Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:52

«Bilsəydim, deputatlıqdan imtina etməzdim»


Gülər Əhmədova
Gülər Əhmədova
-
Daha iki vəkil keçmiş deputat Gülər Əhmədovanın hüquqlarının müdafiəsinə qoşulub. Beləliklə, onun hüquqlarını hazırda 3 vəkil müdafiə edir.

Aprelin 11-də Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə apellyasiya şikayəti əsasında ilkin baxış iclası keçirilib. Bu iclasda vəkillər bir neçə vəsatət irəli sürüblər.

«TERRORÇUYAM, YOXSA QATİLƏM?»


Vəkillər məhkəmədən xahiş ediblər ki, Gülər Əhmədova «şüşə kabinə»dən çıxarılıb onlarla yanaşı otursun.

Gülər Əhmədova bildirdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilən qadın məhbuslar məhkəmə zalında öz vəkilləri ilə yanaşı otururlar:
«178-in ittihamı ilə üzləşən məhbus qadınlara bu şərait yaradılırsa, mənə gələndə niyə ayrı-seçkiliyə yol verilir? Mən bu dövlətə, prokurorluğa neyləmişəm? Terrorçuyam, yoxsa qatiləm?».

«İŞ İLHAM ƏLİYEVİN NƏZARƏTİNDƏDİR»

Müdafiəçilər məhkəmə gedərkən audio-videoyazılışa icazə verilməsini də istəyiblər.

Gülər Əhmədova bu tələbi müdafiə edib:

«Mətbuatda məni istəməyənlər də var. Nə istəyirlər, yazırlar. Bu iş prezident İlham Əliyevin nəzarəti altındadır. Ona görə də məhkəmə prosesindən təhrif edilmiş yazıların getməsinə imkan vermək olmaz».

VƏSATƏTLƏR RƏDD EDİLDİ

Hakim Əflatun Qasımov bu vəsatətləri rədd edərək bildirib ki, vəkillər məhkəmə gedərkən istədikləri zaman Gülər Əhmədova ilə məsləhətləşə, ehtiyac olarsa, iclasa ara da verə bilərlər.

«İŞDƏ ZƏRƏRÇƏKMİŞ YOXDUR»

Vəkil Əfsər Talıbov Gülər Əhmədova ilə bağlı cinayət işinin qanunsuz olduğunu, istintaqın gərəkli sübutlar təqdim edə bilmədiyini bildirib:

«Bu cinayət işində zərərçəkmiş yoxdur. Elşad Abdullayev zərərçəkən kimi tanınmır».

Vəkilin fikrincə, iş yenidən ibtidai istintaqa qaytarılmalı və Gülər Əhmədovaya bəraət verilməlidir.

«BİLSƏYDİM, MANDATIMDAN İMTİNA ETMƏZDİM»

Gülər Əhmədova istintaqın və birinci instansiya məhkəməsinin qanunsuzluqlara yol verdiyinə diqqət çəkib:

«Bilsəydim ki, bu qədər qanunsuzluq olacaq, demokratik addım atıb deputat mandatımdan imtina etməzdim. Ədalətli istintaqa inanırdım, istintaqa kömək üçün istefa verdim. Bilsəydim ki, bu qədər qanunsuzluqlar olacaq, heç istefa verməzdim. Baş prokuror Zakir Qaralovun özü bildirmişdi ki, Elşad Abdullayev Azərbaycana gəlməli, ifadə verməli, üzləşmədə izah etməlidir ki, niyə 7 ildən sonra bu məsələyə qayıdıb. Amma Elşad Abdullayev məhkəməyə gəlmədi, nə də vəkili vardı».

Vəkillərin xahişi ilə məhkəmənin ilkin baxış iclası aprelin 16-dək ertələnib.

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilib. O, 3 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG