Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

Yadigar Sadıqov: «Məmləkətdə müəllimə hörmət qoyulan yer təkcə həbsxanadır...»


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqov Kürdəxanı təcridxanasından AzadlıqRadiosunun suallarını cavablandırıb.

Ötən ilin iyununda Lənkəran sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında həbs edilən Yadigar Sadıqov «xuliqanlıq» maddəsi ilə ittiham olunub. Lənkəran şəhər Məhkəməsi ona 6 il həbs cəzası kəsib.

Həmkarları və insan haqları təşkilatları Yadigar Sadıqovun əslində siyasi motivlərlə həbs edildiyini deyirlər.
- İctimai fəalsınız deyə həmişə insanlarla sıx ünsiyyətdə olmusunuz. Məhbəsdə ünsiyyət ehtiyacınızı necə ödəyirsiniz?

- Yəqin ki, cavabım gözlənilməz olacaq. İndi ünsiyyət çatışmazlığından daha çox tənha qala bilməməkdən narahatlığım olur. Yarım ildən çox altınəfərlik kamerada saxlandım. Bu müddətdə Lənkərana aparılıb gətirildim. Daim adam arasında, hətta qələbəlik içində oldum.

Amma insan hərdən tənha qalmaq istəyir, axı. Yalnız hökm alıb Kürdəxanıya qayıdandan sonra ikinəfərlik kameraya köçürüldüm. Burada, ara-sıra, tək qalmaq, yəni tənhalaşmaq mümkündür. O başqa məsələ ki, ünsiyyətlərinə ehtiyac duyduğum konkret adamlar – doğmalarım, dostlarım, müsavatçı əqidədaşlarım var. Bax, bu ehtiyac, təbii ki, ödənilməmiş qalır.

- Silahdaşlarınız, adətən, sizdən dərin sayqıyla söz açırlar. Kamera yoldaşlarınızın necə, sayğısını qazanmısınız?

- Şəxsə sayğı haqqında danışmağı o qədər də yaxşı davranış saymıram. Onu deyim ki, məhbusların müəllim olmuş birisinə göstərdikləri hörmət mənə gözlənilməz oldu.
Bu haqda əvvəllər də məlumatlıydım. Ancaq qədəri gözlədiyimdən artıq oldu.

Hətta kifayət qədər ağır cinayətlərdə suçlanan, dəfələrlə məhkumluq yaşamış residivistlərin də sırf müəllim olduğuma görə göstərdikləri ehtiramın çox şahidi olmuşam. Hərdən düşünmüşəm ki, məmləkətdə müəllimə hörmət qoyulan yer təkcə həbsxanadır, deyəsən...

- Dustaq həyatı nə qədər acı olsa da, ötüb keçən həyat yoluna yenidən baxmağa imkan yaradır. Siz keçmişinizə baxıb hansı nəticəyə gəlmisiniz?

- Adətən, hər bir insan dönüb həyatına baxarkən fikirləşir ki, hər şeyi daha yaxşı etmək olardı. Mən də istisna deyiləm və düşünürəm ki, istər şəxsi, istər peşə, istərsə siyasi sahədə daha yaxşı, daha məhsuldar fəaliyyət göstərə bilərdim. Bununla belə ümumən həyatımdan məmnunam. Müsavat kimi partiya mənsubiyyətimdən isə qürurluyam.

- Mənsub olduğunuz partiyadan hansı yenilikləri gözləyirsiniz?

- Arzuladığım yenilikləri oturub gözləmək xasiyyətimə uyğun deyil. Hətta həbsdə də olsam, onların uğrunda səy göstərməyi, gərəkirsə, mübarizə aparmağı üstün tuturam.

İndi də, məhdudiyyətlərə baxmayaraq, bəzən qeyri-operativ də olsa, fikirlərimi və təkliflərimi partiya rəhbərliyinə çatdırıram. Ancaq bu haqda, hələ ki, mətbuatla bölüşmək istəmirəm.

- Həbsdəki siyasi fəalların daha effektiv müdafiəsinə yönəlmiş hansı təklifləriniz var?

- Effektli deyərkən, nəticəni nəzərdə tutursunuzsa, açığı belə təklif görmürəm ki, onların həyata keçiriləcəyi təqdirdə siyasi məhbuslar dərhal azad olunsun və yeniləri yaranmasın. Bu, indiki rejim çərçivəsində mənasız görünür.

Şəxsən öz müdafiəmdən məmnunam və hesab etmirəm ki, daha artıq nəsə etmək olardı. Yeri gəlmişkən, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm.

Yalnız mətbuata, hüquq müdafiəçilərinə və siyasi partiyalara bir təklifim var: təşkilati mənsubiyyəti olmayan məhbuslara daha çox diqqət ayırsınlar. Məsələn, Əbdül Əbdülova, Elşən Mürsəlliyə, “Avroviziya məhbusları”na…

- Ailənizin durumundan necə xəbər tutursunuz?

- Məhkəmə gedişində hər dəfə Lənkərana aparılarkən onlarla görüşürdüm. İndi, əsasən, telefonla danışırıq. Hər biri 15 dəqiqə olmaqla həftədə iki dəfə zəng etmək hüququm var.

Novruz bayramı öncəsi anam və qızımla Kürdəxanıda görüşdüm. Onlarla şüşə arakəsmənin arxasından, telefonla danışdım.
XS
SM
MD
LG