Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

«Rauf Mirqədirov deportasiya deyil, ekstradisiya olunub»


Rauf Mirqədirov
Rauf Mirqədirov
-

Aprelin 21-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


DEPORTASİYA DEYİLMİŞ, EKSTRADİSİYA İMİŞ

«Yeni Müsavat» qəzetində Xalid Kazımlı jurnalist Rauf Mirqədirovun Türkiyədən deportasiyası barədə yazır:

«Buna deportasiya deməzlər, deportasiya belə olmur, buna ekstradisiya demək lazımdır. Ölkənin ən tanınmış analitik yazarlarından, müasir Azərbaycan jurnalistikasının veteranlarından birini qolu bağlı qul kimi, polisin müşayiəti ilə təyyarəyə mindirirlər və onu Bakıda təyyarədən düşməyə qoymadan həbs edirlər.

Ta bunun harası deportasiya oldu? Rauf Mirqədirovu birinci dəfə Türkiyədə həbs ediblər, ikinci dəfə öz vətənində, Bakıda.

Bu deportasiyaya bənzəyən ekstradisiya əhvalatı adamın yadına bir neçə il öncə baş verən məşhur və qalmaqallı ekstradisiya olayını salır.

O zaman ömürlük məhbus Ramil Səfərov Macarıstanın paytaxtı Budapeştə təyyarəyə polisin müşayiəti ilə, qolubağlı qul kimi mindirilmişdi. O, Bakıya enəndə isə artıq azad adam idi və bütün hüquqları, hərbi rütbəsi, hər şeyi artıqlaması ilə özünə qaytarılmışdı.

Rauf Mirqədirov isə təyyarəyə azad adam kimi mindirilmədi, təyyarədə də azad adam kimi uçmadı və Binə aeroportuna da azad adam kimi enmədi. Onu, necə deyərlər, hop götürdülər, gördüm deyən olmadı».

«Yeni Müsavat»ın Ankaradakı qaynaqlardan aydınlaşdırıb ki, R. Mirqədirov bir neçə ay öncə - bu ilin əvvəllərində Ermənistanda səfərdə olub. Qaynaq bildirir ki, bu, Rusiyanın hansısa fondunun təşkil etdiyi konfrans idi və Mirqədirov oraya Gürcüstan üzərindən gedib. Onunla səfərdə AK Partiyə yaxın olan Uluslararası Strateji Araşdırma Kurumunun (USAK) təmsilçisi də iştirak edib. Mirqədirovun həmin konfransda ermənilərlə mübahisəsi də düşüb...

Ehtimal etmək olar ki, siyasi icmalçının ittihamında bu səfərin də «payı» var. Bilgilərimizə görə, R. Mirqədirov ötən il də Ermənistan səfərində olub. Lakin Rauf Mirqədirov həmin səfərlərə gizli getməyib, bu, Azərbaycan və Türkiyə dövlətlərinin bilgisi daxilində olub.

ƏLİYEVİN ACLAR VƏ ACGÖZLƏR DİLEMMASI
Heydər Əliyev Fondu
Heydər Əliyev Fondu

«Azadlıq» qəzetində Seymur Həzi yazır: «Heydər Əliyev Fondu Strasburqda kilsə təmir etdirdiyi günlərdir. Biz Nərmin Hüseynli və Vüqar Feyzullanı itirdik. Hələ neçə-neçə, səsi bizə gəlib çatmayan gənclərimiz, ahıllarımız bir dərman ucbatından dünyalarını dəyişirlər. Azərbaycan hökuməti isə hakimiyyətinin ömrünü bir az da uzatmaq üçün bu xalqın sərvətlərilə qoca Avropanın uçmuş divarlarına can verir. O Avropanın ki, qara kürü yemək üçün satdığı dəyərlərini bu gün zindanlarda aclıq edən Azərbaycan gəncliyi yaşadır. Yanlış anlaşılmasın, burada kontekstə görə, bəlkə də «Azadlıq» Avropa dəyəri kimi təqdim olundu. Amma o bəşəri dəyər ki, onun uğrunda dünyanın hər tərəfində savaş gedir. O, onun üçün ən çox savaşanın, onun üçün ən çox məhrumiyyət yaşayanın, onu satmayanın dəyəridir. Çünki bir dəyər mütləq və mütləq satılmadıqca dəyərdir. O dəyər Rəşadətin körpə balasınındır. Şahinin, Məhəmmədin dəyəridir, Zaurun haqqıdır, Rəşadın alın yazısıdır, Üzeyirin intellektinin süzdüyü zərurətdir, İlkinin cəsurluğunun payıdır. Köksümüzdəki tək həyəcan bu gənc qardaşlarımızın zindanlarda növbəti dəfə meydan oxumasıdır. Tarix həm də ona görə elmdən başqa, ayrıca bir sosioloji fenomendir ki, o, yazılmayan şeyləri də yaşada və ötürə bilir. Biz çox eşitmişik hökmə meydan oxuyanlar haqqında. Bu, tarixin bir dönəmində Avropanın qərbində, başqa dönəmində Uzaq Şərqdə, bir zamanlar Amerikada, indi isə Azərbaycanda yaşanan fenomendir. Indi Xeyirlə Şər bizim ölkəmizdə bir-birini mühakimə edir. Qaliblər isə fələyin hökmünə meydan oxuyanlardır».

«KHAZAR İSLANDS»DA BIR SIRA OBYEKTLƏRİN AÇILIŞI OLACAQ


Azərbaycanda həyata keçirilən ən böyük layihələrdən biri olan «Khazar İslands»da tikinti işlərinin birinci mərhələsinin may ayında yekunlaşdırılması nəzərdə tutulur.
Bu barədə AzərTAc-a layihəni həyata keçirən «Avesta» konsernindən bildiriblər.
Qeyd olunub ki, layihə üzrə işlərin birinci hissəsinin tamamlanması və bir sıra obyektlərin açılışı mayın 28-də baş tutacaq, orada çimərliklər, restoran, körpü və yollar tam təmir edilərək istifadəyə veriləcək. Bundan əlavə, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, eləcə də hər biri 5 hektar olan 2 park istismara veriləcək.
XS
SM
MD
LG