Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:49

«Leyla»nın dil problemləri


Azad Yaşar
Azad Yaşar
-

Azad Yaşar "Leyla" romanı haqda:

"Misallara baxaq: paparadze (lap gürcü familiyasına bənzədilib. Şou-biznes haqda roman yazan qələm dostumuz ən azından bu sözün düzgün yazılışını (paparatsi) yaxşı bilməliydi)"

"Demək istədiyim odur ki, üslubla, korrektə və redaktə ilə bağlı bu tip arzuolunmaz məqamlar minimuma en(diril)səydi, oxucu əsərin digər cəhətlərinə, personajlarına və süjetinə daha rahat köklənə bilərdi".


Azadlıq Radiosunun "Oxu zalı"nda yazıçı Cavid Zeynallının yeni romanının müzakirəsi davam edir. (Romandan parça)


Azad Yaşar


«LEYLA»NIN DİL PROBLEMLƏRİ


Gənc nasir Cavid Zeynallının sayca ikinci «Leyla» romanı şou-biznes aləminin aparıcı nümayəndələrinin ümumiləşdirilmiş obrazının təsvirini qarşıya məqsəd qoyub.

Yazıçı bu çoxqatlı, daim dönən-dəyişən, insan cəmiyyətinin ən iyrənc cəhətlərindən (şöhrətə hədsiz düşkünlük, əyyaşlıq, narkomanlıq, fahişəlik və sairədən) əsla kənar düşünülməyən bu aləmi dolğun təsvir etməkdən ötrü məşhurlarla bağlı yüzlərlə müsahibə, məqalə və şayiələrdən yararlandığını mediaya açıqlamışdı.

Çoxları əsərin baş qəhrəmanı ilə Röya Ayxan («Səs imkanları böyük deyildi, bəs səsindəki yanğıya nə söz?»), digərləri isə Aygün Kazımova («Tənha qadın» mahnısının ifaçısı) arasında oxşar özəlliklər olduğunu bildiriblər, çünki onsuz da bugünkü şou aləmimizdə nisbətən məşhurlar və məşhurluqlarını haqq edənlər yalnız elə bunlardır.

Sadəcə olaraq, A.Kazımovanı sırf yaş baxımından Leyla ilə eyniləşdirmək çətin görünür.

Maestro Vüqarla Leylanın birgə klip çəkdirmə məqamı isə Aygünün Namiq Qaraçuxurlu ilə bir neçə dueti və klipləri ilə, «maestro» ləqəbi isə skripkaçı Ceyhunla (hərçənd o, estrada mahnıları bəstələmir) asssosiasiya doğurur.

Ən həssas anında Leylaya girişən Rəcəb onu bayağı toy manıslarından ayırdığını, fransız müğənnisi Edit Piafa bənzətdiyini etiraf eləyir. Daxili nitqində isə onu «qocaman fahişə», «qocaman ləçər» adlandırır.

Əgər bu «qocaman» sifəti Leylanın qabaritləri, əndamının ölçüləri ilə bağlı deyilsə, onda oxucunu çaşdırmamaq üçün «sürtük fahişə», «üzü üzlər görmüş» işlətmək daha doğru olardı.

Belə bir əxlaqsız qadından ötrü Rəcəbin öz həyatını ciddi bir səbəb olmadan riskə atmasını, onun uğurlarını gözündən tökənin kimliyini bitdə-bitdə öyrənmək istəyini, bundan ötrü ölümlə göz-gözə qalmasını oxucu ağlasığmaz sayır.

Əgər bütün bunlardan son məqsəd Leyla haqda, bütün bu yaşananlar haqda roman yazmaq idisə, amansız düşmənlərindən «Burnun girməyən yerə kəlləni soxma» nəsihətini almaq idisə və ən betəri onlara yalvarıb: «Məni alçaltmayın, alçaltmayın! Sevgilim var, arzularım var, həyatım qabaqdadır!» demək idisə, o, bunlara nail olur.

Bütün bunlarla bərabər, özü də yaxşı anlayır ki, bütün bu verilən yerli-yersiz qurbanlar Leylanı və leylakimiləri təmizləyə bilməz, süddən çıxmış ağ qaşığa çevirə bilməz. Obrazlı şəkildə desək, missiya – icraolunmazdır və «etdiyi təmənnasız yaxşılıqlara və hamının təklədiyi Leylanın müdafiəsi üçün sanballı məqalə yazdığına görə Rəcəbin axırına çıxacaqlar»...


Təxminən 8-10 il qabaq televiziya üçün orta məktəblərin buraxılış gecələri haqda süjet hazırlayan qadın jurnalist bildirirdi ki, onun «Həyatda kim və nəçi olmaq istərdiniz?» sualını ünvanladığı məzun qızların əksəriyyəti «X» cavabını vermişdilər və bu X. o vaxt gündən-günə daha betər çılğınlıqla soyunan, yaxşı pul verən hər kəsə əndamını satan bir şou ulduzu idi… Odur ki, şou-biznesə girməyə həvəsli olan o məzun qızların əksəriyyətini Leyla kimi «sürtük aşıqların» gözgörəsi fahişəliyə, həyatın dibsiz bataqlığına çəkib apardığını sübuta yetirməyə indi bir elə gərək yoxdur…

Cavid yeni nəsil yazarlarımız arasında öz ayıqlığı, intellekti, yazı texnikası və rəvan dili baxımından daha çox diqqəti çəkənlərdəndir. Bu əsərini oxuyarkən (həmişəki kimi) qələmi əlimə alıb, səhifələrdə düzəlişlər və qeydlər etdim, bəyəndiyim yerləri +, qulaq cırmaqlayan yerləri isə ya sual, ya suallı-nida, ya da – (minus) işarələri ilə qiymətləndirməkdən özümü saxlaya bilmədim.

Görünür, redaktorluq sahəsində topladığım onillik təcrübəni bir kənara qoymam hələm-hələm asan məsələ deyilmiş…

Hər şeyə və hər kəsə qarşı güclü ironiya, istehza hissi başdan-sona romana hakimdir, bu isə totalitar toplumlarda və çıxılmaz absurd durumlarda ən sınanmış əlacdır.

Məsələn, oxucu təkcə elə mətbuat və media təmsilçiləri barədə bir xeyli təhqiramiz ifadələrə rast gəlir. Həm də bu cameədən biri olmasına rəğmən, bütün bunlar jurnalist Rəcəbin dilindən səslənir: içiboş avara, zibil, əngiboş, yelbeyin, başıboş, ağzıqatıqlı, hərşeyşünas, boşboğaz, arvadxasiyyət aparıcı, zəli tayfası və sair.

Sitatlara baxaq:

«Məncə, jurnalistika maraqlı, amma qəhbə qadın sayağı etibarsız peşədi».

«Bütün jurnalistlər zibildir, ac kaftar kimi bədbəxt adamların leşini ora-bura sürüyürlər».

Şairləri xarakterizə edən sifətlər: dişitökük, bığısarı, sərxoş və sair.

Romanın səhifələrində rastlaşdığımız qadınları müəllif (fərq etməz, Cavid və ya Rəcəb) xüsusi xəsisliklə, çox vaxt bir neçə əzası ilə oxucularına tanıdır, sanki onlar sırf elə həmin orqanlardan ibarətdirlər: döş (dopdolu, dipdiri, iri, açıq, köynəkdən pırtlayan və sair), baldır (ağşın, ətli və sair), arxa (biçimli), bir parça ət («Bəli, bəli, bir parça ət!!!»)

Əsərdəki insanların üzündən nədənsə ucdantutma zəhrimar yağır. Etiraf edim ki, digər ölkələrlə müqayisədə bizim toplumun insanları bir-birinə gülümsəməyi çoxdan yadırğayıblar, çünki həyat tərzimiz hamıya zamanla başa salır ki, nə qədər nikbin olursansa, ol, yenə də tanımadığın və ya təzəcə tanış olduğun adamın çaşıb üzünə gülümsəsən, səni hazır eşşək bilib, minəcək belinə və əlüstü sənə kəf gəlməyə çalışacaq.
Cavid Zeynallı
Cavid Zeynallı


Yəni ictimai mühit adama bunu diqtə etdiyindən insan gərək duyduğu qədər ürəyiaçıq və şəfqətli ola bilmir, son nəticədə öz istədiyi kimi, uyğun bildiyi kimi yaşaya bilmir, hər addımda cəmiyyət onu rəndələyib, arzuolunmaz, əcaib-qəraib şəkillərə salır və ya özünə… oxşadır.

Odur ki, bənzər məqamların təsviri əsnasında Cavid aşağıdakı naxoş sözlərdən yararlanmağa məcbur qalır: zəhərüzlü (antonimi - şənüzlü), ətizəhər (bu hannibalist bənzətmə yəqin «ətiacı» olmalıydı) və sair.

Bu cür acı və bəzən köntöy sifətlərin əksər hissəsi «Çudo peçka»nın hansısa (hər halda «Sahil» stansiyası tərəfdəki) satıcısına ünvanlanıb, halbuki jurnalistin ona bəslədiyi dərin nifrətin süjetə heç bir dəxli və bağı yoxdur.

Bu cür sancma-dalamalardan zavallı oxucu da öz nəsibini alır. Təhkiyənin tam ortasında oxucuya deyilir: «Qulağınızı şəkləməyin… bu niyyəti kiminləsə bölüşməyi ağlımın ucundan belə keçirmirəm» (oxucuya da elə gəlir ki, bu cür sərt deklarasiyadan, imtinadan sonra əsər ümumiyyətlə bitəcək), «bilirəm, korafəhim deyilsiniz» və sair.

Əslində oxucuya bu qəbildən (məsələn, «xatırladınızsa» kimi) müraciətlər, onunla canlı dialoq qurmaq cəhdləri postmodernist mətnlər üçün daha çox xarakterikdir, ancaq sözügedən romanda bu, özünü sən deyən doğrultmur.

Leyla ilə tanışlıqda və digər surətlərlə münasibətlərdə Rəcəbin özünə qarşı da belə istehzalı, özünəkinayəli davrandığı nəzərə alınarsa, onda bütün bunlara birtəhər dözmək olar, çünki onun «iflaholunmazlığı» ilə barışmaqdan başqa çarəmiz qalmır, çünki bu – onun xarakteridir.

Qarovulçu İsmayıl kişini çıxmaq şərtiylə, bütün digər personajlara təpədən baxan baş qəhrəman yetərincə keşməkeşli, dəyişkən, əksqütblü özəlliklərdən də xali deyildir.

Öz etiraflarından öyrənirik ki, o, uzun müddətdir ki, Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə təhsil alan və zəngin ailədən olan Əsmərlə evlənəndən sonra əsl ailə despotuna çevrilməyi planlayır.

Motsartın, Şopenin melodiyaları ilə böyüyən bu qıza Rəcəbin yanaşması «O olmasın, bu olsun»dakı Məşədi İbadın mademuazel Gülnaz xanımın xəyali obrazına yumruq silkələməsindən və: «Kişi arvaddan nə qədər çox qorxsa, bir o qədər yaxşıdır» qənaətindən zərrəcə irəli getməyib.

Görünür, aradan 100 il ötsə də, məşədiibadlıqla genetik bağlarımız zərrəcə aşınmayıb, xələl görməyib, dəyişməyib, hətta Rəcəbin qıza sms-lə sevgi dolu, şairanə mesajlar yazması, özünü hər barədə müasir bir jurnalist və aşiq sayması da bunu ört-basdır etməyə yetmir.

Uşaqlıq dövrü ilə bağlı xatirələrini oxucuyla paylaşarkən bu 26 yaşlı gəncdəki psixoloji komplekslər (məsələn, natamamlıq kompleksi) və deməli, gələcək arvadına niyə belə sərt basqılar tətbiq edəcəyinin səbəbləri ortaya çıxır: velosipedə, bir dondurmanı və ya «Sünbül» peçenyesini təkbaşına, kimsə ilə bölüşmədən yeməyə tamarzılığı və bu kimi detallar basqı altında böyüyən bir individin böyüyəndə, bəlli bir söz-nüfuz sahibi olunca, çevrəsindəkilərə bu tip basqılarla, məhrumiyyətlərlə əzab-işgəncə verərək, guya fələkdən kam alması - özünü psixoloji baxımdan tətminə cəhddir.

Əsərdə İsmayıl dayının öz qonşusu, məşhur müğənni Leyla ilə söhbətləri, ona rəğbəti, bəzən isə ağıl verməsi istər-istəməz adama Türkiyə istehsalı olan «Minik sərçə» (1978) filmində şələbığ, ahıl sürücünün Orhan adlı tanınmış müğənniyə içməmək, şöhrət zirvəsindən unudulmuşluq uçurumuna yuvarlanmamaqla bağlı verdiyi öyüd-nəsihəti xatırladır.

1970-80-ci illərdə Alla Puqaçovanın, Sofiya Rotarunun, Nəşə Karaböcəyin, Fərdi Tayfurun, Sezen Aksunun, İbrahim Tatlısəsin, Müslüm Gursəsin, Orhan Gəncəbayın və onlarla başqalarının iştirakı ilə, o vaxtlar təzə-təzə formalaşmaqda olan şou-biznes aləmini, onun gəlirli, amansız və iyrənc yönlərini göstərən xeyli film çəkilmişdi. Həmin filmlərin əksəriyyətində baş qəhrəmanın ad-sanına, puluna-sərvətinə, addımbaşı reklamına rəğmən, həyatın lap dibindəki insan qədər bədbəxt olduğu, ən bəsit insan nəvazişinə həsrət duyduğu, tamarzı qaldığı (bir növ «Varlılar da ağlayır» mənasında) geniş tamaşaçı kütləsinə təqdim edilirdi…

Adətən Cavid Zeynallı barədə yazan qələm əhli, gənc yaşına rəğmən, onun bədii dilə yetərincə hakim olmasından söz salır, dilə, bədii ifadə tərzinə daha çox enerji sərf etdiyini qabartmaqla, hadisələrin təqdimində, süjetin qurulmasında bir elə uğur qazana bilmədiyini yazara irad tuturlar.

Həqiqətən də Cavidin yazı üslubunda bu cəhət daha qabarıqdır, elə buna görə də mən süjet, mövzu və surətlərin təqdimi məsələlərindənsə, romançının yazı üslubuna köklənməyə daha artıq gərək duyuram.

Qəribə və yanlış sözlər, ifadələr

Yanlış bilinən terminlər və xüsusi isimlər əsərdə kiçik hərflə, dırnaqsız, ya da orfoqrafik təhriflə yazılır.


Misallara baxaq: paparadze (lap gürcü familiyasına bənzədilib. Şou-biznes haqda roman yazan qələm dostumuz ən azından bu sözün düzgün yazılışını (paparatsi) yaxşı bilməliydi), emu(l)siya, rumyana (ənlik), şokalad (şokolad), marıddamaq (marıtlamaq), cinsi şalvar (belədə «cins» parçadan tikilmiş şalvar «erotik şalvar» kimi alqılanır), Roskolnikov (ilk sait səs «a»dır), Merilin Manro (soyad «Monro»dur), blondin (sarışın, sarısaçlı, samansaçlı), orbit, svarovski, Botiçelli (Bottiçelli), Cannel (Chanel), Sant Lourent (Yves Saint Laurent) və sair.

Bakının ayrı-ayrı, həm də məşhur səmtləri metro stansiyalarının adıyla nişan verilsə də, bunlar dırnaqda verilməyib: Sahildə, İnşaatçılarda, 28 mayda (bilinmir ki, bu sonuncu metro stansiyasının adıdır, yoxsa təqvimdəki tarixdir).

«Kim nə bilir?» («Kim bilir?» əvəzinə)

«Köhnə-külə» (yəqin «köhnə-kühnə»)

«Əlcək» sözü həm də «qapı dəstəyi» imiş, heç rast gəlməmişdim.

«krassovka» da dırnaqda yazılıb, «Adidas» da. Bunlardan ikincisi məşhur ticarət brendi olduğu halda, birincisi «kross (qaçış) ayaqqabısı» deməkdir.

«qonşu-baca» («qonum-qonşu» mənasında)

«dəs-dəyirmi ay» (adama elə gəlir ki, yazıçı burada dolunayı, bədirlənmiş Ayı nəzərdə tutur, halbuki az sonra onun mömin bəndədən «salavat istəyən Ay» olduğu ortaya çıxır. Bunlar isə tamamilə fərqli fazalardakı Aydır, yəni hilal, yeni (doğan) Ay, oraqbiçimli Ay nəzərdə tutulubmuş)

ağılumulmaz (ağlasığmaz, yoxsa başdanxarab?!)

səhərertə (səhər çağı, səhər o başdan, səhər ertədən),

«hisslər» sözü hər yerdə 1 «s» ilə yazılıb nədənsə.

72-ci səhifədə «adam» sözü düz üç dəfə «kişi» mənasında işlənib, halbuki bu, çağdaş türk dili üçün keçərlidir. Məsələn: «…nə qazanıb onu sevən-sevməyən adamların altına uzanmaqdan» (sual işarəsi də unudulub).

dər-divar (heç yerdə sadəcə «divar» kimi işlənmir, «dər» farsca «qapı» deməkdirsə, onda bu tərkib «qapı-divar» mənasında işlənib, halbuki romanda çox yerdə sadəcə divar nəzərdə tutulub)

«havasat» («hava(lar)», «hava durumu» mənasında)

«şad-şalayın» («şad-xürrəm» mənasında)

(bunu) «comərd təki boynuma almaqdan» (comərd – «əliaçıq», «səxavətli» deməkdir, yanlış işlənib)

«alışqan» mənasında «yandıran» (!), qızartdaq köynək, qırın-qırtı (qırtıq olmalıydı), göyümtraq və sair.

Bütün bunlarla yanaşı, Cavid Zeynallının «şübhələnmək» mənasında «quşqulanmaq» feilini, həm də türk dilindəki «k»larsız işlətməsini çox təqdir elədim.

Absurd məqamlar

Kitabxanaçı qız Humay bacısının televiziyada işlədiyini və Leylanın xaricə qaçdığını məhz ondan (!) öyrəndiyini desə də, 5-6 sətir aşağıda Rəcəbi fikir götürür ki: «Adicə kitabxana işçisi bunu haradan bilir?»

«Avtobus dalınca qaçan qarışqa (!) damlara baxırdı»

«Vəhşi ehtirasla (bəlkə «acgözlüklə»?!) siqaret sümürürdü»

«(kişinin) Üz-gözü şaftalı dənəsinə bənzəyirdi: qırış-qırış». Buradakı «dənə» kəlməsi əvəzinə «çəyirdək», «tum» sözü işlənməliydi ki, yanlış təsəvvür yaranmasın.

«Gecə yarıydı, saat üç, dördə işləmiş…» (Gecəyarı - saat 0.00-dır)

«Qarğa ağzı aldadan tülkü kimi» (Yanılmıramsa, o məşhur təmsildə tülkü qarğadan pendiri almaq, qoparmaq üçün onun ağzını yox, məhz başını aldatmışdı)

«Dilim ağzımda sevindi» (yəqin dil ağızda ərəb qadınlar kimi «lu-lu-lu-lu-lu-lu» səsini çıxarıbmış)

«Tale üzümə güldü, bəxtimə sevindi» (tale və bəxt eynianlamlı sözlərdirsə, bunlar bir-birinə necə sevinə bilərlər?!)

«Leyla balaca çoxbilmişin yuxarı qalxmağına razı olmağına olmamışdı» (2 dəfə «-ğına» şəkilçisini, 2 dəfə «olmaq» feilini təkrarlamaq yerinə, bircə bu «olmağına» sözündən imtina yetərliydi ki, cümlə lakonikləşsin)

«Gecənin bu gec vaxtı» («gec» sözü artıqdır)

«onunla («ona» olmalıydı!) düşmən kəsilən adam»

«İçini ovuc-ovuc şübhələrlə doldurmuşdu» (şübhə nə vaxtdan ovuclarla ölçülür ki?!)
«ayaqqabılarından qopan addım(!) səsləri» (bəlkə taqqıltı?)

«Qəzəbimdən dişim bağırsağımı kəsirdi» (bəlkə də dilimizdə və ya hansısa dialektdə bu tip özünüifadə şəkli var, ancaq bu mənzərəni soyuq düşüncə ilə göz önündə vizuallaşdıranda anatomik baxımdan imkansız və sırf elə buna görə də sürrealist bir mənzərə canlanır. Bacarana halal olsun, vallah!)

«Bilirəm nəyi öyrənmək istəyirsən» (sual cümləsi olmasa da, sual işarəsi qoyulub – səh.136)

«Həyatımın dönüş nöqtəsinin ağzına (?!) daş basıb»

«Tökmə şüşədən olan çapma stəkandı» (eyni əşyanın təsvirindəki -ma, -mə şəkilçili bu iki ayrı bənzətmə artıqdır)

(küləkli havada) «Ağaclar əsib-coşub bir-birinin üstünə dartınırdılar» (əsl ağac erotikasıdır bu!)

Arzu bildirən feillər «(kaş) bilərdim» kimi yazılıb, doğru və geniş işlənən variant «biləydim»dir.

Bakı və Abşeron ləhcəsi üçün xarakterik sayılan «tolazladı» feili kənddən gələn gəncin dilinə də hopub. Bölgələrdə «tulazladı» deyirlər.

Romanda çox yerdə üç nöqtədən öncə vergül işarəsi qoymağa hacət qalmır, çünki nitqin qırıldığı bunsuz da anlaşılır.

Bitişik yazılan sözlər aralı, ayrı yazılan sözlər isə bitişik yazılır: paltar yuyan maşın, srağa günkü və sair.

Reallığımızın dəqiq təsviri


«Sellofan torbalar ortalıqda səfeh-səfeh veyillənirdilər»

«Bütün var-yoxlarını satıb, polisdən yaxalarını birtəhər qurtarmaq istəyiblər»

«İstedadlı adamı bağışlamırlar»

Qəzet(lər)də gizli senzura hələ də hökm sürməkdədir.

Bulvarda öpüşən cütlükləri pusan «əxlaq polisləri» asayişi qorumaq adı altında oğlanlardan ancaq 10 manatlıq qoparandan sonra onları rahat buraxırlar.

«Hər yan boz-bulanıq, birrəngdi»

«Doğrudanmı insan yarım saata üç min manat qazana bilər?»

«məzhəkə üçün sinov gedən millət(imiz)»

(selləmə yağış barədə) «elə bil Allah adamların üzünə tüpürür»

Uğurlu vizual təsvirlər

«ürəyim sudan çıxmış balıq kimi çırpınır»

«payız Günəşinin öləziyən şüası Selma Hayekin divardakı şəklinin üstünə düşübsə, deməli, saat onun yarısıdır»

(yağışda kənd yolları) «Yollar köhnə sabun kimi sürüşkən olurdu»

«vicdansızlığımı malalamaq»

«Ağlamaqdan gözləri ərik boyda olacaqdı»

«Əyinləri yuxa idi»

«Qorxudan bağırsaqlarım genəldi»

«Şifonerin açıq, güzgülü qapıları dilənçi əlinə bənzəyir»

(siçanın) «mərci gözləri»

«Hamamdan gələn su şırşırı xırp kəsdi» (gözəl audiotəsvirdir)

«Şaqqanaq çəkib, dalğalı-dalğalı güldü»

«Əsmər qəlbiyuxadı, sərçə qanadından lələk düşəndə içini çəkir»

«Cır, ciy-ciy səsi boyu ilə tərs mütənasibdi»

«Gözüm qaranlıq çaldı»

Son söz yerinə

Olumlu və olumsuz yanları sadalamaqla mən Cavidə nəyi, necə yazmalı olduğunu öyrətmək məqsədini əsla güdmürəm və güdmərəm də. Demək istədiyim odur ki, üslubla, korrektə və redaktə ilə bağlı bu tip arzuolunmaz məqamlar minimuma en(diril)səydi, oxucu əsərin digər cəhətlərinə, personajlarına və süjetinə daha rahat köklənə bilərdi.

Yeni yaradıcılıq uğurları arzusuyla!
XS
SM
MD
LG