Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:31

Demanda yaşamaq- [Video]


Demanda yaşamaq...
Gözlə
Embed

No media source currently available

0:00 0:04:12 0:00

Demanda yaşamaq...

-
Balaca vaqonda iki parta, lövhə və xəritə var. Bura məktəbdir. Deman kənd ibtidai məktəbi. İranla sərhəddə yerləşən Demanın uşaqları əlifbanı burada öyrənir. İbtidai sinifləri başa vurandan sonra uşaqların hər gün piyada yolculuğu başlayır.
On iki yaşlı Əkbər hər gün qonşu Avaş kəndindəki məktəbə gedir. Səkkiz kilometr o başa, səkkiz kilometr geriyə piyada qət etməli olan uşaqların gələcəklə bağlı arzuları da var. Əkbər deyir ki, həkim olmaq istəyir.
Gedib çata bildiyi dərslərdən qiymətləri pis deyil. 4-5 alır. Amma səhərlər birinci dərsləri buraxmalı olur. Əkbərin arzuları da Demanla bağlıdır.
- Həkim olacam, burda işləyəcəm.
- Axı kəndinizdə tibb məntəqəsi yoxdur?
- Avaşda var. Burda da xəstələr var.
ARZULAR…
Demanlıların çox arzuları sərhəd tellərində qırılıb. Bu kəndin qocaman sakinlərindən biri Həmzəxan Abdiyevlə söhbətləşirik. O 1953-cü ildə deportasiya olunan demanlılardan biridir.
1953-cü ildə Stalin öləndən sonra SSRİ ilə İran arasında sərhəd qurğularının yerləşdirilməsi aktuallaşır. Deman kəndi də həmin sərhəddin bir hissəsinə çevrilir. Kənd ərazisinin bir hissəsi sərhəd tellərinin arasındakı neytral zonaya qatılır. Kəndi isə köçürürlər. Dağdan arana.
Sakinlərin bir hissəsi qonşu kəndlərə, bir hissəsi Şirvan şəhərinə (o zaman Əli Bayramlı) köç salmalı olur. Kənd sakini Azər Feyzullayev elə Əli Bayramlıda, həmkəndlilərinin kompakt yaşadığı Demanlılar məhəlləsində doğulub. 1980-ci illərin sonunda Demanlılar ana yurdlarına qayıdanda geri dönənlərdən biri də onun ailəsi olub.
1989-cu ildə kənd əhli geri qayıtmaq üçün o vaxtkı parlamentə Ali Sovetə müraciət edir. Onların müraciətinə baxılır və kəndin sakinlərinə qaytarılması barədə qərar qəbul edilir. Amma necə?!
Kəndin bir hissəsi – örüş yerləri hələ də neytral zonadadır. Hər gün kəndin çobanları mal qaranı qabağına qatıb, sərhəd keçid məntəqəsinə gedir. Orada mal qara sayılır, sənədlərə möhür vurulur və sürü otlamaq üçün neytral zonaya keçir. Axşam da eyni qaydada mal-qara və çobanlar sərhəd yoxlamasından keçib, geri qayıdır.
Kəndin girişində bizi qarşılayan çoban da hər gün bu proseduru necə keçdiyini danışır. Amma bu dəfə onun da, başqa kənd sakinlərinin də ürəyi doludur. Biz kəndə gedəndə, bir neçə gün idi ki, sərhəd bağlı idi. Sakinlərə heç bir izah vermədən, örüş yerlərinə yolu bağlamışdılar.
Yardımlı İcra Hakimiyyətindən Azadlıq Radiosuna bildirdilər ki, problem müvəqqətidir, sərhəddə pozuntularla bağlıdır, bir iki günə çözüləcək. Sakinlərin dediyinə görə, iki gündən sonra həqiqətən də sərhəd açılıb. Amma Demanın yolsuzluq və məktəbsizlik probleminə hələ işıq üzü görünmür. On beş-iyirmi ailənin yaşadığı kəndin bu problemlərinin nə zaman yada düşəcəyi də bəlli deyil.
Demanda isə hər gün yaşamaq uğrunda mücadilə var.
“Birdən xəstələnsəniz, nə edirsiniz?” sualına kənd sakini Vüqar Rzayev belə cavab verir: Yol açıq olanda, aparırıq xəstəni ya rayona, ya da Avaşdakı tibb məntəqəsinə. Yol bağlı olanda da qalırıq Allahın ümidinə”.
Söhbətləşdiyimiz demanlılar düşünür ki, onların ən adi sosial haqlardan məhrum olması doğma yurdda yaşamalarının bədəlidir. Bəlkə elə buna görədir ki, şikayətçi deyillər. Nə kəndin ərazisinin tanımadıqları, bilmədikləri adamlar tərəfindən özəlləşdirilməsindən, nə sosial yardım ala bilməmələrindən, nə də həyat şəraitlərinin pis olmasından. Yeganə gileyləri sərhəddin ara-sıra qapanmasındandır.
“Bizim çörəyimiz heyvandarlıqdan çıxır. İmkan versinlər, heyvanımızı otaraq, dilsiz-ağızsız heyvanlar ac qalmasın. Vəssalam”.

*
Videoreportajın hazırlanmasında Fərhad Yalquzağın çəkilişlərindən və Abbas Atilayın fotolarından istifadə olunub.
XS
SM
MD
LG