Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:43

M. Qurbanlı: «Kiminsə əvəzinə vəkillik edəsi deyilik ki?» #Krım


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
-
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna deyir ki, hakimiyyət Ukrayna məsələsində mövqeyini tam açıq və birmənalı ifadə edib. Belə ki, xarici işlər naziri, onun müavini Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyü və suverenliyini müdafiə etməsinə dair bəyanatlar verib:

– Çünki Azərbaycan özü separatizmdən əziyyət çəkən ölkədir, təcavüzə məruz qalır. Azərbaycan beynəlxalq norma və prinsiplərə əməl olunmasına tərəfdardır. Bu mövqe XİN tərəfindən açıqlanıb. Bəzən deyirlər ki, açıqlanmayıb. Yəqin kimlərsə qəzet oxumur, televiziyaya baxmır, radioya qulaq asmır. Türkiyə, İran və Azərbaycan xarici işlər nazirlərinin bu yaxınlarda görüşü keçirildi. Həm Ahmet Davutoğlu, həm də Elmar Məmmədyarov birmənalı şəkildə bildirdilər ki, «ərazi bütövlüyü və suverenlik məsələsində beynəlxalq hüquqa söykənən norma və prinsiplərə istinad olunmasını istəyirik. Ukraynadakı hadisələrin danışıqlar, sülh yoluyla həllinə tərəfdarıq». Bizim qəzetlər də yazırlar ki, «Azərbaycan ortalığa mövqe qoymalıdır». Azərbaycan mövqeyini qoyub da, başqa nə etməlidir ki?

– Yəqin daha kəskin mövqe gözləntiləri var hakimiyyətdən. Sabah oxşar referendum məsələn Dağlıq Qarabağda keçirilə bilər.

– Kəskin mövqe nəyə deyirik? Azərbaycanın öz ərazisinə təcavüz olunub, ərazisinin 20 faizi işğal altındadır. Biz öz ərazimizi geri qaytarmaq üçün diplomatik, siyasi, iqtisadi, sosial, psixoloji mübarizəmizi, hərb cəbhəsində ordumuzu gücləndirməkdə davam etməkdəyik. Ona görə də bəzən beynəlxalq miqyasda böyük qarşıdurmalarla müşayiət olunan hadisələrdə Azərbaycan birmənalı mövqeyini deyir. Ancaq indi dövlətimizin özü müəyyən çətinliklərlə üzləşdiyi bir vaxtda kiminsə əvəzinə vəkillik etmək, kiminsə mövqeyini müdafiə üçün ortaya çıxıb onun yolunda mübarizə aparası deyilik ki? Biz müstəqil dövlət olaraq, BMT-nin üzvü olaraq, BMT nizamnaməsi çərçivəsində mövqe bildirdik. Ukrayna xalqı özü öz ərazisini müdafiə üçün tədbirlər görür. Ukrayna ilə həmrəylik nümayiş etdirənlər arasında supergüclər var ki, onlar başqa mövqe ortaya qoyur. Azərbaycan da müstəqil dövlət kimi öz mövqeyini bildirib. Bundan artıq nəsə deməyə heç ehtiyac qalmır. Mövqeyimiz budur. Böyük Yeddilər toplaşacaqlar. Ukrayna böyük güclərin döyüş meydanına çevrilib. Bu hadisələr də göstərir ki, Prezident İlham Əliyev çox uzaqgörən, təcrübəli, praqmatik siyasət yeridərək Azərbaycanı böyük güclərin döyüş meydanı deyil, barış meydanına çevirmək siyasəti yeridir. İnşallah bu yolla heç bir xətər, zərər görmədən yolumuza davam edəcəyik. Əsas məsələ ərazi bütövlüyümüzün bərpası, müstəqilliyimizin gücləndirilməsidir, bu proses də getməkdədir.

XS
SM
MD
LG