Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

Ramiz Mehdiyev: «Səfir Morningstar həddini çox aşıb»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

«Mən səfir Morningstar-ın mövqeyi ilə bağlı öz münasibətini açıqlayan hər kəsə minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim insanların həqiqi vətəndaş mövqeyidir».

Bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev «Azərtac» agentliyinə rus dilində aparılan müsahibəsində deyib. APA müsahibənin Azərbaycan dilində mətnini təqdim edir:

R. Mehdiyev qeyd edib ki, ABŞ səfirinin müsahibəsi təəccüb doğurur: «ABŞ səfirinin bu müsahibəsi dünyada və postsovet məkanda daha çox Qərbin ucbatından gərginləşən geosiyasi proseslər fonunda ən azı təəccüb doğurur. Onu bu müsahibəni verməyə və diplomatik etiketə uyğun olmayan fikirlər səsləndirməyə vadar edən motiv və səbəblərin nə olduğunu deməyə çətinlik çəkirəm. Bu, ölkənin daxili işlərinə açıq, birbaşa, kobud müdaxilədir və buna haqq qazandırmaq mümkün deyil. Bu həm də Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına görə yolverilməzdir».

R. Mehdiyev bildirib ki, səfirin müsahibədəki tonunda əmr və fikirlərini müstəqil dövlətə qəbul etdirmək cəhdi var: «Səfir Morningstar unutmamalıdır ki, Azərbaycan kiminsə müstəmləkəsi yox, özünü tam təmin edən dövlətdir».

PA rəhbəri vurğulayıb ki, Morningstar, ABŞ səfiri kimi, olduğu ölkənin suverenliyinə hörmətlə yanaşmağa borcludur: «Yeri gəlmişkən, bu, bəzi Qərb dövlətlərin səfirlərinə də aiddir. Hansılar ki, Amerika səfirinin hərəkətlərinə uyğun olaraq hərəkət etməyə çalışırlar. Biz Azərbaycana qarşı hörmətsiz münasibətə dözmək niyyətində deyilik».

«BU CÜR KOBUD RƏFTARA YOL VERİRSƏ, DEMƏLİ, MORNİNGSTAR-IN STATUSU İLƏ BAĞLI CİDDİ PROBLEMLƏRİ VAR»

R. Mehdiyev xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan dövlətinə və xalqına saymazyana, hörmətsiz münasibətə dözmək niyyətində olmadığını dəfələrlə vurğulayıb:

«Düşünürəm ki, amerikalı həmkarlarımız dövlətimizin rəhbərliyinin mövqeyi barədə məlumatlıdırlar. Əgər ABŞ səfiri heç nəyə məhəl qoymayaraq, Azərbaycanla bağlı bu cür kobud rəftara yol verirsə, deməli, onun statusu ilə bağlı ciddi problemləri var. Təəssüf ki, səfir Morningstar-ın yolverilməz formada ölkənin daxili işlərinə qarışıb, diktə etmək səyləri ilk dəfə müşahidə olunmur. Bu, onun diplomat kimi peşəkarlığını böyük sual altına qoyur».

R. Mehdiyev deyib ki, daha bir mühüm fakt səfirin Azərbaycanın qonşuları barədə səsləndirdiyi fikirlərlə bağlıdır: «Bu cür bəyanatlar açıq-aydın təxribatdır. Azərbaycan, üçüncü qüvvələrin arzularından asılı olmayaraq, qonşuları ilə mehriban qonşuluq siyasəti yürüdüb və həmişə də yürüdəcək. Dünyadakı hazırkı vəziyyət bizim addımlarımızın düzgün və səmərəli olduğunu bir daha sübut edir».

PA rəhbəri səfirin müsahibəsinin tonunun qəbuledilməz olduğunu deyib: «Qeyd olunan müsahibənin kontekstinə əsaslanaraq deyə bilərəm ki, səfir həddini çox aşıb. O, özünü qışqıraraq Azərbaycanı idarə edən hansısa qubernator hesab edir».

R. Mehdiyev vurğulayıb ki, ABŞ mütəxəssisləri də daxil olmaqla bir çox tanınmış ekspertlər Vaşinqtonun müasir xarici siyasətində böhran elementlərinin açıq-aydın müşahidə olunduğunu qeyd ediblər: «ABŞ dövlət katibi cənab Kerry-nin bu sahədə konseptual dəyişikliklərin zəruriliyi barədə bəyanatı deyilənləri sübut edir».

PA rəhbəri hesab edib ki, Morningstar dünyadakı yeni siyasi tendensiyaları duya bilməyib:

«Aydındır ki, səfir Mornongstar-ın və onun fəaliyyətinə birbaşa rəhbərlik edənlərin dünyagörüşü keçmişdə ilişib qalıb və zamanla təzad təşkil edir. Çünki çoxqütblü dünya müstəmləkə təfəkküründən imtina etməyə çağırır».

Bu günlərdə ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosuna eksklüziv müsahibə verib. Bu müsahibə zamanı səsləndirdiyi fikirlərinə görə səfir Azərbaycan rəsmilərinin tənqidilə qarşılanıb.
XS
SM
MD
LG