Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:24

İntihar hallarının media işıqlandırılması (jurnalistlərə tövsiyələr)


Foto: Arxiv
Foto: Arxiv
-
İntiharın Önlənməsi üzrə Amerika Fondunun (American Foundation for Preventation Suicide) 22 uyğun təşkilatın araşdırması əsasında hazırladığı tövsiyələrdə deyilir ki, 50-dən çox elmi araşdırma intihar haqqında xəbərlərin intiharların sayını artıra biləcəyini üzə çıxarıb. Məlum olub ki, intiharlara dair aramsız xəbərlər və onların təqdimat tərzi özünə qəsd edənlərin sayını artırır.

Bu üzdən sözügedən fond (AFPS) jurnalistlərə məsləhət görür ki, intiharın necə gerçəkləşdirildiyini detallı təsvir etməsinlər.

Dramatik başlıq və fotolar, qrafiklər, intihar haqda ard-arda xəbərlər sensasiya yaradır.
Mütəxəssislər iddia edirlər ki, ard-arda verilən intihar xəbərləri intiharların təkrarlamasına yol açır – buna «copycat» (imitasiyalı, yamsılama) intihar deyilir.

Tövsiyələri hazırlayan qurumların jurnalistlərə digər məsləhətləri də var:

İntihar xəbərini bu cür təqdim etməyin:

İntihar xəbərini bu cür təqdim edin:

Gurultulu və sensasion başlıqlar: «Kurt Cobain özünü odlu silahla öldürdü».

Auditoriyada sensasiya yaratmadan və qabartmadan yazmaq. Məsələn: «Kurt Cobain 27 yaşında öldü».

Olay yerindən foto və videogörüntülər göstərmək, yaxud intiharın, mərhumun ailəsinin, dostlarının və dəfn mərasiminin görüntülərini yaymaq.

Görüntü olaraq mərhumun məktəb, iş və ya ailə fotosundan yararlanmaq; o cümlədən intihar barədə xəbərə qaynar xətt xidmətlərinin loqosunu və telefon nömrələrini yerləşdirmək.

Son vaxtlar baş verən intiharları təsvir etmək üçün «epidemiya», «dramatik artım» və ya başqa güclü terminlərdən yararlanmaq.

İntiharla bağlı statistikanı diqqətlə izləmək və sensasion olmayan «artıb» və ya «çoxalıb» sözlərindən yararlanmaq.

İntiharı anlaşılmaz və gözlənilməz hadisə kimi diqqətə yetirmək.

Adətən, intiharçılar hadisədən əvvəl hansısa xəbərdarlıq edirlər. Həmin xəbərdarlıqların fotosunu yazıya artırmaq.

Mərhumun son məktubunun detallarını yaymaq.

Mərhumun son məktubunun tapıldığını və araşdırıldığını bildirmək kifayətdir.

Polisdən, olay yerində olanlardan tələm-tələsik müsahibə alıb-yaymaq.

İntiharların qarşısını almaq sahəsində ixtisaslaşmış ekspertdən müsahibə almaq.

İntihara «uğurlu», «uğursuz», yaxud «boşa çıxmış intihar cəhdi» adı qoymaq.

«O, intihar nəticəsində öldü» və ya «özünü öldürdü» ifadələrindən yararlanmaq.

Bloqqerlərə, sosial mediada yazanlara məsləhət görülür ki, intiharın qarşısını alan mərkəzlərin, qaynar xətlərin telefon nömrələrini paylaşsınlar.

ABŞ İntiharın Önlənməsi Resurs Mərkəzinin məlumatına görə, 1984-cü ildən başlayaraq üç il boyunca Avstriyanın paytaxtı Vyanada insanlar özlərini metro qatarının altına atıblar. 1987-ci ildə mütəxəssislər bu halın qarşısını almaq üçün kampaniya başladıblar. Kampaniya gedişində jurnalistlərə o da məsləhət görülüb ki, intihar haqda xəbərləri dramatikləşdirməsinlər, ehtiyatlı davransınlar və intiharların yoluxucu olmasını gözdən qaçırmasınlar.

Mərkəzi ABŞ-da yerləşən və jurnalistlərin peşəkar bilgiləndirilməsində nüfuzlu sayılan Poynter İnstitutu başqa bir məqama diqqəti çəkir.

İnstitutun əməkdaşı Cindi Deutschman-Ruiz bildirir ki, jurnalist intiharı romantikləşdirməməli və ya məsələni «onun başqa çıxış yolu qalmadı» kimi təqdim etməməlidir.

O, intiharın səbəbləri haqda yazarkən və mərhumun ailə üzvlərindən müsahibə alarkən ehtiyatlı davranmağı məsləhət görür, çünki intiharın ölçü-biçili addım kimi təqdim olunması həqiqəti təhrif edə bilər. Axı bir çox hallarda intihar məhz ruhi xəstəlikdən qaynaqlanır. Elmi araşdırmalara görə, intihar hallarının 90 faizi ruhi xəstəliklər nəticəsində baş verir. Cindi Deutschman-Ruiz onu da yazır ki, intiharların biganəlikdən, ətraf aləmdən qaynaqlandığını iddia etmək üçün dolğun araşdırmalara ehtiyac var.

İntiharın Önlənməsi Resurs Mərkəzi jurnalistlərə bunları da tövsiyə edir:

• İntihar haqqında düşünənlərə vaxtında müdaxilənin və onların xilasının mümkünlüyü vurğulasınlar;
• Xəbər başlıqlarında mümkün qədər intiharı vurğulamaqdan qaçsınlar və bu məqama mətnin içərisində toxunsunlar; İntihar hallarının sayca çoxaldığı dövrlərdə jurnalistlər bu mövzularda material hazırlaya bilərlər:
• İntiharlara meyllər;
• Ruhi problemlərin müalicə üsulları;
• Ruhi problemlərin müalicəsinin necə təsirli olması haqqında uğur hekayətləri;
• İntihar etmədən ümidsiz durumların öhdəsindən gəlmiş insan tarixçələri
• İntihar haqqında miflər (uydurmalar, əsatirlər);
• İntiharı önləyəcək xəbərdarlıqlar, intihardan çəkindirən yollar

Jurnalistlərə bir ümumi tövsiyə də odur ki, intiharla bağlı xəbərlərin adi xəbərlərdən fərqli olduğunu unutmasınlar.

Hazırladı: Ülviyyə Əsədzadə
XS
SM
MD
LG