Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:41

Avropa Birliyi korrupsiyaya görə ildə 120 milyard avro itirir


-
28 ölkənin daxil olduğu Avropa Birliyi ildə korrupsiyaya görə 120 milyard avro itirir. Getdikcə daha çox avropalı düşünür ki, korrupsiya ilə bağlı vəziyyət pisləşir.

Bu, Avropa Komissiyasının apardığı araşdırma nəticəsində məlum olub.

Avropa Birliyi bildirir ki, onun hazırladığı hesabat bu qanunsuz əməlin “nəfəskəsən səviyyə”də olduğunu göstərir.

Bu da demokratik institutların fəaliyyətini zəiflədir, mütəşəkkil cinayətkar qruplar üçün münbit şərait yaradır.

Rəyi soruşulanların 3-də 2-si deyib ki, korrupsiya geniş yayılıb.

Rüşvətin ən çox yayıldığı birlik ölkələri Yunanıstan, Rumıniya və Bolqarıstandır.

Avropa Birliyinin daxili işlər komissarı Cecilia Malmstroem deyir ki, korrupsiya birliyin hər bir ölkəsində qeydə alınıb. Amma bunun səviyyəsi ölkədən-ölkəyə fərqlənir. Korrupsiya hallarına ən az Finlandiya, İsveç və Danimarkada rast gəlinir.

120 milyard avro Avropa Birliyinin illik büdcəsi qədərdir.
Cecilia Malmstroem (sağda)
Cecilia Malmstroem (sağda)

Onun sözlərinə görə, korrupsiya vətəndaşların qanunun aliliyinə inamını zəiflədir və dövlətləri çox ehtiyac duyduqları vergilərdən məhrum edir.

Korrupsiyaya uğrayan sahələr arasında tikinti “liderdir”.

Söhbət dövlət orqanlarının təşkil etdiyi tenderlərdə “qalib” gəlməkdən gedir.

Rəyi soruşulanların 10-undan 8-i bu sahədə korrupsiyadan gileylənib.

Ümumilikdə isə şirkətlərin 43 faizi korrupsiyanı özünə problem hesab edir.

“Transparency International” təşkilatından Carl Dolan deyir ki, Avropanın əsas problemi xırda rüşvət deyil, biznes ilə siyasi elita arasında əlaqələrdir.

Məsələn, biznesin maraqlarına uyğun qanunların qəbulu, “tanış” biznesmenlərə gəlirli müqavilə “bəxş edilməsi”.

Bu hesabat Rumıniyanın keçmiş baş naziri Adrian Nastase-nin rüşvətə görə 4 illiyinə həbsə göndərilməsindən bir neçə ay sonra yayılıb.

O, 1989-cu ildə Avropada kommunizmin çöküşündən sonra həbs edilən ilk baş nazirdir.
XS
SM
MD
LG