Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:03

Seyfəddin Hüseynli Rasim Qaracanın romanını sərt tənqid edir


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-

Ədəbi möhtəkirliyi yazıçılıq, xaltura məhsullarını saf ədəbiyyat kimi, oxucuya hörmətsiz münasibəti yaradıcı fədakarlıq nümunəsi donunda irəli verənlər nə qədər desən...

Yüngül, bomboş, üç-beş günlük satışdan savayı heç nəyə hesablanmayan intim əhvalatlar toplusunu eşq hekayələri, vətənpərvərlərə ithaf adı altında sağa-sola sırımaq istəyənlər də bir yandan...



Seyfəddin Hüseynli bu məqaləsi ilə yazıçı Rasim Qaracanın “On bir gecə” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Seyfəddin Hüseynli


TƏRƏZİDƏKİ NÜSXƏ: YAZA BİLMƏKDƏN O YANDA...

2060-cı ilin soraq kitabçası üçün


“Bilənlə bilməyən bir olarmı?!”

Mübahisə açıb, baş sındırmaq üçün deyil bu sual, çünki kökü xeyli qədimdədir, cavabı da lap çoxdan verilib.

Elə sualdan sonrakı nida da bunu bildirmək üçündür. İstər mistik-metafizik, istərsə də elmi-məntiqi bilgi nəzərdə tutulsun, yenə də cavab dəyişmir: “Olmaz! Mümkün deyil!”

Ancaq məsələ feili müstəviyə keçiriləndə, yəni nəzər-diqqət “nəyisə bacarmaq” anlamı üzərinə fokuslananda, qarşıya ani bir tərəddüd əngəli çıxır.

İllah da ədəbi-bədii yaradıcılıqdan söhbət gedəndə.

Tutalım, “yaza bilmək” mənasında.

Tərəddüdə isə yaza bilib-bilmədiyinə hər kəsin özünün qərar vermək meyli səbəb olur. Yəni, o halda ki, ümumi meyarları da, fərdi göstəriciləri də, nəticələrin səviyyəsini də özün bəlirləmək eşqinə düşürsən.

Bu munis eşqini potensiya halında saxlamağa qıymadığın üçün onun real ifadəsinə də əvvəlcə can, sonra da əl atırsan. Necəmi?

Əməl çox sadədir: hardansa oynaq bir tərəzi tapırsan, onun uzaq gözünə beş-altı ögey kitab qalaqlayırsan, yaxın gözünə isə həm doğma bir nüsxə qoyursan, həm də... ayağını!

Axı, məqamı gəlcək, tərəzinin həmin o yaxın gözünü var gücünlə aşağı basmaq niyyətin var. Elə ki ayağına güc verirsən, tərəzinin uzaq gözü – içindəki ögey kitablar qarışıq – hoppanır yuxarı, yaxın göz isə – doğma nüsxəylə birgə - yatır aşağı. Sən də zövqlə əlini-əlinə vurur, “qas-qas” gülüb coşursan, şövqlə özün üçün belə bir status düzüb-qoşursan: “Mən - yaza bilən adam...”

Tərəddüd də bu arada baş qaldırır. Ətrafdakı bəzi kimsələrdə - tərəddüd üçün bir himə bənd olanlarda. “Tərəzidirmi, şeytan yelləncəyidirmi?” – duruxub qalırlar.

Ancaq o tərəddüd də aradan çəkilmək üçün bir himə – ayağının azacıq yüngülləşməyinə bənddir. Hünərin var, boşalt ayağını, qaldır tərəzinin yaxın gözündən: ögey kitablar qalxar ərşi-fələyə, doğma nüsxə batar yerin dibinə. Ya da, bu gedişlə, eləcə də qalarsan həmişəlik – bir ayağı göydə! Ta ömür bitincə.

Sonra bir tərəzi də gələr ortaya – tamam başqa tərəzi. Sənin ayağın çatmayan, təsirin yetməyən. Bəs onda kim basar ayağını o tərəzinin sənə yaxın gözünə? O tərəzidə yaxınlıq-uzaqlıqmı işləyər?! Bir də ki yaza bilmək hara, ömrü bitmək hara?!

Yaza bilənin ömrünün başlanması həm ilkin, həm də yeganə şərtdir: gərək başlana. Başlanıbsa, bitməməlidir. Bitibsə, deməli, heç başlanmayıbmış. Özün üçün dəqiqləşdirəsən bəlkə bu mətləbi? Sonra da çəkini-sanbalını buna görə ölçəsən bəlkə? Amma sənin tərəzinlə, sənin qərəzinlə olmaz bu iş: ayağını sal aşağı!...

Niyyət olsa, yaza bilməyənləri tanımaq yaza bilənləri seçib ayırd etmək qədər çətin deyil. Dərinlərə varmağa, üst pərdələrdə dolaşmağa, yüksək nəzəri prinsiplər dərdinə düşməyə ehtiyac olmur.

Yaza bilməyənlər bu lüzuma yer qoymurlar çünki. Eləcə üzdən-üzdən yanaşmaq, aşağılarda gəzişmək də yetir. Əvvəlki sözü sonrakı kəlməylə düz gəlməyən, bir cümləsi o birini tutmayan, məğzi-məzmunu daban-dabana zidd çıxan yazılar nə çox...

* * *

Bufetçi var iş yerimizdə – Nina xanım. İlk gündən dilimiz öyrəşib, hər yeni gələn də əvvəlkilərin ağzına baxır deyə, hamılıqla “tyotya Nina” çağırırıq onu.

İndi də bir elə yaşlı sayılmaz, amma 90-ların sonu – təzə yüzilliyin başlarında, sözsüz ki, daha cavan idi. Biş-düş arasında, yemək paylayandan qabları yığana qədərki müddətdə kitablarla göz-gözə qalardı tyotya Nina.

Nə oxuyurdu? Oğrun-oğrun diqqət yetirmişdik oxuduqlarına. “Diqqət yetirmişdik” çox ütülü çıxdı, deyəsən: üzlü davranıb, tyotyamızın gözündən yayınıb, vərəqləmişdik o kitabları. Hələ, fürsət qədərincə, ora-burasından oxumuşduq da (məhz -mişdik və -muşduq; çünki o tərz “əməliyyatlar”da adamın hər zaman özü kimi nadinc bir şəriki olur)

Bizim müəllifləri oxumazdı tyotya Nina. Amma məsələ dil baryerində deyildi. Heç müasir rus müəlliflərə də qanı qaynamazdı. İngilis, fransız, amerikan yazarların bestsellerləri, əsasən də eşq mövzulu, “çəhrayı” tipə aid romanlar idi onunku. Əlbəttə, ruscaya tərcümədə.

Xəlvəti oxumağa çalışdığı, bildirmək, göstərmək istəmədiyi aydın sezilirdi. Oxuduqlarının mövzusu, məzmunuydumu onu kompleksə salan. Çətin! Nədən ki, qəribə illər idi, erotik, hətta aşkar pornoqrafik materiallar yayan nəşrlər göydən yağırdı, yerdən bitirdi elə bil. Düz-dünya sapsarıydı. Hər həftə təzələri çıxırdı, tiraj da N qədər. Aşkarda satılırdı, açıqda oxunurdu hamısı: eşq-məhəbbətdə gizli mətləb, örtülü söhbət qalmamışdı. Odur ki, tyotya Ninanın mütaliə vaxtı daldalanmağının, hardasa abır gözləməyinin başqa, həm də çox-çox güclü bir səbəbi olmalıydı.

Vardı da: yan tərəf - qəzet redaksiyası, üst qat - tərcümə mərkəzi, tərcümə jurnalı! Dörd tərəfdə də yaza bilənlər, ya da bu işə iddialı kimi döşünə döyənlər! Tyotya Nina isə yaxın xarici dildə, çox uzaq xaricin romanlarını oxuyurdu! Əlbət, sıxılırdı, qeyri-etik bilirdi bu rəftarını, bizimkilərə hörmətsizlik kimi çıxacağından ehtiyatlanırdı. Buna görə də, mətbəxdən çox, “Nina” mətbəəsinə döndərmişdi öz xudmani məkanını.

Ən mühüm səbəbi isə sonralar – o sapsarı toz-duman seyrələnə yaxın - kəşf etdik: keyfiyyət məsələsi! Tyotya Ninanı, nəinki bizdəki yazarlardan, elə ona bir köynək yaxın bildiyimiz rus müəlliflərdən də uzaq salan keyfiyyət imiş, daha doğrusu, keyfiyyətsizlik! Demə, bizlərdə də, yaxın xaricdə də keyfiyyətli, səviyyəli, dadlı-duzlu eşq romanları, sevgi-məhəbbət əhvalatları yazan yoxmuş o illərdə! Guya indi varmı? Tyotya Nina, lap elə günü sabah, alıb oxumaq istəsə, uzağa getməyək, burda - bizim özümüzünkülərin yaradıcılıq rəfində tapa bilərmi həmin romanlardan?
Rasim Qaraca
Rasim Qaraca

Müşkül işdir. Ancaq tapa bilsin gərək. Axı aradan “On bir gecə”... lənət şərə, on bir ildən çox keçib! Ədəbiyyatımızı sarsıdan on bir il! Di gəl yaddaş imkan verdiyi qədər xatırlayıb tutuşduranda qanqaraldan, ürəkbulandıran nəticə (əslində, nəticəsizlik!) alınır. Müqayisə xoş deyil, heç xoş deyil. Amma başqa yol da yoxdur...

Misal üçün, o kitabların müəllifləri qələmə aldıqları əhvalatları bitdən-birəyə qədər açıb çözələdikdən, olanları, danışılanları sözbəsöz, heç bir şübhəyə işarə etmədən açıqladıqdan sonra: “Çoxdanın söhbətidir, hər şey yadımdan çıxıb” - tipli “sürpriz” cümlələrlə oxucusunu ələ salmazdı.

Belə manevrlər, adətən, zamanla, keçmişlə, yaddaşın oyunlarıyla bağlı intellektual romanlarda xatırlamanın nisbiliyini göstərməyə - özü də sırf stilistik addım, məqsədyönlü gediş kimi – xidmət edir. Burda isə...

Bir də baxırsan, “sarışın, bəyaz tənli” Nəzakətin zorən, yəni “öz istəyi olmadan ərə verilməsi” deyə bir dərdimiz var. Amma cəmi 4-5 cümlədən sonra problemimiz belədir ki, həmin gəlin “rəhmsiz qaynanasının iradəsiylə məcburən ərindən boşanmalı olub”.

Yaxud, məlum Nəzakətin əhvalı əvvəlcə bu cümləylə çatdırılır: “...Deyəsən o özü də utanırdı, birdən-birə mənimlə nə cür rəftar edəcəyinə qərar verməmişdi...” Cümlənin natarazlığı bir yana, qətiyyən köklü dəyişikliyə işarə vurulmayan ikicə sətirdən sonra Nəzakət qəfildən, qorxu filmlərinin vampir personajları kimi, tamam başqalaşır: “...Üzündə hiyləgər təbəssüm vardı, sanki məni ovcunun içində tutmuşdu, hər şeyimi görürdü...”

“Yol azmış iki nəfər”dən birinin dediyinə görə, atası tüfəngin lüləsini anasının gicgahına(!) dayayır. Ancaq tamamən təsadüfi olan üçcə cümlədən sonra, nədənsə, tüfəngin lüləsi qadının alnında (!) olur. Tutaq ki, bunları “yaxın nahiyələrdir” deyib keçdik. Bəs alnındanmı, gicgahındanmı gülləylə vurulan, hər halda, beyni bircə anda dağılmış olan qadının buna rahatca, ənənəvi bir tərzdə: “Tahir, sən neylədin” - kimi əttökən cümləylə reaksiya verməsi necə olsun?!

“Nasos stansiyasında işləyən adam”ın qəziyyəsini danışan deyir ki, Nəbi “bir gözü mayıf, şikəst adam” idi. Amma həmin Nəbi “yaşlı olmasına baxmayaraq həmişə bizimlə gizlənpaç, yeddişüşə oynayardı”. Bir qədər sonra isə Nəbi haqqında başqa təqdimat gəlir: “Nəbiylə lap uşaqlıqdan mehribançılığımız vardı, məni öz uşağı kimi bilirdi. Bəzən eynilə atam kimi, hirslənib ərklə üstümə qışqırardı. Nəbidən qorxmurdum, istəyəndə cavab qaytarırdım, hətta şillə-təpik atsaydı mən də cavabsız qalmazdım...”

Nəbinin məhkəməsi barədə giriş cümlədən belə çıxır ki, “hakim ondan sözü maqqaşla çəkirdi”. Hakimlə müttəhimin dialoqu isə elədir ki, Nəbi hər sual eşidəndə tapança kimi açılır, dolğun cavablar verir:

“ - Nə üçün arvadını öldürmək qərarına gəldin?
- Şübhələnirdim.
- Nəyindən şübhələnirdin?
- Mənimlə soyuq rəftar edirdi.
- ...yəni nə edirdi?
- Mənə yaxınlıq vermirdi...”

Daha burda maqqaşa-filana nə gərək var, Nəbi olan kəs bundan artıq nə deyəsidir ki?...

“Başqa bir sevgili”də Sərdar danışır ki, otaq yoldaşı Füzulidən zəhləsi gedirmiş: “Çox təkəbbürlü birisiydi. Özünü oxumuş adam kimi göstərirdi, gec saatlaradək kitab oxuyurdu...” Təkəbbürün bu qədər bivec təzahürü, bunca cəfəng ifadəsi az-az tapılar. Necə yəni “özünü oxumuş adam kimi göstərirdi”? Adam, haqqənnəs, “gec saatlaradək kitab oxuyurmuş” ki!

Yenə həmin “bab”da deyilir: “Özü haqda çoxlu yalanlar (!) uydururdu Svetlana...” Araya girən iki-üç informativ cümlədən sonra belə bir təzad üzə durur: “Özü haqqında mənə danışdığı bu gerçəklər (!) mənə adi görünürdü...”

“Çətini ölənəcəndi”də Şahindən hekayətdir ki, döyüşdə bizimkilər üç nəfəri əsir götürürlər, onların arasında bir rus qızı – moskvalı jurnalist də var. Əvvəlcə az qala linç edilən, gözlərinin önündə adam güllələnən rus qızı, sonra başına daha nələr gələcəyini gözləyir, qorxudan bağrı yarıla-yarıla, həmkarı, yerlisi Oleqlə birgə harasa aparılır. İnsan övladı, o da ola qız-qadın, nə hala düşər elə məqamda? Ha özünü toxtaq tutsa, ürəkqopmacaya, yox?! Əvvəlcə elə bu cür də təsvir olunur, insafən. Amma bizimkilərin Dərya dedikləri o rus qızının ovqatı yolda lapdan, heç nədən büsbütün dəyiş(dir)ilir, başlayır yerində dingildəməyə, elə bil onu gəlin aparırlar: “Hava qaranlıqdı, yolu görmədən irəliləyirdik. Qadın (!) yanımda oturmuşdu, birdən-birə nəşələnmiş, deyib-gülməyə başlamışdı...”

Üstündən 3-4 cümlə keçir, bu əsnada Oleqi ondan ayırırlar (!), zavallı Dərya bu dəfə də özünü bir başqa - əslində əvvəlki - ovqatda tapır: “Onsuz da qorxmuş olan qızcığaz (!) bu səfər lap uçunmağa başladı...” Sonra yenə gah ağlayır, gah gülür Dərya, haldan-hala düşür. Belə çıxır ki, qız öz hayında deyil, dərdi “zəfəran dərdi”dir: “Nə istəsəniz edərəm, təki Oleqə toxunmayın...”

Məzmun qatında anlaşılmaz epizodlarla, ziddiyyətli məqamlarla, dağınıq ifadələrlə təzahür tapan başdansovdu yanaşma janr təyinatında da qabarıq izlər qoyub. “3 ayrı hekayə” adlı bölümün qəribə janr (sızlıq) mənzərəsi var. Bu bölümdəki bir yazının yerli-dibli janrı bilinmir, yəni heç göstərilməyib də. “Sevgilim yox olub” adlı həmin yazıda əksər Türkiyə dizilərindəki bayağı ahəngin, zövqsüz dil materialının təsiri açıq sezilir: “Bir an öncə bu məhbəsdən qurtulmaq istəyirəm. Artıq burama (!) gəlib. Onu öldürmək haqqında düşünmürəm də deyə bilmərəm. Bilirsiz ki, insan beyni bağımsız çalışır...”

Bir yazı da “Şair Mazan Şələqulaq” adıyla verilib, altında da “yumor” yazılıb. Amma bu “yumor” kəlməsinin nə məzmunda izi-sorağı görünür, nə də onu janr söhbətinə calamaq mümkündür.

Bu bölümdəki ortancıl yazı - “Könülsüzlər” esse kimi təqdim olunsa da, kitabdakı təyinatı, hardasa, “On bir gecə”yə açıqlamadır, bir növ, müəllif şərhidir. Halbuki müəllifin guya mənsub olduğu, kitabın da küncdən-bucaqdan söykəndiyi ədəbi-estetik axın bunu istisna edir. Sözsüz ki, həmin axının baniləri, yönvericiləri həm də belə neqativ presedentlərdən sığortalanmaq naminə düşünüblər bu qızıl qaydanı: Əsərə müəllif şərhi, müəllif təfsiri yolverilməzdir! Yoxsa azdırmı öz yazdığını sonradan yüz yerə yozmağa, uyğun gəldi-gəlmədi, yazısının içinə cürbəcür bic-bicəngi mənalar yükləməyə can atanlar?!

Ədəbi möhtəkirliyi yazıçılıq, xaltura məhsullarını saf ədəbiyyat kimi, oxucuya hörmətsiz münasibəti yaradıcı fədakarlıq nümunəsi donunda irəli verənlər nə qədər desən...

Yüngül, bomboş, üç-beş günlük satışdan savayı heç nəyə hesablanmayan intim əhvalatlar toplusunu eşq hekayələri, vətənpərvərlərə ithaf adı altında sağa-sola sırımaq istəyənlər də bir yandan...

Bütün personajlar eyni leksik-sintaktik vahidlərlə danışdırılırsa, birtipli xəbər cümlələriylə, bəsit qrammatik qəliblərlə ora-bura fırladılırsa, müəllifin boynuna düşür bunların hamısının vəbalı.

Belə yazılarda hər kəsi eyni cür düşünməyə, standart tərzdə danışmağa vadar edən müəllif onların nitqindəki, davranışlarındakı istənilən kəm-kəsirə görə cavabdehdir. Yəni işin ədəbi məsuliyyətini personajlara yönəltmək, ilkin qaynağa – guya əhvalatları yazıb-nəql edənə bağlamaq kimi priyomlar bu tərz yazılarda keçmir.

Bu, deklarativ şəkildə - yarıtmazlığın son sığınacağı kimi - nişan verilən “sənədli-publisistik yazı dili” də deyil, “sənədsiz” dildir, antimətn dilidir. Yaza bilməmək adına bundan o yana çox az şey qalır. Demək olar ki, heç bir şey.

***

Gözəl insan, tyotya Nina! Keyfiyyət ondan ötrü çox vacibdir: ölümsüz eşqin, adamlara sevginin, işinə məhəbbətin real təzahürü, gerçək ekvivalenti kimi. Eşq, sevgi, məhəbbət isə ona doğmaca adı qədər əzizdir...

...Rəhbərlik lap ilk gündən bilirmiş bunu, əlbəttə. Biz isə, aradan illər keçəndən sonra, işlə bağlı, təsadüfən göz atdığımız bir sənəddən öyrəndik tyotya Ninanın gerçək adını: Lyubov! Lyubov Maslova!
XS
SM
MD
LG