Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:58

«Hər nə qədər qocalsam da, gözüm sən tək qadındadır!...»


Aparıcı Sevda İsmayıllı və Rəhim ağa Çavuş Əkbəri
Aparıcı Sevda İsmayıllı və Rəhim ağa Çavuş Əkbəri
-
2006-cı ilin yazında «Molla Nəsrəddin» jurnalının 100 illik yubileyi qeyd olunanda Azərbaycana-Bakıya İrandan maraqlı bir qonaq gəldi.

Rəhim ağa Çavuş Əkbəri adlanan, üz-gözündən nur yağan bu hörmətli şəxs Azad İslam Universitetinin professoru idi. Təbrizdə, Tehranda, İstanbulda ədəbiyyat üzrə təhsil almışdı.

RƏHİM AĞA MİRZƏ CƏLİLİN ƏMİSİ NƏVƏSİ İDİ

Atası Səttarxan zamanında Səttarxanın ən böyük yardımçılarından olub.

Rəhim ağa həm də böyük Mirzə Cəlilin əmisi nəvəsi idi...

AzadlıqRadiosunun «İz» proqramı təbii ki, bu gəlişə biganə qala bilməzdi.

Novruz ərəfəsində Bakıya təşrif buyuran Rəhim ağa AzadlıqRadiosuna atasından, babasından, Mirzə Cəlildən, Bakıdan maraqlı söhbətlər etdi.

Və sonda Məmmədhüseyn Şəhriyarla 30 illik dostluğuna da toxundu. Qısaca dostluqlarının tarixçəsini vərəqlədi və ölkəsinə döndü.

Aradan bir neçə ay keçəndən sonra –payızın ilk ayında Rəhim ağa Bakıya yenidən gəldi və bir daha proqramımızın qonağı oldu.

«ŞƏHRİYARLA SÜRƏYYA» BELƏ SÖYLƏNDİ

Bu dəfə söhbət həmin ay 100 illik yubileyi qeyd olunan ustad Şəhriyardan gedəcəkdi. «İz» proqramının «Sevgi dastanları» rubrikasının qonağı olduğundan, Rəhim ağa bizlərə «Şəhriyarla Sürəyya» dastanını danışacaqdı...

Rəhim ağa bu sevgi tarixçəsinin söylənişini düz 43 dəqiqə zaman çərçivəsinə sığdırdı. O vaxtlar «İz» proqramı 20 dəqiqəlik idi. Odur ki, onun dediklərini qısaldaraq təqdim etmək məcburiyyətində qaldıq.

Bu il martın əvvəllərində «İz» proqramının arxivinə baş vurarkən təsadüfən həmin verilişlə rastlaşdıq. Səs yazısı tam qaldığından Novruz ərəfəsi onu 30 dəqiqəyə sığdırıb dinləyicilərə təqdim etmək qərarına gəldik.

Beləliklə, «İz» proqramında «Şəhriyarla Sürəyya» dastanı üstündən 8 il keçəndən sonra yeni həyat qazandı...

«KAŞ USTAD ŞƏHRİYARI YAXINDAN GÖRƏ BİLƏYDİM!...»


Rəhim ağanın dediyinə görə, hələ orta məktəbdə oxuyarkən Şəhriyarı yaxından görmək onun ən böyük arzusu olub:

«9-cu sinifdə oxuyurdum. Qəməri tarixlə 1332-ci il idi. Onu görmək arzusu ilə yanırdım. Özüm də şair təbiətli idim, şeir yazırdım. Ustad Şəhriyar Tehrandan Təbrizə qayıtmışdı. Evinə getməyə cürət eləmirdim. Bir dəfə onun Einstein-ə yazdığı şeirini sinifdə oxuyub ağladım. Dedim, kaş məndə elə ləyaqət olaydı ki, ustad Şəhriyarı yaxından görəydim... Dərsdən sonra sinif yoldaşım Seyid Sadiq Xoşginabi gəldi, mənim üzümdən öpdü, dedi mən Şəhriyarın kiçik qardaşıyam. Sabah səni Şəhriyarın yanına apararam».

«TÜRKCƏ ŞEİR DEYƏN YOXDU!»

Rəhim ağa o zamanlar Təbrizdə türkcə şeir deyənlərin olmadığını söylədi:

«O zaman Təbrizdə farsca şeir deyən çox idi, türkcə deyən yox idi. Şah dövrü idi, qoymurdular... Getdik. Şəhriyar mənim gəlişimin səbəbini soruşdu. 3 beyt farsca şeir oxudum. Durdu üzümdən öpdü ki, oğlum, sən özün ikinci Şəhriyarsan. Sonra mənə söylədi ki, nə vaxt istəyirsən, gəl, hətta gecəyarı gəlmək istəsən də, qapım sənin üzünə açıqdır. 10 il mən bütün yazdıqlarımı ona oxudum. Qulaq asırdı, deyirdi, yaxşı deyil, amma saxla yazdıqlarını. 10 ildən sonra farsca yazdığı bir şeirini mənə oxudu və dedi ki, 10 gün vaxt verirəm, get bu şeirin tayını yaz! Həmin vəzndə, həmin qafiyədə!»

«ŞƏHRİYARIN ƏBƏDİ ŞAGİRDİYƏM»

Rəhim ağa gecəni yatmayıb şeiri yazır:

«Dedim ya qəbul edəcək, ya qovacaq... Sabah şeiri apardım getdim. Oxudu, bəyəndi, dedi, oğlum, şeirlərinin hamısı yaxşı idi. Amma o vaxtlar desəydim ki, yaxşıdır, sən bu dərəcəyə yetişə bilməzdin ki, mənim şeirimin üstünə şeir deyə biləsən... Xülasə, 30 il mən Şəhriyarın şagirdi olmuşam və indi də özümü onun şagirdi sayıram. Çünki onun kitablarını hər oxuyanda, təzə söz öyrənirəm».

SƏTTARXAN ŞƏHRİYARIN ÜZÜNDƏN ÖPÜB

Rəhim ağanın söylədiyinə görə, 1906-cı ildə doğulan Şəhriyar Səttarxanı xatırlayırmış:

«Özü yazıb ki, hələ balaca uşaq idim, atam Hacı Mirağa Xoşginabi bizləri aparırdı öz kəndinə--Xoşginaba. Atası oralıydı. Heydərbaba da ordadır—Xoşginab kəndindədir. Şəhriyarın atası möhtərəm vəkil idi. İmkanlı idi, xalqa köməklik edərdi. Yazır ki, Səttarxan bizə gəlmişdi. Hətta məni qucağına alıb üzümdən öpdü».

EŞQ ONUN SORAĞINA NECƏ GƏLDİ?

«Şəhriyar böyüdü, kimləri gördü, kimlərdən dərs aldı» sualını qonağımız belə cavabladı:

«Şəhriyar «Füyuzat» məktəbini bitirib—məşhur şairimiz Həbib Sahirlə birlikdə. «Heydərbaba»da adı çəkilən Molla İbrahimin yanında «Quran» qurtarıb. Hafizlə «Quran» bir ömür boyu Şəhriyarın ənis-munisi idi. 12-ci sinfi bitirəndən sonra Tehrana gəlib. Darülfununda (Universitetdə-S.İ.) həkimlik dərsi oxuyub. Həkim olmağa bir il qalırdı ki, eşq onun sorağına gəlir... Sürəyya xanım şirazlı bir qız idi. Ancaq qızı zorakılıqla verirlər Rza şahın qohumlarının birinə, qızı istədiyinə görə Şəhriyarı da sürgün eləyirlər Nişapura... Hətta rəhmətlik atası Hacı Mirağa öləndə, Şəhriyarın haqqı yox idi Təbrizə gəlsin...»

«MƏN O ŞİRLƏRDƏNƏM Kİ...»

Rəhim ağa bu eşq tarixçəsinin davamını bizə belə danışdı:

«Zaman keçir, Sürəyya azad olur—kişi (əri) ölür. Şəhriyar da atası öləndən sonra qardaşlarını da toplayıb Tehrandakı indiki Şəhidlər meydanında bir böyük həyət almışdı, orada bahəm yaşayırdılar. Bir gün qapı döyülür. Kövkəb xanım gedib qapını açır. Görür bir gənc, gözəl xanımdır... Deyir xanım, mənim adım Sürəyyadır. Mən Şəhriyarın sevgisiydim. Məni zorakı ərə verdilər... Orada Şəhriyar bir şeir deyib, təəssüf ki, siz farsca bilmirsiniz. Tərcüməsi belədir. Deyir mən nə həyat yoldaşı tapdım, nə bir ayrı yoldaş. Ki mənim başım sənin yanında girovqan idi. Sən ana oldun, amma mən bu qoca vaxtımda yenə oğlan qalmışam. O şeirdə deyib: mən o şirlərdənəm ki, tülkünün artığını yemərəm! Evlənməmişdi... Çox sonralar özündən çox kiçik əmisi qızı Əzizə xanımla evləndi. 3 gül balası dünyaya gəldi. Taleyin işinə bax ki, Əzizə xanım 30 il Şəhriyardan qabaq öldü... Amma Sürəyya qalırdı»

ŞƏHRİYAR NECƏ ŞÖHRƏTLƏNDİ?

Rəhim ağa Şəhriyarın şair kimi necə şöhrətləndiyinin tarixçəsinə də aydınlıq gətirdi:

«Tehranda olanda ki, o, eşqini itirmişdi, daha doğrusu əlindən almışdılar, mərhum Məliküşşüəra Bahar və Pəjman Bəxtiyari--bu iki böyük şair ondan divanını aldılar. Məliküşşüəra Bahar ona «İftixari-Şərq»—«Şərqin iftixarı» ləqəbini vermişdi. Ordan Şəhriyarın adı düşdü dillərə, radiolarda danışdılar, qəzetlərdə yazdılar, televizion gələndən sonra televizionda şeirlərini oxudular. Şöhrəti dünyaya yayıldı. Yəni Şəhriyarın şöhrətinə bais o iki böyük şair olub. Allah hər ikisinə rəhmət eləsin!».

«BƏS SƏN MƏNİM ÖZ DİLİMDƏ NİYƏ ŞEİR DEMİRSƏN?


Rəhim ağa Şəhriyarı bizə belə tanıtdı:

«Şəhriyar həm iranpərəst , həm islampərəst, həm də vaqeyi türk əsgəri idi. O zaman ki, bizim bir səhifə türkcə qəzetimiz yox idi, o təklikdə «Heydərbaba»nı yazdı, çap elədi. İndi Heydərbaba» 76 dilə tərcümə olunub. 40 yaşı olanda, anası ona deyib ki, Məmmədhüseyn, radioya qulaq asıram, hər yerdə sənin şeirlərini oxuyurlar, amma mən başa düşmürəm. Bəs sən mənim öz dilimdə niyə şeir demirsən? Anası ayrı dil bilməzdi. Oğlum, elə bir şeir yaz ki, mən də başa düşüm... Bu söz ona elə təsir edib ki, Kövkəb xanımın - anasının adı Kövkəb idi - hörmətinə «Heydərbaba»nı yaradıb ki, dünyaya nə tayı gəlibdi, nə də gələcək. Qayıtdı haman şeirləri—Sürəyyanın eşqinə yazdıqlarını türkcə də dedi»

ŞƏHRİYAR FARSCA GÖZƏL YAZIRDI, YA TÜRKCƏ?

«Şəhriyarın farsca yazdığı qəzəllərlə ana dilində yazdıqları arasında çoxmu fərq var» sualını Rəhim ağa belə cavablandırdı:

«Xeyr! Şəhriyar əvvələn ümdə qəzəl şairidir—farsca da, türkcə də. Heç fərq yox idi. Bilirsiniz, farsi bizim milli dilimizdir, azəri ana dilimizdir. Bunu bilin--ana dilində yazılan şeir o biri dillərdən qəvidar olur».

«HƏR NƏ QƏDƏR QOCALSAM DA, GÖZÜM SƏN TƏK QADINDADIR!»

Əkbər ağa Şəhriyarla bağlı bir xatirəsini də bizimlə bölüşdü:

«35 il qabaq Təbrizdə ədəbiyyat müəllimlərinin konfransı var idi. İranın hər yanından yığışmışdılar. İstəyirdilər Şəhriyarı görsünlər, gəlmədi. Dedim, mən gedib gətirərəm. Mənə «yox» deməzdi. Getdim gətirdim. Orada çıxış etdi, dedi ki, siz hamınız bilirsiniz, mənim cavanlıqda bir eşqim var idi--Sürəyya adında. 40 ildən sonra dünən mənə məktub gəlib Sürəyyadan. Ki, ayə 40 ildən sonra yenə məni sevirsən, ya yox? O məktuba belə cavab verib (şeiri farsca oxuyur, sonra türkcə): Mən qocalsam da, ürəyim cavanlığımın yadındadır. Hər nə qədər qocalsam da, gözüm sən tək qadındadır!»

«BU ƏFSANƏ DEYİL, VAQEYƏTDİR!»

Rəhim ağa sonuncu xatirəsini elə Şəhriyarın son mənzilə yola salınmasıyla bağlı danışdı:

«Çox adam bunu əfsanə hesab edir, amma vaqeyətdir (gerçəklikdir -S.İ.). Şəhriyar dünyadan köçəndə, onu Təbrizə apardıq. O qədər adam vardı ki, ayaq qoymağa yer yox idi. Hamı oxuyurdu: Heydərbaba, dünya yalan dünyadı, Süleymandan, Nuhdan qalan dünyadı. Oğul doğub dərdə salan dünyadı, Hər kimsəyə hər nə verib alıbdır, Əflatundan bir quru ad qalıbdır... Şəhriyardan da bir quru ad qalıbdır. Nə isə, onu dəfn elədik. Hamı getdi, mən qaldım. Bir sütunun dalında durmuşdum. Bilirdim Sürəyya gələcək (Kövrəlir). Bir qara çarşaba bürünmüş gəldi. Bir qızılgül gətirmişdi. Qoydu Şəhriyarın qəbrinin üstünə, döşəndi ora... Mən dinmədim. 10-15 dəqiqə ağladı. Getdim yaxına, dedim, Sürəyya xanım, bəsdir, Şəhriyarın ruhu da o dünyada sənin gözlərini yaşlı görsə, əzab çəkər... Xahiş edirəm, sən daha ağlama. Dedi, sən nə bildin mən Sürəyyayam?! Dedim sizin o axırıncı məktubunuzu ki, ustada yollamışdınız, mənə göstərib...».
XS
SM
MD
LG