü görüb. Qəzetin redaktoru Mahir Allahyarov abunə yazılışını özləri apardığını bildirir:

«Qəzetin bir sayı 1000 nüsxə çap olunur, onun 900-ə yaxını abunə yolu ilə yayılır. Satışa az miqdarda veririk. İllik abunə haqqını 30 manat müəyyən etmişik. Abunə yazılışını 6 aydan bir aparırıq ki, oxucularımıza çox əziyyət düşməsin. Ayda ən azı iki sayımız işıq üzü görür, müxtəlif tədbirlərlə bağlı xüsusi buraxılışlarımız olur».

«ABUNƏ PLANININ BİR HİSSƏSİNİ AC MÜƏLLİMLƏR DOLDURUR»

Abunəçilərin əksəriyyəti dövlət və bələdiyyə qulluqçuları, büdcə təşkilatlarında işləyənlərdir.
Namiq Kazımlı
Namiq Kazımlı
Saatlı rayonunun Hacıqasımlı kənd tam orta məktəbinin müəllimi Namiq Kazımlı iddia edir ki, onların əksəriyyəti qəzet və jurnallara zorla abunə edilib:

«Kampaniya başlamazdan əvvəl İcra Hakimiyyətində siyahı tuturlar ki, hansı qəzetə nə qədər sayda abunə yazılmalıdır. Onun bir hissəsini rayonun idarə və müəssisələri, büdcə təşkilatları, bələdiyyələr arasında bölüşdürür, qalanını ac müəllimlərin belinə yükləyirlər».

ŞƏRİKLİ QƏZET?!

Namiq Kazımlı deyir ki, bir qəzetin abunəsinə bir neçə müəllim şərik edilsə də, heç həmin qəzet məktəbə gəlib çıxmır:

«3 ildir ki, məktəbimizə qəzet gəlmir. Amma hər il müəllimlərdən «qəzetpulu» yığılır. Əvvəllər 25 manat tələb edirdilər. Bu tədris ilində hərədən fərqli məbləğ alıblar - kimi 20, kimi 15, kimisə 10 manat ödəyib. Dirəniş göstərib «qəzetpulu» verməyən bir müəllimin dərs yükü azaldılıb. Məktəb direktorları and-aman edir ki, onların hər birindən abunə yazılışı üçün 200-300 manat istənilir. Rayonun təhsil müəssisələrindən bu qaydada toplanılan pulun bir hissəsi 100 nüsxəlik «Azərbaycan müəllimi»nin, qalanı isə yerli «Dönüş», rəsmi və iqtidaryönlü qəzetlərin abunə planının doldurulmasına sərf olunur. Bundan başqa, məktəbə tez-tez müxtəlif kitablar, jurnallar, test kitabçaları, kurikulum materialları da göndərilir ki, onları almağa nəinki müəllimlər, hətta şagirdlər də məcbur edilir».

Ancaq rayon rəsmiləri məcburi abunə ilə bağlı deyilən fikirləri təkzib edirlər...
XS
SM
MD
LG