Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

Vasif Talıbov Naxçıvanda dövlətin televiziya və qəzetlərini tənqid etdi...


Vasif Talıbov
Vasif Talıbov
-
Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikadakı dövlət KİV-lərini tənqid edib. Vasif Talıbov onları qeyri-obyektivlikdə, aktual mövzulara az-az toxunmamaqda qınayıb:

««ŞƏRQ QAPISI»INDA OXUNAQLI YAZILAR AZ HAZIRLANIR»

«Teleradio və qəzetlərdə materiallar hazırlanarkən faktlar ciddi araşdırılmır, qeyri-obyektiv yanaşma halları müşahidə olunur. «Şərq qapısı», şəhər və rayon qəzetlərində aktual mövzularda, publisistika janrında oxunaqlı yazılar az hazırlanır».

Ali Məclisin sədri həmçinin KİV-lərin diqqətinə çatdırıb ki, Naxçıvandakı quruculuq işləri daha çox işıqlandırılmalıdır:

KİV SALNAMƏÇİ ROLUNDA...

«Kütləvi informasiya orqanları qədim diyarımızın ictimai-siyasi həyatında baş verən köklü dəyişikliklərin, irimiqyaslı quruculuq tədbirlərinin salnaməçisinə çevrilməlidir. Jurnalistlər gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirməli, teleradiolarda ədəbi dil normaları qorunmalıdır».

Təxminən 6 ay öncə də Vasif Talıbov Naxçıvandakı dövlət KİV-ərinə qarşı buna bənzər tənqidi fikirlər səsləndirmişdi. Naxçıvanlı jurnalist Həkimeldostu Mehdiyev hesab edir ki, muxtar respublikadakı dövlət KİV-ləri müstəqil olmadıqlarından bütün problemləri elə Ali Məclisin özündə axtarmaq lazımdır:
Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev

«SENZURANI ÖZLƏRİ TƏTBİQ EDİR»

«Onlar istəsə də Ali Məclisdən icazəsiz kimisə tənqid edə bilməzlər. Senzuranı özləri tətbiq edir. Deyilənlər hamısı görüntü xatirinədir. Keçən dəfə də tapşırıq vermişdi. Mən şəxsən həm yerli televiziyanı, həm də qəzetləri izləyirəm. Heç nə dəyişməyib. Əvvəl necə idisə, elə də qalır. Əslində bu göstərişlər yerinə yetirilsə, çox yaxşı olar. Aktual mövzu deyirlər. Naxçıvanda bu dəqiqə ən aktual mövzu işsizlik və insan haqları ilə bağlı olan problemdir. Gəlin görək dövlət mətbuatı buna toxuna bilərmi? İndiyə kimi rast gəlməmişəm ki, hansısa məmur tənqid olunsun. Dövlət mətbuatının işi yalnız tikinti-quruculuq işlərini təbliğ etməklə məşğuldur. Bu işdə əllərindən gələni edirlər. Bundan artıq nə etməlidirlər, bu anlaşılmazdır».

Səslənən tənqidlərə «Şərq Qapısı» qəzetindən münasibət öyrənməyə çalışsaq da, onlar bu haqda danışmaq istəmədilər. Naxçıvan Dövlət Teleradiosundan isə bildirdilər ki, onlar hazırladıqları verilişlərdə aktual mövzulara toxunurlar. Ancaq teleradio sədrinin köməkçisi Xəlil Vəliyev bu mövzuların hansı sahələrə aid olduğu haqda məlumat vermədi:

«İMƏCİLİKLƏRİN NECƏ KEÇİRİLDİYİNİ İŞIQLANDIRIRIQ»

«Müşavirə yeni keçirilib, səslənən tənqidləri tezliklə nəzərə alacağıq. Biz əsasən ədəbi-bədii, vətənpərvərlik mövzusuna üstünlük veririk. Əsas xəbərləri çatdırırıq. İməciliklərin necə keçirildiyini işıqlandırırıq. Tənqidi mövzulara yer veririk».

Naxçıvanda 7 dövlət qəzeti, 1 dövlət televiziyası fəaliyyət göstərir.
XS
SM
MD
LG