Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:18

Naxçıvanda cinayətlərin «50 dəfə azalması»nın səbəbləri...


arxiv foto
arxiv foto
-
Ötən il Naxçıvan Muxtar Respublikasında cəmi 16 cinayət hadisəsinin qeydə alındığı bildirilir. Bu haqda məlumat verən muxtar respublika daxili işlər naziri Əhməd Əhmədovun sözlərinə görə, baş vermiş cinayətlərin açılması 100 faiz təmin edilib.

NAXÇIVANDA BAŞQA BÖLGƏLƏRLƏ MÜQAYİSƏDƏ CİNAYƏTKARLIQ 70 DƏFƏ AZDIR...

qandal
qandal
Bu rəqəmə görə, Naxçıvanda adambaşına düşən cinayət hadisələrinin sayı Azərbaycanla müqayisədə xeyli azdır – təxminən 70 dəfə. Rəsmi məlumata görə, Naxçıvanda 435 min nəfərdən çox əhali yaşayır. Əhalinin sayını baş verən 16 cinayət hadisəsinə böləndə muxtar respublikada hər 27 min nəfərə cəmi bir cinayət hadisəsi düşür.

9 milyon nəfərdən çox əhalisi olan Azərbaycanda baş verən cinayət hadisələrini adambaşına böləndə 27 min nəfərə 69 cinayət düşür. Ötən il Azərbaycanda 22 min 891 cinayət hadisəsi qeydə alınıb.

NAXÇIVANDA CİNAYƏTKARLIQ 50 DƏFƏ AZALIB...

Müqayisə üçün qeyd edək ki, 1995-ci ildə Naxçıvanda qeydə alınan cinayətlərin sayı 2013-cü ildəkindən 40 dəfə çox olub – 700 hadisə. 1995-ci ildə Naxçıvan əhalisinin sayının 360 min nəfər olduğu bildirilir. Belə çıxır ki, son 18 il müddətində muxtar respublikada adambaşına düşən cinayət hadisələri 50 dəfəyə yaxın azalıb.

Bəzi mütəxəssislər sadalanan rəqəmlərin reallıqdan uzaq olduğunu düşünürlər. Onların sözlərinə görə, Naxçıvanda baş verən cinayətlərin hamısı qeydiyyata alınmır. Üstəlik hazırda orada rəsmi statistikada göstərilən sayda əhali yaşamır.

Elə, bəzi Naxçıvan sakinləri də baş verən cinayətlərin qeydə alınmamasından şikayət edirlər.

Naxçıvan sakini Qadir Əhmədov deyir ki, 2013-cü ilin əvvəlində bir neçə inəyi oğurlanıb. Onun sözlərinə görə, oğurluq hadisəsi ilə bağlı yaşadığı ərazinin polis şöbəsinə müraciət etsə də müsbət reaksiya ala bilməyib:

“GƏTİRDİLƏR 2 İNƏYİN PULUNU VERDİLƏR, DEDİLƏR SƏSİNİ ÇIXARMA”

“6 inəyim oğurlanmışdı. Getdim polisə ərizə yazdım. Tapmadılar. Dedim ki, şikayət edəcəyəm, gətirdilər 2 inəyin pulunu verdilər, dedilər səsini çıxarma. Mən həm oğrunun cəzalanmasını, həm də digər 4 inəyimi tələb edirdim. Hədə-qorxu gəldilər ki, səsimi çıxarmayım. Şöbədə dedilər ki, Naxçıvan Daxili İşlər Nazirliyindən tapşırıq var ki, Naxçıvanda cinayət olmamalıdır. Ona görə də qeydə alıb cinayət işi aça bilmərik. Dedilər qeydə alsaq, dərimizə saman təpərlər. Mənə dedilər ki, yalnız sərhəddən keçən narkotik maddə ilə bağlı cinayət işi aça bilərlər”.

Naxçıvanlı hüquq müdafiəçisi Məlahət Nəsibova bu məsələdə miqrasiya amilini də önə çəkir:

“NAXÇIVANDA CİNAYƏT TÖRƏDƏNLƏRİ QANUNSUZ YOLLA YÜKSƏK MƏBLƏĞDƏ CƏRİMƏLƏYİRLƏR”

Məlahət Nəsibova
Məlahət Nəsibova
“Bu gün əhalinin çoxu Naxçıvanı tərk edib. İnsan az olanda, cinayət də az olur. Naxçıvanda bəzi cinayət hadisələrinə görə insanlar həbs olunur, təcridxanalara göndərilirlər. Bəzən aylarla orada saxlanılsalar da, həmin hal cinayət hadisəsi kimi qeydə alınmır. Yəni guya ağıllansınlar deyə həmin şəxsləri aylarla qanunsuz olaraq təcridxanalarda saxlayırlar. Digər bir tərəfdən “atçot” məsələsi var. Bəzən şikayətçinin şikayətini təmin edirlər, ancaq bu hadisəni qeydə almırlar. Digər bir tərəfdən də avtoritar rejimin qorxusundan cinayət hadisələri həqiqətən də azala bilər. Ancaq qeyd olunan rəqəmdəki kimi yox. Bu gün həm də Naxçıvanda cinayət törədənləri qeyri-qanuni yolla yüksək məbləğdə cərimələyirlər. Yəni onların cəzalarını qanun çərçivəsində yox, öz bildikləri kimi verirlər. Bu da rəqəmlərə təsir edir”.

Yerli rəsmilər muxtar respublikada cinayət hadisələrinin az olmasını səbəb göstərərək Naxçıvanı tez-tez inkişaf etmiş Avropa ölkələri ilə müqayisə edirlər. Hüquqşünas Müzəffər Baxışov həmin müqayisələrə belə cavab verir:

“İNSANLAR AZAD OLMALIDIR, İFADƏ AZADLIĞI TƏMİN EDİLMƏLİDİR”

Müzəffər Baxışov
Müzəffər Baxışov
“Naxçıvanda 435 min əhali yox, çox az adam yaşaya bilər. Digər tərəfdən ola bilər ki, muxtar respublika rəhbərliyi tərəfindən cinayətlərin qeydə alınmaması ilə bağlı ciddi göstəriş verilsin. Azərbaycan elə balaca yerdir ki, harada nə baş verdiyini hər kəs yaxşı bilir. Əsas göstərici insan hüquq və azadlıqlarının qorunması məsələsidir. İnsanlar azad olmalıdır, ifadə azadlığı təmin edilməlidir. Dünyada imici bu cür qazanmaq olar. Yoxsa, guya cinayət hallarının az olmasını irəliləyiş kimi göstərmək gülüncdür. Bu gün dünyanın ən demokratik ölkələrindən biri olan Amerikada da cinayət faktları yüksəkdir. Ancaq, həmin ölkə demokratik prinsiplər baxımından dünyanın ən öndə olan ölkəsidir. Cinayət sosial hadisədir. Bu heç kimin iradəsindən asılı deyil. Bununla öyünmək də gülüncdür”.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən səslənən iddialarla bağlı danışmaq istəmədilər.

Azərbaycan Daxili İşlər Nazirliyindən cinayət hadisələrinin gizlədilməsi ilə bağlı səslənən fikirləri inkar etdilər. Nazirlikdən bildirdilər ki, istər Naxçıvanda, istərsə də digər bölgələrdə baş verən cinayət hadisələri dərhal qeydə alınır və müvafiq tədbirlər görülür.
XS
SM
MD
LG