Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:51

Gülər Əhmədova: «Elşad Abdullayev Fransadadır, onu MDB-də niyə axtarırlar?»


Gülər Əhmədova
Gülər Əhmədova
-
«Dəqiq ünvanı olduğu halda Elşad Abdullayev niyə Qazaxıstanda, ya da Qırğızıstanda axtarışa verilib? Məndə son illərdə İnterpolda axtarışa verilən azərbaycanlıların siyahısı var. Amma 160 nəfər axtarışa verilənlər arasında Elşad Abdullayevin adı yoxdur».

Bunu aprelin 16-da Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Gülər Əhmədova deyib. O, istintaq materiallarında Elşad Abdullayevin Parisdəki ünvanı dəqiq göstərildiyi halda MDB-də axtarılmasını anlamadığını söyləyib.

«OTURUB NƏTİCƏNİ GÖZLƏDİM VƏ 3 İL YEDİM»


Prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bir neçə vəsatətlə çıxış edib.
- Gülər Əhmədovanın işini araşdıran müstəntiq Emzar Qocayevin dindirilməsi.

- Elşad Abdullayevin Azərbaycana gətirilib, məhkəmə çəkişməsinin təmin olunması.

- Mərhum Sevinc Babayevanın ölümündən əvvəl Baş Prokurorluğa yazdığı 13 səhifəlik müraciətin tədqiqi.

- Məhkəmədə şahid qismində ifadə verən Tavat Şirinova ilə Sevinc Babayevanın SMS yazışmalarının araşdırılması.

- Hüquq müdafiəçisi Novella Cəfəroğlunun ofisində çəkildiyi ehtimal olunan və Youtube-a yerləşdirilən «500 min manat olsaydı» videosunun tədqiqi.

«BURAXIN GEDİM EVİMƏ, ELŞAD GƏLƏNDƏ MƏN DƏ GƏLƏRƏM»

Vəsatətlər səsləndirildikdən sonra Gülər Əhmədova çıxış edib. Bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulduğu halda Elşad Abdullayev 2010-cu ildə üzərində 3 cinayət işi ola-ola ölkəni tərk edə bilib:
«Bu cinayət işlərindən biri də orqan alveri idi. Elşad Abdullayevin üzərində bu qədər cinayət ola-ola ölkədən necə çıxa bilib? Mən bütün proseslərdə Elşad Abdullayevin məhkəməyə gətirilməsini, istintaq materiallarındakı işlərin araşdırılmasını istəyirdim. Hər dəfə də məni əmin edirdilər ki, bu məsələlər həll olunacaq. Narahat olmamağı tövsiyə edirdilər. Mən də narahat olmadım, oturub nəticəni gözlədim və 3 il yedim. Buraxın gedim evimə, Elşad gələndə mən də gələrəm».

Proses aprelin 17-də davam edəcək, məhkəmə vəkilin vəsatətlərinə baxacaq.

Ötən il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.
XS
SM
MD
LG