Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:57

Oqtay Gülalıyev əməliyyat olunub


Oqtay Gülalıyev
Oqtay Gülalıyev
-
Milli Şura Mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev bir neçə gün öncə əməliyyat olunub. Oqtay Gülalıyev deyir ki, əməliyyatsız sağalma şansı olsa da, ölkədən çıxışına qoyulan qadağa buna imkan verməyib:

«Məndə mədə-bağırsaq xəstəliyidir. Şüvəlan təcridxanasında üzləşdiyim təzyiqlər xəstəliyimi daha da artırmışdı. O zaman Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi məni müayinə etdi və bildirdi ki, təxirə salınmadan əməliyyat olunmalıyam. Mən təcridxanadan ev dustaqlığına buraxıldıqdan sonra istintaqı aparan orqana və DİN-ə ölkədən çıxmaqla bağlı müraciət etdim. Bilirdim ki, xaricdə əməliyyatsız bu xəstəliyi müalicə edirlər. Mən xarici pasport almaq üçün də müraciət etmişdim. Ancaq dedilər ki, sənin üzərində cinayət işi var deyə, pasport verə bilmərik. Mən məcbur oldum Azərbaycanda müalicə almağa. Buradakı müalicə effekt vermədiyindən vəziyyətim ağırlaşdı. Son iki ayda ağrılar dözülməz həddə çatmışdı, çox narahat edirdi məni. Məcbur qalıb əməliyyat olundum. Əməliyyat normal keçib. Lakin bu xəstəliyin müalicə olunması lazım idi. Əməliyyatın sonradan fəsadları da ola bilər. Belə olarsa, yenidən xaricə getmək ehtiyacı yaranacaq».

Oqtay Gülalıyev 2012-ci il aprelin 8-də həbs olunmuşdu. O, Azərbaycan CM 220.2-ci maddəsi ilə (dövlət əleyhinə çağırış) ittiham olunurdu. Həbsindən bir müddət sonra məhkəmənin qərarı ilə ev dustağına buraxılıb. O deyir ki, indi də harasa çıxanda polisi məlumatlandırır. 2 il ərzində cinayət işinin bağlanmamasını özünə qarşı təzyiq sayır:

«Harasa çıxanda onları məlumatlandırılmalıyam. Xətai rayonu RPİ-də qeydiyyatdayam. Cinayət işi ya məhkəməyə göndərilməlidir, yaxud da xitam verilməlidir. Bir cinayət işi iki il açıq qala bilməz. Ən ağır cinayət işləri belə 1 ildən artıq açıq qala bilməz. Mən hesab edirəm ki, bu, mənə qarşı siyasi təzyiqdir. Onlar mənim hərəkətimi məhdudlaşdırmaqla proseslərdən kənarda saxlamaq istəyirlər. Bu da bir cür təzyiq metodudur».
XS
SM
MD
LG