Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:29

AXCP-nin keçmiş qərargahının sahibi: «Bəlkə də qaz balonlarını sonradan gətirib atıblar ora...»


Azər Əsgərov
Azər Əsgərov
-
Bu müsahibəni görüncə «Kimdir Azər Əsgərov» sualı ağlınıza gələcək. O, AXCP-nin qərargahı yerləşən və «qəzalı vəziyyətdə olduğundan» sökülən binanın sahibidir. Xanımı da, uşaqları da Türkiyə vətəndaşlarıdır. Vaxtilə YAP üzvü olduğunu söyləyən Azər Əsgərov vətənindəki «haqsızlıqlara dözmədiyindən» 1997-ci ildən bəri oturma izni ilə Türkiyədə yaşayır. Onun xanımı da öncə partlayan, sonra sökülən mülkün ortağı olduğundan mülkiyyətinin taleyi ilə bağlı prezident Abdullah Gül-ə müraciət edib və cavab alıb ki, Türkiyə XİN-i bu məsələni araşdıracaq.

AzadlıqRadiosunun Azər Əsgərovla müsahibəsini diqqətinizə yetiririk.

- Həmin binada əvvəllər hər hansı ciddi dağıntıya yol açan elektrik qapanması və ya qaz sızması baş vermişdi?

- Heç vaxt. Mən bir şey deyim, binanın aşağısı başqa adamındır. Zirzəmidə ev dəllalı və dəllək fəaliyyət göstərirdi. Onlar da heç vaxt qazdan istifadə etmədiklərini deyirlər. Bəlkə də qaz balonlarını sonradan gətirib atıblar ora, yaxud əvvəldən partlayıcını balonların içərisinə yerləşdirib qoyublar ora. Açarı ya oranın sahibindən, ya da orada işləyənlərdən alıblar, işlərini görüblər. Ancaq düzgün hesablamayıblar. Ora qoyduqları partlayıcının gücü zəif olub. Çünki onlar elə bilirdi tavan yalnız taxtadan ibarətdir. Onlar bilmirdi ki, taxtanın üstündən mən qalın beton vermişəm. Taxta konstruksiya dağılmışdı, ancaq mənim yerimə xəsarət dəyməmişdi. Tutaq ki, mənim yerim qəzalı vəziyyətə düşüb, mülkümü niyə mənsiz sökməlidirlər? Mən partlayış olduğunu eşidib Bakıya gəlirdim. Onda yetişdim ki, qarışqa kimi tökülüb binanı sökürlər.

- Mülkünüzün partladılması xəbərini eşidəndə ilk ağlınıza nə gəldi?

- Mən telefonla icra hakimiyyəti nümayəndəsi ilə danışdım ki, sökməsinlər, gəlirəm. Çünki içəridə təhvil alacağım avadanlıq qalmışdı. Hamısını çıxarıb aparıblar. Görəndə ki sökürlər, qarışmadım. Məni provokasiyaya çəkib həbs edə bilərdilər. Yaxud da istəyərdilər ki, ikimərtəbəli mülkümün sökülməsini gözlərimlə görüm, ürəyim partlasın. Mənim imzam olmadan, sökülmə haqqında sərəncamın surətini mənə göstərmədən söküblər. Mən o pulları dişimlə, dırnağımla qazanmışam. Bunlar kimi rüşvət yeməmişəm...

- Sökülən mülkə görə sizə hər hansı kompensasiya təklif olunub?

- Heç bir kompensasiya təklif etməyiblər. Fövqəladə Hallar Nazirliyinin sənədində göstərilir ki, mənim mülkümün sahəsi 340 kvadratmetrdir. «Sovetski»də sökülən evlər kimi kvadratmetrini 1500 manatdan hesablasaq, üstünə də içəridəki əşyaların dəyərini gəlsək, 1 milyon manatdan çox edər. Bunlar əsas gətirilər ki, guya mənim mülkümün döşəməsi qəzalı vəziyyətdə olub. Həmin döşəmə hələ də qalır. Oranın üstündə 2 ədəd 80 tonluq texnika işləyib sökmək üçün. Texnikalar işləyəndə çökmədi, 5 nəfər cəbhəçi döşəmənin üstündə gəzəndə çökəcəkdi?

- Bu hadisə sizin üçün nə dərəcədə gözlənilən idi?

- Mənə çox təzyiqlər olmuşdu. Ancaq quldurcasına partladacaqlarına güman etmirdim. Hətta Türkiyədə də ailə üzvlərimə təzyiqlər olurdu. Bunların şirkət ortaqları ailə üzvlərimin qarşısını kəsib ölümlə hədələyiblər onları. Mənim həyat yoldaşım mənim mülkümə ortaqdır. İndi o bir neçə yerə, həmçinin Türkiyə prezidenti Abdullah Gül-ə və Azərbaycandakı səfirliyə şikayətlər edib ki, mülkün partladılması və sonradan dağıdılması araşdırılsın. Abdullah Gül-dən cavab gəlib ki, bu məsələni Türkiyənin XİN-i araşdıracaq.

- Bu mövqedə özünüzü nə dərəcədə haqlı sayırsınız? Bundan sonra hər hansı itkiləri gözə alırsınız?

- Burada mən 100 faiz haqlıyam. Bunlar hər şey edə bilərlər. Məni də, ailəmi də öldürə bilərlər. Bütün dünyada mülkiyyət toxunulmazdır. Mənim mülkümü dağıdıb, içərisini də talan ediblər. Mən cəbhəçi deyiləm ki. Mən azad düşüncəli bir insanam və öz əqidəm var. Mən AXCP-nin haqq uğrunda mübarizə apardığını bilirəm. Azərbaycan vətəndaşı kimi mən də burada baş verən haqsızlığı görüb, baş götürüb çıxmışam burdan. Məgər hər hansı müxalifət partiyasına yer vermək cinayətdir? Qoy belə bir qanun çıxarsınlar. Hakimiyyətdə oturanlar mənim mülkümü sökürlər... Bizdə səsyazısı var – FHN əməkdaşları qardaşımı hədələyirlər ki, cəbhəçiləri ordan çıxarmasanız, partladacağıq mülkünüzü. Bu quldurluq deyil, bəs nədir?

- O vaxt niyə bir tədbir görmədiniz?

- Mən fikirləşdim ki, bu dərəcədə vəhşilik etməzlər.

- Bu çətin vəziyyətdən necə çıxmağı düşünürsünüz?

- Oturub gözləyirəm görüm, burada dövlət var, ya yox? Mənə qarşı haqsızlığa reaksiya verən olacaqmı? Mən oranı tikincə, anamı ağlatmışdılar. İndi bir anda sökdülər.
XS
SM
MD
LG