Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:26

Naxçıvanda pullar. Büdcədə sıfırlar...


İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında - 5 oktyabr 2010
İlham Əliyev Naxçıvan şəhərində Gəmiqaya daş məhsulları kompleksinin açılışında - 5 oktyabr 2010
-
– «Büdcədə izi olmayanın cəmiyyətdə üzü olmaz!».
– «Yaxşı gedirsə alver, qazanırsan, vergi ver!».

Üzərində həmin sözlərin yazıldığı lövhələrə muxtar respublikanın bir çox yerlərində rast gəlmək olar. Deyimlər Naxçıvan Vergilər Nazirliyinə məxsusdur.

Naxçıvanda «Gəmiqaya Holdinq», «Cahan Holdinq», «Ləzzət» MMC kimi dövlət büdcəsinə önəmli miqdarda vergi ödəyəcək iri müəssisələr fəaliyyət göstərir. Sənaye məhsulları istehsal edən belə aparıcı müəssisələrin siyahısını uzatmaq da olar.

Rəsmi məlumata görə, ötən il həmin müəssisələr 800 milyon manatlıq sənaye məhsulu hazırlayıb. Bu, Naxçıvandakı ÜDM-in təxminən 30 faizidir. 2013-cü ildə muxtar respublikadakı ÜDM-nin həcmi 2 milyard 335 milyon manatdan çox olub. Özəl müəssisələrin istehsal etdiyi 800 milyon manatlıq sənaye məhsulunun azı 200 milyon manatı ixracatın payına düşür.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov özəl sektorun bu göstəricisini yüksək qiymətləndirib. O öz çıxışında bu sahənin inkişafını dövlət qayğısı ilə əlaqələndirib.

Bəs, görəsən, həmin müəssisələrin «büdcədəki izi» – yəni dövlətə ödədikləri vergi nə qədərdir?

80 FAİZDƏN YUXARI DOTASİYA...

Əvvəlcə Naxçıvanın 2014-cü il dövlət büdcəsinə göz yetirək. 350 milyon 500 min manatlıq büdcənin cəmi 18 faizi, yəni 66 milyon 800 min manatı yerli gəlirlərin payına düşür. Gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 283 milyon 700 min manatdır.

Əvvəlki illərdə olduğu kimi, bu il yenə də mərkəzi büdcədən ayrılan dotasiyanın həcmi 80 faizdən çoxdur. Nəzərdə tutulan 66 milyon manatlıq büdcə gəlirlərində kimin payının nə qədər olduğunu öyrənmək üçün aşağıdakı cədvələ diqqət yetirək:

Cədvəldən də göründüyü kimi, büdcə gəlirlərinin böyük hissəsi, yəni 40 milyon manatdan artıq vəsait ƏDV-nin payına düşür. Bu, ümumi büdcə gəlirlərinin 65 faizi deməkdir. ƏDV-nin formalaşmasında mühüm rolu investisiyalar oynayır. Ötən il Naxçıvana investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat olub.

Büdcə gəlirlərində ikinci yeri fiziki şəxslərdən alınan vergi tutur -14 milyon manat.

Təxminən 10 milyon manat isə dövlət və gömrük rüsumları, sadələşdirilmiş vergi, aksizlər və s.-in payına düşür.

İRİ MÜƏSSİSƏLƏRİN DƏ DAXİL OLDUĞU HÜQUQİ ŞƏXSLƏR – 0.3 FAİZ...

Hüquqi şəxslərin gəlir vergisi cəmi 1 milyon 500 min manat, yəni muxtar respublikadakı ümumi büdcə gəlirlərinin 2 faizidir.

Bu həm də o deməkdir ki, muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilmiş özəl sektorun da təmsil olunduğu hüquqi şəxslər Naxçıvanın ümumi dövlət büdcəsində cəmi 0.3 faizlə təmsil edilir.

SIFIRA BIR QƏDƏR DƏ YAXIN...

Büdcəyə ödənilən 1.5 milyon manatlıq vergidə digər sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərin də payı az deyil. Bunu nəzərə alsaq, özəl sektorun «büdcədəki izi» 0-a daha da yaxınlaşar.

Bir ildə 800 milyon manatlıq sənaye məhsulu istehsal edə bilən özəl sektorun büdcədəki payının digər vergi ödəyicilərinə nisbətən aşağı olmasının səbəbi nədir? Bəlkə özəl sektor gəlirsizdir, yaxud orada cüzi gəlirlə işləyirlər?
İlham Əliyev və Vasif Talıbov Naxçıvan Sement Zavodunun açılşında - 2012
İlham Əliyev və Vasif Talıbov Naxçıvan Sement Zavodunun açılşında - 2012

NAXÇIVANDA 135 SƏNAYE MÜƏSSİSƏSİ VAR...

Rəsmi məlumata görə, indi Naxçıvanda 135 sənaye müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrin çoxu yuxarıda qeyd olunan holdinqlərə məxsusdur. Sənaye fəaliyyəti üçün qeydə alınmış fərdi sahibkar sayınınsa 470 olduğu bildirilir. Məlumata görə, həmin müəssisələrdə 16 min 298 nəfər çalışır.

İSTEHSAL 30 DƏFƏ ARTIB?!

Rəsmi rəqəmlərə görə, muxtar respublikada özəl sektorun istehsal gücü ilbəil, həm də sürətlə artır. Təkcə 2005-ci illə müqayisədə Naxçıvanda bu sektordakı sənaye istehsalı 30 dəfə artıb. 2005-ci ildə özəl sektorun istehsal etdiyi sənaye məhsullarının həcmi cəmi 27 milyon manat olub.

Mütəxəssislərin fikrincə, gəlirsiz, yaxud cüzi gəlirlə çalışan müəssisələrdə istehsalın son illərdə 30 dəfə artması inandırıcı görünmür. Belə çıxır ki, ya gəlir gizlədilir, ya da istehsalla bağlı rəqəmlər şişirdilib. Yaxud istehsal olunan məhsulların əksəriyyəti əhaliyə maya dəyərindən aşağı qiymətə satıldığından ortada gəlir yoxdur. Belə olan halda Naxçıvan bazarlarında satılan həmin məhsullar digər bölgələrə nisbətən xeyli ucuz olmalı idi. Ancaq bunun əksini görürük.

Məlumata görə, hazırda Naxçıvanda 332 növ məhsula olan tələbatı tamamilə yerli istehsal ödəyir. Muxtar respublikadakı dükan-bazarları, ticarət mərkəzlərini gəzdikcə də bunun şahidi olursan. Kolbasa, şirniyyat, toyuq əti, yumurta, müxtəlif növ içkilərdən tutmuş, geyim məmulatlarınadək satılan məhsulların əksəriyyəti Naxçıvan istehsalıdır. Bəs qiymətlər necədir?

«QİYMƏTLƏR BAKIDAN BAHADIR...»

Naxçıvan sakini Yaqub Əliyev Şərur rayonunda qarışıq mallar satılan dükan işlədir. Onun dediyinə görə, satdığı malların çoxu Naxçıvan istehsalıdır:

«Ərzağın, demək olar, 90 faizi Naxçıvanındır. Elə digər malların da əksəriyyəti yerlidir. Hansı maldan ki Naxçıvanda istehsal olunur, onu başqa yerdən gətirməyə qoymurlar. «Gəmiqaya», «Cahan», «Ləzzət» – hamısı özlərinindir. Başqa kim mal istehsal edə bilər? Baha qiymətə sırıyırlar camaata. Cəsarətin varsa, get qıraqdan gətir. Gör başına nə oyun açarlar. İranda, Türkiyədə, Bakıda həmin mallar çox ucuzdur. Yeni mal istehsal etdikcə, həmin məhsulun qıraqdan gətirilməsinə qadağa qoyurlar».

«BÜDCƏNİ BİZİM HESABIMIZA DOLDURUR, ÖZLƏRİ DƏ KEF EDİRLƏR»

Hüquqi şəxs kimi qeydiyyatda olduğunu söyləyən Yaqub Əliyev qazancı az olduğundan vergi və digər ödəmələrdə çətinlik çəkdiyini deyir:
Natiq Cəfərli
Natiq Cəfərli

«Malı bizə baha verdiklərindən, biz də məcbur oluruq üzərinə cüzi qiymət qoyub sataq. Yenə də görürük ki, Bakıdan baha alınır. Nə edək? Məcburuq. Verginin də vaxtı çatınca kəsdirirlər başımızın üstünü. Vergi hər ay 200 manat haqq qoyub üstümüzə. Vermədinsə cərimələyirlər. Mənimki kimi minlərlə belə dükan var. Azacıq qazancımızı da bu yollarla əlimizdən alırlar. Büdcəni bizim hesabımıza doldurur, özləri də kef edirlər».

«İQTİSADİYYATI ARTAN BİR REGİONDA BÜDCƏ GƏLİRLƏRİNDƏ DƏ ARTIM OLMALI İDİ»

İqtisadçı-ekspert Natiq Cəfərli istehsal gücü ilbəil artan müəssisələrin qazancsız işləməsini mümkünsüz sayır:

«İstehsalla məşğul olanlar bir neçə il gəlir götürmədikdə, ən azından, özlərini müflis elan edib başqa işlə məşğul olardılar. Əgər istehsal dəfələrlə artıbsa və bu özünü vergidə göstərmirsə, burada suallar yaranır. Çox güman ki, vergidən yayınmaq üçün gəlirlərini gizlədirlər. Belə də ola bilər ki, dövlətdən yardım almaq üçün rəqəmləri şişirdirlər. İqtisadiyyatı dəfələrlə artan bir regionda büdcə gəlirlərində də artım olmalı idi. Bu yoxdursa, ciddi suallar ortaya çıxır, vergidən gizlətmə hallarına şübhə yaranır. Naxçıvandakı sənaye məhsullarının əksəriyyəti qohumlarına aiddir deyə, Naxçıvan Vergilər Nazirliyi də göz yumur buna. Onlar, demək olar, vergi ödəməyiblər büdcəyə. Hüquqi şəxslərin 1 milyon 500 min manatlıq vergisi təkcə istehsalın hesabına deyil, axı. Bu məbləğdə ticarətlə məşğul olanların da payı var. Bunu nəzərə alanda görərik ki, böyük müəssisələrin büdcədəki payı ya yoxdur, ya da çox cüzidir».

«MƏN DAHA ÇOX VERGİDƏN YAYINMANIN OLDUĞU FİKRİNƏ ÜSTÜNLÜK VERİRƏM»

İqtisadçı Rövşən Ağayev, beynəlxalq praktikaya əsaslanaraq, Naxçıvanda məhsul istehsalı ilə büdcəyə ödənilən vergi arasındakı uyğunsuzluğu belə izah edir:
Rövşən Ağayev
Rövşən Ağayev

«İnkişaf etmiş ölkələrdə büdcə gəlirlərinin ÜDM-dəki payı orta hesabla 30-35 faizdir. Naxçıvanda bu rəqəm 10 dəfə az, yəni 3-4 faizdir. Naxçıvanda vergilərin ÜDM-də payı kəskin şəkildə azdırsa, bunun bir neçə səbəbi ola bilər. Birincisi, ola bilsin ki, Azərbaycanda vergilərin dərəcəsi aşağıdır. Ancaq məlumdur ki, bizdə vergilərin dərəcəsi aşağı deyil, təxminən Avropadakı kimidir. Bir variant da ola bilər ki, ÜDM qəsdən şişirdildiyindən ortaya bu cür uyğunsuzluq çıxır. Digər variant da odur ki, hər şey öz yerindədir, heç nə şişirdilmir, ancaq vergi gizlədilir. Yəni məhsul istehsalı artsa da, büdcəyə buna uyğun vergi ödənmir. Mən daha çox vergidən yayınmanın ola biləcəyi fikrinə üstünlük verirəm. Naxçıvanda da Azərbaycandakı kimi «qara iqtisadiyyat», «kölgə iqtisadiyyatı» var və vergidən yayınma var. Vergilərin ÜDM-ə nisbətinin Naxçıvan büdcəsində dünya praktikasına uyğun olmamasının səbəbini burada axtarmaq lazımdır».

«BU NAĞILI KİM DANIŞIR?»

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi səslənən bütün iddiaları rədd edir. Nazirliyin aparat rəhbəri Əli Şabanov:

«Bu nağılı kim danışır? Fantaziyadır. Bu mümkün ola bilər? Həm də Naxçıvanda. Kimin cəsarəti çatar ki, vergidən yayınsın? Bütün obyektlər nəzarətdədir. Bizdə vergi ödəməyən, qeydiyyatda olmayan obyekt yoxdur. Bir manatın davası gedir».

- Kiçik sahibkarlar deyir ki, bizdən vergiləri artıqlamasilə yığırlar, amma yüksəkvəzifəli məmurların qohumlarına aid böyük müəssisələrdən pul almırlar...
- Belə şeylər mənə aid deyil. Başqa sualınız varsa, buyurun.

Naxçıvanda istehsal olunan bəzi məhsul növlərinin siyahısını və həcmini diqqətinizə çatdırırıq:

Kolbasa məmulatı – 1 274 ton
Kərə yağı - 860 ton
Təzə şirniyyat məmulatları – 260 ton
Konfet – 310 ton
Şəkər – 677 ton
Mineral sular – 5 milyon dkl
Şərab - 107 milyon dkl
Araq – 129 milyon dkl
Pivə - 42 milyon dkl
Palto, gödəkcə - 105 min ədəd
Ayaqqabı – 50 min cüt
Papiros və siqaret – 26 milyon ədəd
Asfalt – 385 min ton
Sement, beton və ya süni daşdan tikinti blokları – 37 min ton
Avtomobillər – 542 ədəd
XS
SM
MD
LG