Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

«Nə qoydular yazayım, nə qırdılar qələmi...»


Əli bəy Hüseynzadə
Əli bəy Hüseynzadə

-
Ucundadır dilimin,
Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,
Nə kəsdilər dilimi.
Bilirmisən cühəla
Nə etdilər vatana?
Nə qoydular uyuya,
Nə qoydular oyana.
Durur bila-hərəkət,
Rəvamı bir diriyə?
Nə getmədə iləri,
Nə dönmədə geriyə.
Ədu qırır qapıyı,
Biz evdə bixəbəriz.
Nə başqa başqalarız,
Nə ittihad edəriz.
Ayıltmadı qələmim.
Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,
Nə qırdılar qələmi.

Bu məşhur şeirin 100-dən çox yaşı var.
Şeirin adı «Hali-Vatan»dır, yəni, «Vətənin halı»
Müəllifi Əli bəy Hüseynzadə.
Bu şeir nə səbəbdən yazılıb?
Əli bəyin belə kəskin bir şeir yazmasına hansı əsaslar vardı?
Əli bəy təkcə şair deyildi, şöhrəti müsəlman Şərqini aşan filosof və jurnalist, gözəl həkim idi. Azərbaycanın bani babalarından sayılır...

İz - «Nə qoydular yazayım, nə qırdılar qələmi...»
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

Fevralın 24-də Əli bəyin dünyaya gəlməsinin 150 ili tamam olur.
Etiraf edək ki, Əli bəyin həyatı, yaradıcılığı, xidməti bir çoxumuza hələ təzə-təzə açılır.

Elə o üzdən, biz « İz »çilər Əli bəy Hüseynzadənin – Əli Turanın 150 illiyi şərəfinə hazırladığımız verilişi «Pərdə arxasındakı adam» adlandırdıq...

ƏLİ BƏY KİMDİR VƏ YA ÜMMƏTÇİLİKDƏN MİLLƏTÇİLİYƏ KEÇİD DÖVRÜ

Əli bəy 1864-cü ildə Salyanda Molla Hüseyn Hüseynzadənin və Xədicə xanımın ailəsində doğulub. Onun ana babası Axund Əhməd Səlyani 32 il Qafqazın şeyxülislamı olub. Maraqlıdır ki, daha əvvəl Qafqazın 39 il şeyxülislamı işləmiş Məhəmmədəli Səlyani də Axund Əhmədin əmisi, həm də qayınatası idi. Daha bir maraqlı fakt. Axund Əhməd Səlyani türk ədəbiyyatı tarixini yazmış ilk alimlərdən biridir. O, həm də Qori seminariyasının yaradılmasında əməyi keçən şəxslərdən biridir. Əli bəy belə bir mühitdə yetişib. Gimnaziya təhsili alıb. Babası Mirzə Fətəli Axundovla çox yaxın münasibətdəydi. Əli bəy Hüseynzadə irsinin araşdırıcısı Azər Turanın dediyinə görə, Mirzə Fətəlinin Əli bəyə türkçülük baxımından təsiri şübhəsizdir, amma daha böyük təsir və daha böyük nüfuz Axund Əhmədin payına düşür: «Axund Əhməd Səlyani ümmətçilikdən millətçiliyə keçid dövrünü yaşayan Qafqaz azərbaycanlıları arasında çox unikal bir şeyxülislam idi – o bu prosesi tənzim etməyi bacardı. Təbii ki, Əli bəy tək babasının əsəri deyil. O, milli oyanışımızın təməlində dayanan insanlardandır».

NİYƏ PETERBURQ?

Gimnaziya təhsilini Tiflisdə babasının yanında başa vurandan sonra (1885) Əli bəy oxumaq üçün Peterburqu seçir. O, gözəl rəsmlər çəkirdi (Onun «Bibiheybət məscidi » adlı tablosu indi Milli İncəsənət Muzeyində qorunur – S.İ.). Ürəyindən rəssamlıq təhsili almaq keçirdi. Amma elmə olan həvəsi üstün gəldiyindən, tibb fakültəsini seçir. Əli bəy şərq fakültəsində də mühazirələrə qatılır, Jukovskinin mühazirələrini dinləyir. Tibb fakültəsində Mendeleyevdən dərs alır. İmperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərə qatılır və inqilabi fikirlərinə görə təhsilini tamamlamadan paytaxtdan uzaqlaşmağa məcbur qalır…

NİYƏ İSTANBUL?

Daha bir maraqlı cəhət. Əli bəy Peterburqdan birbaşa İstanbula gəlir. İl 1889. Azər Turan deyir ki, Əli bəy İstanbula getməyinin səbəbini belə izah edir: «Müasir elmlərə yiyələnmək. Həm də Abdulla Cövdətə demişdi: Mən bir türkəm. Türkiyə də türk ölkəsidir». İstanbul Darülfununun tibb fakültəsində təhsilini bitirir. İstanbulda həkimlik edir. Daha sonra darülfununda professor yardımçısı işləyir. Hələ tələbə ikən inqilabçı gənc türklər hərəkatına qoşulduğundan, onu izləməyə başlayırlar. Azər Turan: «İstanbulda «İttihad və tərəqqi» partiyasının ilk özəyini yaradanlardan biri kimi bakılı Əli bəy Hüseynzadənin də adı çəkilir… ».

«Şeyxülislamın portreti». Əli bəyin babasının şəkli. Hüseynzadənin özü çəkib.
«Şeyxülislamın portreti». Əli bəyin babasının şəkli. Hüseynzadənin özü çəkib.


«RƏSULİ HƏQQ?!»

Azər Turan Əli bəyin İstanbulda çevrəsindəkilərə təsirini bir sitatla bildirir: «Əli bəy haqqında məşhur həkim, şair və jurnalist Abdulla Cövdətin bir fikri var: O, sakit və mütəfəkkir halı ilə üzərimizdə bir rəsul (elçi – S.İ.) təsiri icra ediyordu. Evet, o bir resuli-heqq idi! Ona rəsul deyənlər türk düşüncəsini yaradanlar idi! Əli bəy onların rəsulu idi!».

Nə qədər ehtiyatlı davransa da, Əli bəy tələbəlikdən bəri şübhəlilər siyahısında idi. Onu izləyirlər. Hətta bir müddət müxtəlif məkanlarda gizlənməyə də məcbur qalır.

NİYƏ BAKI? «O, BAKININ SİMASINI MÜƏYYƏNLƏŞDİRDİ»

Növbəti təqiblərdən sonra 1903-cü ildə Bakıya gəlir. Əli bəy haqqında kitab yazan Əli Heydər Bayat onun vətənə dönməsini belə qiymətləndirir: «Hüseynzadə Əli bəyin ayrılmasıyla tibbiye kiymetli bir elamanını kayb etdi, fəqət Azərbaycan türkçülüyün oyanmasında baş rolu oynayacaq bir övladını kazanmış oldu». Əli bəy Bakıda «Kaspi» qəzetində çalışır. Əhməd bəy Ağayevlə birlikdə «Həyat» qəzetini və «Füyuzat» dərgisini nəşr etdirməyə başlayır. «İz»in qonağı maraqlı bir fikir söyləyir: «Bu nəşrlərlə Əli bəy Bakını dünya türklərinin pirinə, ocağına çevirdi! Əli bəy Hüseynzadə Bakının simasını müəyyənləşdirdi. Türklər kimdir, kimlərdən ibarətdir? Bu sual ilk dəfə Bakıdan verildi dünyaya».

«TÜRK QANLI, İSLAM İMANLI VƏ FİRƏNG QAFALI OLALIM»

Verilişin bir başqa qonağı Şirməmməd Hüseynov Əli bəyin «Həyat» qəzetindəki missiyasını belə izah edir: «Qəzet qarşısına üç məqsəd qoymuşdu. Birinci məqsəd o idi ki, qoy bilsinlər türklər kimdir. Özünü dərk etməyən millətin gələcəyi olmazdı! Onlar gördülər ki, ötən əsrlər milliyyətçilik əsri olub. Milli ruh, insanın özünü dərk etməsi müstəqil dövlətlər yaradıb, xalqları inkişaf yoluna çıxarıb. Amma biz hələ kimliyimizi bilmirik. Dilimiz türkdür və onun tarixini öyrənməliyik. Əli bəy deyirdi ki, türklər tarix yaradan millətdir, amma tarix yazan deyil. Türklərin tarixini həmişə qərblilər yazıblar. Özlərinə sərf edən kimi yazıblar. Bizim qəhrəmanlığımızı vəhşilik kimi göstəriblər, öz vəhşiliklərini qəhrəmanlıq kimi. Görürsünüzmü, Əli bəy elə bil indi deyib. Bu, birinci məqsəd idi».

AZƏRBAYCAN BAYRAĞINDA ƏKSİNİ TAPAN İDEOLOGİYA

Şirməmməd Hüseynov Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağında əksini tapan ideologiyanı belə açıqlayır: «Qəzetin ikinci məqsədi – deyirdilər ki, biz müsəlmanıq - minillik islam mədəniyyətimiz var. Dinimizi xurafatdan, fanatizmdən uzaqlaşdırmalıyıq. Üçüncüsü, biz insanıq» M.Ə. Rəsulzadə sonralar bu ideyaların-- türkləşmək, islamlaşmaq, müasirləşməyin yerini dəyişdi. «Açıq söz» qəzetində yazdı ki, biz türkləşməliyik, müasirləşməliyik, islamlaşmalıyıq. Sitat: «Vaxtilə «Füyuzat» məcmuəsinin fazil mühərriri «Türk qanlı, islam imanlı və firəng qiyafəli olalım» demişdi; sonra türkçülüyün böyük filosofu Ziya Gökalp bu üç ümdəni daha elmi bir üslubla qullanmış və eyni şüar sonra «Açıq söz» qəzetinin başlığı altında bulunmuşdur». M. Ə. Rəsulzadə, «İqbal» qəzeti, 1914-cü il. Bax, indi biz «Həyat» qəzetini çıxaranların hazırladığı nəzəriyyə əsasında müstəqil dövlət yaratmışıq. Amma bilmirik ki, bu hansı qaynaqdan gəlir!».

«MÜHİT ONLARI BOĞURDU»…

Şirməmməd Hüseynov qəzetin hər iki redaktorunun-- Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun mükəmməl təhsil gördüyünü xatırladır: «Əli bəy Peterburq və İstanbul universitetlərini, Əhməd bəy Sorbon universitetini bitirmişdi. 7-8 dildə danışırdılar. Şərqi də, Qərbi də gözəl bilirdilər. Onlar elə yerdə, elə adamlardan dərs almışdılar ki, dünyanın aparıcı tendensiyaları orda idi. Avropa mədəniyyəti, demokratiyası, düşüncə tərzi onlara hakim idi. Qayıdıb elə mühitə düşmüşdülər ki, onları boğurdu... Çıxış yolu lazım idi. Bir işıq gərəkdi. Bu qəzet təkcə Azərbaycan türkləri üçün deyildi, Rusiyada yaşayan türklər üçün idi. Türkiyədə, İranda, Orta Asiyada olan türklər üçün idi. Qəzetin oxucusu Misirdə, Hindistanda da vardı. Çünki Əli bəy tanınan adam idi, Əhməd bəy də eləcə. Onlar millətin namuslu övladları idilər».

«OSMANLININ DİLİ ƏDƏBİ DİL OLMALIDIR»

Şirməmməd müəllimin dediyinə görə, qəzet 2 min – 2 min 500 tirajla çıxırdı: «Çünki onlar nəzəriyyədə dediklərini təcrübədə də həyata keçirirdilər. Əli bəy ümumi ədəbi türk dili problemi qoyurdu. O deyirdi ki, türk xalqları içində min illər ərzində öz dövlətini yaradan Osmanlı türkləri olub. Onların dili hamımız üçün ədəbi dil olmalıdır. Ərəb əlifbası da buna imkan verirdi. Amma dil məsələsinə münasibət eyni olmadı. Osmanlı ləhcəsi məsələsi işi çətinləşdirdi. Ümumi türk dili qəbul olunmadı. Fikir versəz, ondan sonrakı nəşrlərdə Azərbaycan ləhcəsi əsas yer tuturdu. O ki qaldı qəzetə, bilirsiniz nə qədər hücum vardı?».

«Bibiheybət məscidi» adlı tablo
«Bibiheybət məscidi» adlı tablo


«HƏYAT» 4 DÖVLƏT PRİNSİPİNİ ƏSAS QANUN KİMİ İRƏLİ SÜRÜRDÜ

Əli bəy Hüseynzadənin digər tədqiqatçısı mərhum Ofeliya Bayramova AzadlıqRadiosunun arxivində qorunan səsyazısında bu prinsiplərə toxunur: «Həmin prinsiplərin əsasında insan haqları və demokratiya dayanırdı. Əli bəyə görə, türk xalqlarının müstəqilliyinə zəmin yaradan konstitusiyalı proqrama əsaslanan dövlət quruluşu ən demokratik dövlət strukturudur. O deyirdi ki, Avropanı, Amerikanı, Yaponiyanı xoşbəxt edən konstitusiyalı dövlət quruluşudur. Hər növ səadətin, rifahın mənbəyi şəxsiyyət azadlığıdır, vicdan azadlığıdır, ictimai-siyasi bəxtiyarlıqlardır, ədalət və bərabərlik haqlarıdır».

ƏLİ BƏY BAKIDAN NİYƏ GETDİ ?

Azər Turan Əli bəyin gedişi ilə Bakıda bir matəm yaşandığını bildirir: «Səadət məktəbinin müdiri olan Əli bəy Bakıdan köçəndə şəxsi əmlakını məktəbə bağışladı. Onun gedişi böyük üzüntü doğurdu. «Qafqaz türkləri yetim qaldılar»a bənzər fikirlər səsləndi. Bir az əvvəl Əhməd bəy Ağaoğlu Türkiyəyə, Rəsulzadə İrana getməyə məcbur qalmışdı. Deyirdilər ki, bədbəxtlik bayquşu qondu Qafqaz dağlarına… Əli bəy yenidən Türkiyəyə getdi, çünki təqib olunurdu».

İLK JURNALİST KÖÇÜ… «EY QƏLƏM!»

Bu, ilk jurnalist köçü idi. Əli bəy «Hali-Vatan» şeirini də o dövrdə – Bakıdan köçməyə məcbur qalanda yazmışdı. Verilişdə Şirməmməd Hüseynov Əli bəyin «Ey Qələm» adlı yazısına da diqqət çəkir: «Mən heç bir yerdə qələmə müraciətən yazılan belə məqaləyə rast gəlməmişəm. Gör nə deyir: Sən dünyagörmüş, qəhrəmanlar yola salmış, (qələmə deyir ey) filosoflar əlində işləmiş, nurdan yaradılmış müqəddəs bir vücudsan. Sənin qüvveyi-hafizən çoxdur. O vaxt ki avropalılar sənin nə olduğunu bilmirdilər, səni biz onlara tanıtdıq… Bəlkə bu parçalanmış, şirazəsi dağılmış Vətənimizi hifz edək? (Fikir verirsinizmi? Qələmlə hifz edək, silahla yox, – deyir…)».

CÜMHURİYYƏT ÇALIŞMALARI

Azər Turan Əli bəyin Türkiyəyə köçəndən sonra «İttihad və Tərəqqi»nin Rəyasət Heyətinin üzvü seçildiyini deyir: «1918-ci ildə Əli bəy xüsusi məqsədlə Azərbaycana gəlir. Özü yazır ki, «türk ordusu tərəfindən federasyondan ayrılmış Azərbaycana, əvvəlcə Batumda Xəlil bəyin nəzinə, sonra Gəncədə Nuru paşanın nəzinə qədər Əhməd bəy Ağaoğluyla birgə getdik. Türk ordusu tərəfindən istiqlaliyyətini qazanmaqda olan Azərbaycanın yerli aydınları ilə birlikdə bu ölkənin cümhuriyyət halında təşkil və təsis olunması işlərində çalışdım».

«MƏN TƏKPARTİYALI DÖNƏMDƏ MİLLƏT VƏKİLİ OLMARAM!»

1920-ci ilin aprel işğalından sonra Əli bəy təkrar Türkiyəyə dönməyə məcbur qaldı. İstanbulda həkimlik fəaliyyətini davam etdirdi, cümhuriyyətin qurulmasına qatıldı. Qızı Feyzavər xanım bu dönəmi mediaya belə açıqlayıb: «Atatürk o vaxt atama, Ağaoğluna və bəzi başqa insanlara millət vəkilliyi təklif edib. Atam deyib ki, mən təkpartiyalı dönəmdə millət vəkilliyini qəbul etmərəm. Atatürk deyib ki, yaxşı, onda gəl, Türk Dil Qurumunda əməkdaşlıq edək». Əli bəy razılaşıb, Türk Dil Qurumunda çalışıb.

ƏLVİDA, BAKI! SON AYRILIQ …

1926-cı ildə sonuncu dəfə Fuad Köprülü ilə Bakıya gələrək burada keçirilən I türkoloji qurultaya qatılıb. Fəxri Rəyasət heyətinə seçilib. Yazdığı «Qərbin iki dastanında türk» əsərini nəşr olunmaq üçün təqdim edib. Vaxtilə bioqrafiyasında yazdığı kimi, doğulduğu «Qafqaz Azərbaycanında Kür nəhri sahilində» yerləşən Salyan şəhərinə də baş çəkərək, yeganə qardaşı İsmayıl bəylə sonuncu dəfə görüşüb. Bir daha çətin görüşə biləcəyini, hətta məktub yaza bilməyəcəyini eşitdirib. Sonra yenidən İstanbula dönüb. Bu, son gediş olub...

«UZUN, İNCƏ BİR YOLDAYAM...»

1940-cı ilin martı. Əli bəy təqaüddədir. Onun son anını Azər Turan belə təsvir edir: «Hindistanda milli-azadlıq hərəkatı gedir. Əli bəyin kürəkəni ingilislərin tərəfdarı, Əli bəy hindlilərin tərəfdarı. Radio Hindistandan xəbərlər verir. Bunların arasında mübahisə olur. Əli bəyin oğlu Səlim Turan (tanınmış rəssam olub, Parisdə yaşayıb—S.İ.) xatırlayır ki, güzgüdən gördüm ki, babamın başı arxaya gedir... Onu divana uzadırlar və Əli bəy Hüseynzadə dünyasını dəyişir. Qaracaoğlan məzarlığında dəfn olunur. Əli bəyin ömür-gün yoldaşı Əthiyə xanım Əli bəydən 24 yaş kiçik idi. Onların 3 övladı vardı. Amma bu 3 nəfərin heç birinin övladı olmur və Əli bəyin soyu tamamlanır...».

P.S. Etiraf edim ki, bu böyük insanın varlığını hələ tələbəlik illərindən duymuşam. Buna görə vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində biz «İz»çilərə dərs deyən sevimli müəllimimiz Nəriman Zeynalovu sayqı ilə anıram. Ruhu şad olsun! Sovetlərin qılıncının ən kəsərli vaxtlarında belə o bizlərə Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan («Kaspi», «Həyat», «Füyuzat»), Məhəmməd Əmin Rəsulzadədən («Açıq söz» qəzeti) ağızdolusu danışar və elə danışardı ki, bizlər məhz bu yasaq adları ömürlük yaddaşımıza həkk etməli olduğumuzu anlardıq.

«Pərdə arxasındakı adam» radiodastanı qarşınızdadır.

XS
SM
MD
LG