Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:57

Mizantrop


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Səid Əliyev


Mizantrop


Ekspozisiya:

Zaman o zaman idi ki, bir aylıq məvacibə 18 500 qutu kibrit almaq olurdu.
Hərə birtəhər yeməyə bir şey tapırdı. Ən çox da yuxarıdakılar. Aşağıdakılar isə qəm yeyirdilər.
Qalanlar gedənlərdən çox idi. Qalanları yatırdı.
Son dövrlər dəniz səviyyəsindən, şou – biznesdən və qiymətlərdən başqa heç nə və heç kim qalxmırdı.
Qəzetlər yalan yazırdı. Televiziyalar əsəblərlə oynayırdılar. Utanmasan oynamağa nə var ki?!
Dövrün şairi öz dövranını Maksim Qorkinin “Ana” romanının ilk üç səhifəsindəki vəziyyətə bənzədirdi.
Dövrün bir başqa ziyalısı camaatı qarışqalara bənzədirdi. Yazırdı (həm də deyirdi) ki, sanki, hamı künc – bucaqdan nəsə tapıb evinə daşıyır. Ən çox da yuxarıdakılar. Aşağıdakılar isə qəm daşıyırdı.
P.S. Ona yalnız bir ehtiras - ədalət və yalnız bir fikir – onun qarşısını kəsən maneələri dəf etmək hakim kəsilmişdi – Viktor Hüqo (Səfillər).

Zavyazka:

Ö. yeniyetmədir. Atası alimdir. Amma, heç yanda işləmir. Anası isə işləyir. Amma, nə təhsili var, nə də sənəti.
P.S. Deliriya (lat. delirium — ağılsızlıq, sayıqlama) — huşun pozulması (huşun qaralmasından Komaya qədər) ilə özünü biruzə verən psixi pozğunluqdur.
Ö. ilk dəfə göz yaşı tökəndə hələ gözləri açılmamamışdı. Heç ağlamağının səbəbini də bilmirdi. Sonralar öz ağlamağını Oskar Uayldın “Xoşbəxt şahzadə” heykəl – qəhrəmanının ağlamağı ilə eyni olduğunu təxmin etmişdi.
Məhəmməd Füzuli öz qəhrəmanı Qeysin ağlamağını onun gələcəkdə başına gələcək müsibətlərlə əlaqələndirmişdi. Qeys əslində öz halına – Məcnunu ağlayırdı.
P.S. Göz yaşı istehsalı lipid adlanan yağ, ağ öz (maye) və musin təbəqələrindən ibarətdir.

Ö. balaca olanda atası ona hər gün təzə nağıl oxuyardı. Ö. “PAUK” (tərcümə-hörümçək) abbreviaturası ilə adlandırdığı 4 yazıçının – Perro, Andersen, Uayld və Kerol nağıllarını daha çox sevirdi.
“Çılpaq padşaha”, “Qar kraliçaya” nifrət edirdi.
Böyüdükcə kitabları özü seçirdi. Kitablar həyatında böyük dəyişikliklərə səbəb olmuşdu.
P.S. Hər bir uşaq öz atasının kitabxanasında olan kitabların üz qabığı ilə böyüyür –Uinston Çörçill.
Ö. yeniyetmə olsa da vəziyyəti dərk edirdi. Həm evin içindəki, həm də evdən çöldəki vəziyyəti.
Bilirdi ki, müəyyən adamlar qan içib, adam əti yeyirlər.
Fahişəlik çoxalırdı. Oğurluq artırdı. Heç kimə etibar yox idi. İnsanlarda bir – birlərinə nifrət yaranırdı, hamı bir – birindən qaçırdı. Səbəblərin kökü isə aşağıdan başlayıb düz yuxarıya qədər gedib çıxırdı.
P.S. Mizantropiya – insanlığa olan nifrət, qərəz, insanlığın qəbul edilməməsi. Mizantrop cəmiyyətdən qaçan və insanlığa nifrət etməkdən həzz alan insana deyilir.

***

A. cavan kişidir. Evlidir, bir övladı var. Zəngin kitabxanaya malikdir.
Dörd ildir ki, xəstəliyi ilə əlaqədar olaraq evdən çölə çıxmır. Onu xəstələndirən əsas səbəb də aşağıdan başlayıb düz yuxarıya qədər gedib çıxır.
P.S. Deliriya (lat. delirium — ağılsızlıq, sayıqlama) — huşun pozulması (huşun qaralmasından Komaya qədər) ilə özünü biruzə verən psixi pozğunluqdur.
A. – nın arvadı fahişədir. Düz dörd ildir ki, bu qədim peşə ilə məşğul olur.
P.S. Fahişəlik zərurətdir. Əks halda kişilər küçələrdə namuslu qadınlara hücum çəkərdilər – Napoleon.
A. – nın arvadının fahişə olmasından xəbəri olmasa da, övladının var. Buna görə də övladı daxili sıxıntı keçirərək, psixoloji əzablar altında böyüyür. Ancaq övladı anasını qınamır. Onu və minlərlə onun kimi qadınları bu hala salan səbəbləri günahkar sayır.
A. – nın arvadı onun qayğısına qalır. Onun xəstə olmasına baxmayaraq, səbr edir və bu sənətlə məşğul olmasına səbəb də, ərinə və yeganə övladına olan sevgisidir.
Missiyası oğluna mükəmməl təhsil verməkdir.
P.S. Şəraitlər dəyişkən ola bilər, prinsiplər isə əsla! – Onore de Balzak


Kuliminasiya:

Üç saatdan çoxdur ki, evdə dava – mərəkə düşüb. Qışqırıq səslərinin çəkicləri evin hüdudlarından kənara çıxaraq gecə səssizliyinin divarlarını dağıdaraq əks – səda ilə ətrafa yayılır.
Valideynlərini heç zaman dalaşan görməyən yeniyetmə “uşağa” bu səhnənin necə pis təsir etdiyini yazmağa ehtiyac yoxdur. Valideynlərinin bağırtılarının fonunda qab – qacaqların, stulların qırılmasından yaranan səslər bu görüntünü daha da ağırlaşdırır.
Uşaq əlləri ilə qulaqlarını tutub dinməz – döyləməz qonşu otada oturub mərəkənin bitməsini gözləyir. Bayaqdan bəri içində ümidsizliklə vurğulanan - “Bu, heç zaman bitməyəcək. Bunun axırı yoxdur” – fikirləri onu məngənə kimi sıxırdı.
Bir müddətdən sonra özündə güc tapdı. Artıq fikirləri dəyişirdi.
Gözlərinin qarşısına Alber Kamyunun “Taun” romanı gəldi. O, həkim Rio obrazının cəsarəti, möhkəmliyi haqqında düşünürdü.
İki saatdır əllərini bağladığı qulaqlarından çəkdi və tarixi bir frazanı təkrarladı:
- “Başqa cür hərəkət etmək lazımdır!”
Və dərhal “Varolmanın dözülməz yüngüllüyü”, “Ovod”, “Ana” və “Səfillər” əsərlərini xatırladı.
Və başqa bir tarixi fikri pıçıltı ilə təkrar etdi: - “Nə etməli?”

Razvyazka:

Dar qəfəsə salınmış idrak məfkurəsinin vakkumda amansızcasına boğulması...
“Eqo”nu təxəyyüllərin əleyhinə qaldıran məkrli sifarişin qorxunc icra tendensiyası...
Azadlıq eyforiyasına qapılmış şüurun repressiv fobiyalarla çökdürülməsində əlahiddə rol oynayan fikir cəlladlarının qətliamı...
Ziya şölələrinin nura çevrilmə ehtimallarını sıfıra endirməyə var qüvvələri ilə çalışan tiranların vəhşi təşəbbüsləri...

İcmaların üstünü almış qara mizantropiya buludlarını dağıdacaq günəşin doğmasına ehtiyac var. Bu mizantropiyanı yaradan səbəblər çox olsa da, ən əsası icma ilə kitab arasında çəkilmiş keçilməz səddir.
P.S. İnsan yalnız onu əhatə edən divaları görməyə qadirdir. – Alber Kamyu.

***
Artıq evdə sakitçilikdir. Bayaqkı davanın səbəbi A. – nın arvadına qarşı olan şübhələri idi. Lakin, onu inandıra bildilər.

İndi üçü də A. (ata), arvadı və Ö. (onların yeniyetmə övladı) otaqda öz işləri ilə məşğuldur. Onlar qalib gəldilər. Mizantropik hisləri dəf etməyi bacardılar. İnsanları daha çox sevmək üçün onlar A. Çexovun “Ata” hekayəsini oxuyub müzakirə edəcəklər.
XS
SM
MD
LG