Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:40

262 kilometr uzunluğunda kəmərin suyu niyə bakılılara çatmır?


Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi, 1 mart 2007
Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlqoyma mərasimi, 1 mart 2007

-
Axır ki, 2010-cu ilin sonlarında çoxlarının gözlədiyi an yetişdi – Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verildi. Açılış mərasimində paytaxt – Bakı sakinlərinin 75 faizinin içməli su ilə aramsız təmin olunacağı vəd edildi.

O vədlərdən 3 il ötür. Oğuz-Qəbələ-Bakı kəmərinin suyu hələ nə paytaxtın çevrəsindəki kənd və qəsəbələrə çatıb, nə də şəhərin mərkəzinə. Təkcə Korgöz qəsəbə sakinlərindən su problemlərini işıqlandırmaq üçün AzadlıqRadiosuna ildə, azı, 4-5 dəfə müraciət gəlir. Rəsmilər hər dəfə «su problemi çözüləcək» desələr də, nəticə yoxdur.

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə 2007-ci ildə başlanmışdı. Layihə təxminən bir milyard manata başa gəlib. Kəmərinin çəkilişini Neft Fondu maliyyələşdirib.

«LAYİHƏ İFLASA UĞRAYIB»

Səkkiz rayonun ərazisindən keçərək Bakıya gələn 262 kilometr uzunluğunda kəmərin suyu niyə bakılılara çatmır? Səbəb kimi kəmərin mənbəyinin – bulaqların quruması, daha doğrusu, quruma ehtimalları göstərilir. Bakını içməli su problemindən qurtarması bir yana, kəmər çəkildiyi kəndlərdə də su problemi doğurub.

Ekoloq Telman Zeynalov hələ layihənin icrasına başlanmazdan öncə kəmərin zərəri haqda xəbərdarlıq etdiyini deyir. Onun sözlərinə görə, kəmərin quraqlıq, səhralaşma törədəcəyi, bulaqları qurudacağı barədə dönə-dönə ictimaiyyətə üz tutub.

Xüsusi reportajlar - 18 fevral 2014

Canlı müzakirə


Oğuz-Qəbələ-Bakı su kəməri qaynağını Oğuzun Sincan kəndindən – bulaqlardan və yeraltı su ehtiyatlarından götürüb. Su kəmərinin monitorinqini aparan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, layihə iflasa uğrayıb, dövlətin milyonlarla manat pulu heçə gedib.

BU HALLARIN BAŞ VERMƏMƏSİ ÜÇÜN...

Oğuz-Qəbələ-Bakı su kəməri dövlət büdcəsindən vəsait ayrılan, amma gözləntiləri doğrultmayan layihələrdən biridir. İqtisadçı Kənan Aslanlı gerçəkləşmiş başqa bir layihəni – Bakının «20 Yanvar» dairəsində inşa olunan körpünü misal çəkir.

Kənan Aslanlı
Kənan Aslanlı

O, hələ layihənin icrasına başlamazdan öncə bu körpünün səmərəli olmayacağı barədə fikirlərin səsləndiyini xatırladır. Sonra büdcədən vəsait ayrılıb, körpü inşa olunub, amma problemlər qalıb və çözülməyib:


«Bu gün tıxacda qaldığıma görə önəmli tədbirə gecikdim. Körpü salınarkən mütəxəssislər bir yana, taksi sürücüləri də deyirdilər ki, bunun tıxac probleminin həllinə faydası olmayacaq. Çünki bu körpüdən Yasamala və «3-cü Dairə»yə yol ayrılmır. Amma körpünü inşa etdilər. Buna işlə bağlı qurumlarla yanaşı, Hesablama Palatasının da aidiyyəti varmı? Var. Çünki Hesablama Palatasının işi ancaq layihələrə ayrılan vəsaitlərin necə xərcləndiyini hesablamaq deyil, həm də layihənin səmərəliliyini qiymətləndirməkdir. Palata bununla bağlı rəy verməlidir».


ALMANİYA MODELİ...

Kənan Aslanlı bu yerdə Almaniya təcrübəsindən misal gətirir və deyir ki, orada hesablama palatası nəqliyyat nazirliyinin yeni tunelin inşasına dövlət büdcəsindən vəsait ayırmasına lüzum görməyib. Qurum bir neçə cümlədə və anlaşıqlı şəkildə mənfi rəyini əsaslandırıb və çıxış yolunu da göstərib:


«Hesablama Palatasının rəyində göstərilib ki, konkret yol ayrıclarında işıqfor və digər yol nişanları qoymaqla problemin həlli mümkündür. Beləcə, həmin tuneli tikməməklə büdcədə 12.7 milyon avroya qənaət olunmasına imkan yaradılıb. Baxın, arzuolunan hesablama palatası modeli budur: Problemin üzərinə getmək və alternativ çıxış yolları göstərməklə dövlət büdcəsinin vəsaitinə qənaət etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq».

Rəşad Həsənov
Rəşad Həsənov

Kənan Aslanlı deyir ki, Hesablama Palatası dövlət büdcəsi vəsaitlərinin israf olunmaması üçün belə yoxlanışlar aparmalı və rəyini hazırlamalıdır.

HESABLAMA PALATASI NECƏ ÇALIŞIR?

İqtisadçı-ekspert Rəşad Həsənov Hesablama Palatasının İctimai Vəsaitlərə Effektiv Nəzarət Sistemi layihəsiylə bağlı fəaliyyətinin araşdırıb. O bu nəticəyə gəlib ki, Azərbaycan Hesablama Palatasının rəyləri daha çox hökumətinin təbliğinə bənzəyir. Qəliz və az anlaşıqlı dildə yazılan həmin rəylərdə tövsiyə və nöqsanlarla bağlı bölümlər az olur:


«Hesablama Palatasının müstəqil olmaması bir çox hallarda onun fəaliyyətini məhdudlaşdırır. Palata prezidentin, Milli Məclis sədrinin və ya komitə rəhbərlərinin göstərişi əsasında bəlli qurumlarda yoxlama apara bilir. Layihələrlə bağlı rəylər büdcə bələdçisi təəssüratı yaradır və layihələrin təbliğinə bənzəyir. Palatanın hazırladığı tövsiyələr yalnız hökumətə və millət vəkillərinə təqdim olunur. Amma hesab edirəm ki, söhbət ictimai vəsaitlərə nəzarətdən gedirsə, həmin tövsiyələr ictimaiyyətə də açıq olmalıdır».


Rəşad Həsənovun diqqət çəkdiyi başqa bir məqam Hesablama Palatasının dövlət vəsaitlərinə tam nəzarət etməməsiylə bağlıdır. Onun sözlərinə görə, Hesablama Palatası neft və sosial müdafiə fondlarına, Naxçıvanın büdcəsinə, eləcə də digər ictimai təyinatlı vəsaitlərə tam nəzarət edə bilmir.

Nazim Məmmədov
Nazim Məmmədov


«GƏRƏK HAMISINI SALASAN İÇƏRİ...»

Hesablama Palatasının fəaliyyəti ilə bağlı tədbirdə sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov ötən ilin sonlarında Dövlət Neft Şirkətinin layihələrində adı keçən Anar Əliyev barədə yazılanları xatırladıb. O, Hesablama Palatasının rəsmisindən bununla bağlı hər hansı yoxlama aparılıb-aparılmadığını soruşub və Palatanın rəsmisi Faiq Nəcəfovdan qısa bir cavab alıb:


«Bu sualın cavabını sonra mən sizə verərəm».


Sualın cavabını eşitmək tədbir iştirakçılarının israrından sonra söhbətə millət vəkili Vahid Əhmədov qarışır:


«Mən sizə açıq deyirəm. Hesablama Palatasının yoxlamalar apardığı təşkilatlardan elə biri yoxdur ki, orada maliyyə nöqsanları olmasın. Bu nöqsanlar nəzərə alınsa, onda gərək hamısını tutub salasan içəri».


«MÜSTƏQİLLİK ZƏRURİDİR...»

Hesablama Palatasının daha səmərəli çalışması üçün iqtisadçı Zöhrab İsmayılın xeyli təklifi var. İnvestisiya layihələri ilə bağlı ayrıca rəylərin hazırlanması həmin təkliflərdən biridir:


«Azərbaycan büdcəsinin 40 faizə qədəri investisiya layihələrinə xərclənir.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
Demək, Hesablama Palatasının bu layihələr barədə ayrıca rəylər hazırlamasına, xərclənən vəsaitin səmərəliliyinin artırılmasına ciddi ehtiyac var».


İnvestisiya layihələrindən söz düşərkən, istər-istəməz, başqa bir sual önəm qazanır: Hesablama Palatası ictimai vəsaitlərin nə qədərinə nəzarət edə bilir?

İqtisadçı Kənan Aslanlını fikrincə, cavabı tapılmalı ən önəmli suallardan biri elə həmin sualdır:


«Mən iri vergi ödəyicilərinin, eləcə də Dövlət Neft Şirkətinin daxil və xaricdəki maliyyə əməliyyatlarını bir kənara qoyuram. Sırf ictimai büdcədə – söhbət 40 milyard manat vəsaitdən gedir – qarşıya qoyulan əsas sual odur ki, Hesablama Palatası bu 40 milyardın hansı hissəsinə nəzarət edə bilir? Bildirsələr ki, hamısına, – bu, reallıqdan uzaqdır. Çünki dünyanın heç bir yerində bütün ictimai vəsaitlərə tam və keyfiyyətli nəzarət etmək mümkün deyil. Azərbaycanda bu maliyyə vəsaitinə nəzarətin qismən həyata keçirilməməsi mümkündür və başadüşüləndir. Hesablama Palatasının yeni yaranması, formalaşmaqda olması, maliyyə və insan resurslarına ehtiyacı səbəb göstərilə bilər. Bütün bunları, haradasa, bağışlamaq olar, çünki zamanla düzələndir. Amma mütləq olmalı bir məsələ də var, o da Hesablama Palatasının müstəqilliyi məsələsidir. Yəni, bu qurumun icra orqanlarından – hakimiyyətdən asılı olmaması məsələsidir. Bu, başlıca və çox vacib bir məsələdir».

Faiq Nəcəfov
Faiq Nəcəfov

«HESABLAMA PALATASI MEDİADA YAZILANLARI OXUYUR...»

Hesablama Palatasının müstəqilliyinin Konstitusiyada təsbit edilməsi də əsas təkliflərdən biridir. Palatanın rəsmisi Faiq Nəcəfov bununla bağlı onların da məsələ qaldırdığını deyir, amma Konstitusiyaya dəyişiklik üçün referendum keçirilməsi gərəkdiyini vurğulayır. O, zamanla bu məsələnin çözüləcəyini bildirir. Hesablama palatasının müstəqil olub-olmamasına gəlincə, Faiq Nəcəfovun sözlərinə görə, bu qurum yetərincə müstəqildir və gərəkli səlahiyyətləri də var:


«Hesablama Palatası öz rəy və tövsiyələrində kifayət qədər ciddi məsələləri qaldırır. Və hökumət əksər hallarda bu təklifləri nəzərə alır. O ki qaldı bu rəy və tövsiyələrin ictimaiyyətə açıqlanmasına, bu tövsiyələr bir çox ölkədə ictimaiyyətə açıq deyil. Burada Almaniya, ABŞ və digər ölkələrin hesablama palatalarından nümunələr gətirilir. Bir məsələni vurğulamaq istəyirəm ki, Azərbaycanda Hesablama Palatası yeni yaranıb və formalaşmaqdadır. Amma bu o demək deyil ki, biz Almaniya, Türkiyə və digər ölkələrin təcrübəsini Azərbaycana köçürməliyik. Biz dünya təcrübəsini öyrənir, Azərbaycana gərəkli olanları tətbiq edirik».


Faiq Nəcəfov deyir ki, Hesablama Palatasının əməkdaşları mediada yazılanları izləyir, ciddi korrupsiya faktları olduqda həmin qurumlarda yoxlama aparılmasını gələcək planlarına daxil edirlər.

«NORMAL HESABLAMA PALATASI OLSAYDI...»

Oğuz-Qəbələ-Bakı su kəməri Bakının içməli su problemini çözmək üçün çəkilmişdi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, bu layihə təkcə büdcədən milyonların israfına deyil, kəmərin keçdiyi ərazidə yüzlərlə ailənin mülkiyyət hüququnun pozulmasına, su qaynaqlarının qurumasına yol açdı:

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı


«Normal Hesablama Palatası olsaydı, bu layihəni yoxlayar və bu qədər problemin yaranmasına imkan verməzdi».


Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından yararlanmaq, Bakıya saniyədə 5 kubmetr həcmində içməli su axıtmaq idi. Kəmər əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasına, paytaxt sakinlərinin içməli su ilə təchizatına təminat verməliydi.

«Güclü Hesablama Palatası güclü iqtisadiyyat, güclü dövlət deməkdir» – Rəşad Həsənovun tədqiqatı bu sözlərlə yekunlaşır. Hesablama Palatasının rəsmisi isə «zamana ehtiyac var» deyir.

XS
SM
MD
LG