Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:37

NİDA-çıların son sözü: «Bizə verdikləri ittihamlar özlərinin pasportudur»


NIDA-çıların məhkəməsində polis zorakılığı
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

NIDA-çıların məhkəməsində polis zorakılığı

-
Son məhkəmə iclaslarında məhkəmə binasını saran polislər bu dəfə gözə dəymirdi. Mayın 1-də NİDA-çıların son sözünü dinləmək, ondan xəbər tutmaq üçün məhkəmə önünə çoxlu gənc toplaşmışdı. Təbii ki, hər kəsin zala daxil olması mümkün deyildi.

Məhkəməni izləməyə gələnlər, diplomat korpusunun nümayəndələri artıq zalda öz yerlərini tutmuşdular. İçəri gətirilərkən dustaqlar bu dəfə də alqışlandılar... Həm də sürəkli və eşidiləcək bir səslə...

QIZIL XAÇ TBİLİSİDƏN HƏKİM GƏTİRİB

Zaldakı ab-hava məhkəmə önündə də yaşanırdı. Açıq pəncərədən məhkəməni dışarıdan izləyənlərin alqış səsləri çox aydın eşidilirdi.

Rəsmi təsdiqini tapmasa da, NİDA-çıların 15-ci gündür aclıq etməsi xəbəri yayıldığından hər kəs onların durumuyla maraqlanır, nigarançılığına son vermək istəyirdi. Kameranın gözcüyündən baxanda, Məmməd Əzizovun xeyli arıqladığı gözə çarpırdı. O, zala daxil olarkən, əlləri arxadan qandallandığından, divarboyu uzanan qəfəsin dəmir barmaqlıqlarına sürtünə-sürtünə, birtəhər yeriyir, gücsüzlüyünü büruzə verməməyə çalışırdı. Bəxtiyar Quliyev də özünü dik tutmağa səy göstərirdi. Başqa NİDA-çılar zəifləsələr də, normal görünürdülər. Zaur Qurbanlı aprelin 30-da «Qızıl Xaç»ın onları müayinə üçün Tbilisidən həkim gətirdiyini də bildirdi...

...Məhkəmə başlandı. Bu dəfə NİDA-çılar son söz söyləyəcəkdilər. Hakim hər kəsə bir-bir söz verdi. Söz alanların hamısı «mənim əvəzimə son sözü Rəşadət Axundov deyəcək» cümləsini dilə gətirdi.

Beləcə, Rəşadət Axundov sözə başladı. O, 8 nəfərin adından danışmasına da belə aydınlıq gətirdi:

«İqtidar bizi fərd olaraq yox, fəalı sayıldığımız NİDA Vətəndaş Hərəkatı olaraq hədəf seçib və repressiyaya məruz qoyub. Bizim bu son sözümüzü həm 8 NİDA-çının, həm də azadlıqda, yaxud həbsdə olan digər bütün NİDA-çıların sözü kimi qəbul edə bilərsiniz. Adətən, təqsirləndirilən şəxslər «son söz»də məhkəmədən mərhəmət umur, hətta peşman olduqlarını dilə gətirirlər. Bizim mərhəmətə ehtiyacımız yoxdur, onsuz da peşmançılıq çəkiləsi bir iş görməmişik. Bu qondarma işə baxan məhkəmədən də ədalət gözləmirik, çünki bu məhkəmə qanunu ali tutmağa, sərbəst və ədalətli qərar qəbul etməyə qadir deyil».

«İLHAM ƏLİYEV BİZİ CİNAYƏTKAR ADLANDIRANDA...»

Rəşadət Axundov İlham Əliyevin bir çıxışına da diqqət çəkib:

«Prezident İlham Əliyev 2013-cü il iyunun 7-də YAP-ın qurultayında, yəni hələ istintaq getdiyi dövrdə, barəmizdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda, bizi cinayətkar adlandıranda NİDA-ya qarşı repressiyaların siyasi sifariş olduğuna şübhə qalmadı. Bu çıxış, əslində, bizim taleyimizlə bağlı verilən qərar idi. İstintaq sonrakı fəaliyyətində bu qərarın icrasından kənara çıxa bilməzdi.
Belə bir vəziyyətdə dövlət ittihamını müdafiə edən prokurorun da, siz hakimlərin
də kifayət qədər ciddi və çıxılmaz vəziyyətdə olduğunuzun fərqindəyik. Bu sifarişli və qurama cinayət işinə hakim və prokuror kimi təyin edilməyiniz sizi də qurbana çevirib. Dustaq dustağa necə kömək edə bilər ki?».

«BİZƏ VERDİKLƏRİ İTTİHAMLAR ÖZLƏRİNİN PASPORTUDUR»

Rəşadət Axundov istintaq sübutlarının yetərincə əsassız olduğunu bildirərək, irəli sürülən zorakılıq ittihamına da toxunub:

«Hərbi çevriliş yolu ilə hakimiyyətə gəlməsindən tutmuş 15-16 oktyabr 2003-cü il hadisələri və Elmar Hüseynov, Ziya Bünyadov, Rafiq Tağı kimi onlarla dəyərli insanımızın qətli daxil, çoxsaylı hadisələrdə xalqına qarşı silah qaldıran, əli öz xalqının qanına batan bu iqtidar bizi zorakılıqda ittiham edir. Bu, taleyin ironiyasıdır.

Azərbaycanın marağını xarici ölkələrə satan, hakimiyyətini qorumaq üçün hər cür rola girən YAP iqtidarından fərqli olaraq, biz NİDA-çılar heç vaxt nə rus-«KQB» köləsi olmuşuq, nə ABŞ və Avropa neft maqnatlarının dollar-avrosuna biət etmişik, nə İran mollalarının əmmaməsinin, nə də Türkiyə nurçularının «badem bıyık»larının altından keçmişik. NİDA-çılar öz gəncliyini, həyatını gözünü qırpmadan öz milləti uğrunda qurban etməyi bacaran fədailərdir. Bizə verdikləri bu ittihamlarsa özlərinin pasportudur».

«HEÇ ZAMAN ŞƏRƏ TƏSLİM OLMAYIN!..»

Rəşadət Axundov çıxışını bu ifadələrlə tamamladı:
«Biz heç bir yerə getmirik, qayıtmayacağıq da.Çünki biz onsuz da varıq, burdayıq, sizinləyik. Həbsdə 10 NİDA-çı olsa da, azadlıqda olan sizlər bizi əvəz edirsiniz. Bu mübarizəni həm də bizim yerimizə daha prinsipial, daha ardıcıl aparın. Heç zaman şərə təslim olmayın! Alnınızı dik, iradənizi möhkəm tutun!
Rədd olsun diktatura və despotizm!
Yaşasın zülmə və haqsızlığa boyun əyməyən bütün insanlar!».

Bir çox tanınmış şəxsə oxunan hökmlə adı məşhurlaşan qırmızı xalçalı zal mayın 6-da NİDA-çılara veriləcək hökmə də şahidlik edəcək.

... Məhkəmə çıxarkən artıq hər yanda polis gözə dəyirdi. Yaxın küçələrdə polis dolu avtobuslar da vardı. Ərazidəki polislər toplaşanları məhkəmə binası önündən qarşıdakı parka tərəf uzaqlaşdırırdı. Bu zaman zorakı davranışlar da yaşandı...

8 NİDA-çı ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar.

Vəkillərinin söylədiyinə görə, həbsdəki 8 NİDA-çı ədalətli məhkəmə qərarı və azad olunmaları tələbi ilə aprelin 17-dən aclıq aksiyasına başlayıblar. Aprelin 20-də onların valideynləri də övladlarının buraxılması üçün aclıq elan etmişdilər. Ancaq övladlarının «siz dayandırmasanız, biz quru aclığa başlayırıq» mesajından sonra valideynlər aprelin 24-də aclığı müvəqqəti dayandırdıqlarını bildiriblər.

YAP icra katibinin müavini Mübariz Qurbanlı valideynlərin və 8 NİDA-çının aclıq aksiyalarını məhkəməyə təzyiq adlandırıb.

Penitensiar Xidmət təcridxanada aclıq aksiyası saxlanmasını yalanlayıb.

Dövlət ittihamçısı məhkəmədə NİDA-çılara 6 il yarımdan 8 il yarımadək həbs cəzası istəyib. Onlar elə həmin gündən aclıq aksiyası elan ediblər.
XS
SM
MD
LG