Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkir


Hazırda Ukraynanın sərhədlərində Rusiyanın 7 batalyonu qalır.
Hazırda Ukraynanın sərhədlərində Rusiyanın 7 batalyonu qalır.
-
Bu barədə məlumatı ABŞ-ın müdafiə rəsmiləri yayıblar.

Bundan əvvəl ABŞ Rusiya prezidenti Vladimir Putin-dən Ukraynanın şərq sərhədlərində cəmləşən 40 minlik qoşun hissələrinin çəkilməsini tələb etmişdi.

Amerika hərbi rəsmiləri bildiriblər ki, hazırda Ukraynanın sərhədlərində Rusiyanın 2-3 minlik əsgəri qüvvəsi olan 7 batalyonu qalır.

ABŞ müdafiə naziri Chuck Hagel də təsdiq edib ki, indi Ukrayna sərhədlərindəki Rusiya qoşunlarının sayı 4 mindən çox deyil.

Bu xəbərləri NATO-nun baş katibi Anders Fogh Rasmussen də təsdiq edərək bildirib ki, Moskva Putin-in vədinə uyğun olaraq qoşunlarının üçdə ikisini Ukrayna sərhədlərindən çıxarıb.

JOHN KERRY PUTIN-Ə İNANMIR

ABŞ dövlət katibi John Kerry Rusiya qoşunlarının çəkilməsi barədə xəbərlərə ehtiyatlı şərh verib və bildirib ki, qoşunlar Moskvaya doğru geri çəkilsə də, hələlik təhlükə əlamətləri qalır.

Vaşinqtonun narahatlığı Slavyansk üzərində Ukrayna helikopterinin vurulması nəticəsində 12 hərbçinin həlak olmasından sonra daha da artıb. Ölənlərin arasında bir ordu generalının da olması ABŞ hərbi dairələrində separatçılara xaricdən verilən dəstəyin miqyası barədə ciddi suallar yaradıb.

Xəbər verilir ki, «Mi-8» tipli helikopter daşınabilən zenit-raket kompleksi ilə vurulub.
Ukraynanın yeni prezidenti Petro Poroshenko bəyan edib ki, Ukrayna hökumət qüvvələrinə qarşı hücumlar cəzasız qalmayacaq.

KİYEV ŞƏRQ ƏRAZİLƏRİNİ SEPARATÇILARDAN TƏMİZLƏYİR

Bu arada Ukraynanın müdafiə naziri bildirib ki, hökumət qoşunları ölkənin şərqində böyük əraziləri separatçılardan azad edə bilib.

«The Daily Telegraph» qəzetinin Donetskdəki müxbiri Roland Oliphant Ukrayna müdafiə naziri əvəzi Mykahailo Koval-a istinadən yazır ki, nizami ordunun döyüş əhval-ruhiyyəsi yüksəkdir.

Cənab Koval bildirib ki, Ukrayna qoşunları Donetsk vilayətinin cənub və qərb, Luqansk vilayətinin isə şimal ərazilərini separatçılardan «təmizləyiblər».

Bununla belə, qəzet yazır ki, hökumət qoşunlarının hərbi uğurlarının əsl miqyası barədə nəsə demək çətindir. Separatçıların istehkamı olan Slavyansk və vilayət mərkəzi Donetsk rusiyapərəst qüvvələrin nəzarətində qalır.
Donetskdə «Rusiya Pravoslav Ordusu» - 29 may 2014
Donetskdə «Rusiya Pravoslav Ordusu» - 29 may 2014


SEPARATÇILARIN MEYİTLƏRİ MOSKVAYA GÖNDƏRİLİB

«The Daily Telegraph» qəzetinin müxbiri yazır ki, hökumət qoşunlarının Donetsk beynəlxalq hava limanının azad edilməsi əməliyyatında öldürülmüş 33 separatçının meyiti Rusiyaya göndərilib. İndi artıq qiyamın liderləri də döyüşçülərinin yalnız yerli sakinlər olduğu barədə bəyanatlardan əl çəkiblər.

«Donetsk Xalq Respublikası» parlamentinin sədri Denis Pushilin deyib: «Həqiqət bundan ibarətdir ki, Rusiyadan könüllülər yox idi, lakin indi onlar gəlməyə başlayıblar. Həm də təkcə Rusiyadan yox...».

Qəzet yazır ki, Ukraynada münaqişənin «rusiyalaşması» prosesi gedir.

«Donetsk Xalq Respublikası»nın baş naziri Alexander Borodai moskvalıdır, onun köməkçiləri də Rusiya vətəndaşlarıdırlar.

MOSKVA SEPARATÇI HƏRƏKATI GENİŞLƏNDİRİR

Separatçıların Rusiyadan dəstək aldığını göstərən başqa bir element də «Vostok» batalyonudur. Bu birləşmə peşəkar qaydada geyindirilib və silahlandırılıb.

Batalyonun döyüşçüləri «The Daily Telegraph» müxbirinə sıralarında Rusiyadan gəlmiş könüllülərin olduğunu bildiriblər.
«Vostok» batalyonu vaxtilə Çeçenistanda döyüşüb - 29 may 2014
«Vostok» batalyonu vaxtilə Çeçenistanda döyüşüb - 29 may 2014


Onlardan bəziləri 2008-ci ildə Rusiyanın Gürcüstandan qopardığı Cənubi Osetiya bölgəsindən gəliblər.

Qəzet, həmçinin, «Rusiya Pravoslav Ordusu» adlanan başqa bir separatçı batalyondan da yazır.

BBC xəbər verir ki, Rusiyanın Şərqi Ukraynaya müdaxiləsi getdikcə daha mütəşəkkil xarakter alır.

RUSİYA UKRAYNANIN ÜSTÜNƏ ÇEÇENLƏRİ SALIB

BBC belə bir ehtimal irəli sürür ki, «Vostok» batalyonu vaxtilə Çeçenistanda rus komandirlərin başçılığı ilə çeçen qiyamçıları ilə döyüşən və elə çeçenlərdən ibarət məşhur «Vostok» birləşməsinin modifikasiyası ola bilər.

Bu qrup 2008-ci ildə Rusiyanın tərəfində Gürcüstana qarşı hərbi əməliyyatlarda iştirak edib.

«Vostok» birləşməsinin üzvləri BBC-yə bildiriblər ki, onların Donetskdəki son döyüşlərində çeçenlər və osetinlər də iştirak ediblər. Bununla belə, müxbir onların könüllü və ya göndərilmə döyüşçülər olduğunu öyrənə bilməyib.

«RAMZAN DEDİ «GEDİN», BİZ DƏ GƏLDİK...»

«Ramzan bizə dedi ki, gedin və döyüşün, biz də gəldik» –çeçen döyüşçülərdən biri deyib.

Lakin Çeçenistan lideri Ramzan Kadyrov Ukraynadakı münaqişə ilə heç bir əlaqəsinin olmadığını bəyan edib. Bununla belə o, əlavə edib ki, Rusiyada yaşayan çeçenlərin Ukraynadakı münaqişədə iştirakı onun nəzarəti xaricindədir.
Ukrayna sərhədçiləri Donetskdə – 15 aprel 2014
Ukrayna sərhədçiləri Donetskdə – 15 aprel 2014


BBC yazır ki, yaxşı döyüş qabiliyyətinə və müharibə aparmaq səriştəsinə malik çeçenlərin Ukraynada peyda olması buradakı separatçılığa yeni istiqamət vermiş olur.

UKRAYNA SƏRHƏDLƏRİNƏ TAM NƏZARƏT EDƏ BİLMİR

BBC-nin məlumatlarında yerli sakinlərə əsasən bildirilir ki, Ukrayna hərbiyyəsi ölkənin şərq sərhədlərinə tam nəzarət edə bilmir.

Bəzi xəbərlərə görə, Rusiyadan gələn döyüşçülər və hərbi sursat üçün qovşaq rolunu Luqansk vilayətindəki Antrasit şəhəri oynayır. Ukrayna qüvvələrinin həmin ərazidə Rusiyadan gələn 40 yük maşınından ibarət hərbi karvanla toqquşması barədə xəbərlər yayılıb.

OBAMA POROSHENKO İLƏ GÖRÜŞƏCƏK

Bu arada Ağ ev bəyan edib ki, prezident Barack Obama iyunun əvvəlində Avropaya səfəri zamanı Ukraynanın yeni lideri Petro Poroshenko ilə görüşməyi planlaşdırır.

Bununla belə, bəzi müşahidəçilər Rusiya qoşunlarının geri çəkilməsi barədə xəbərləri müsbət qarşılayıblar.

Onlar Putin-in Ukrayna separatçılarını açıq dəstəkləməkdən boyun qaçırmasını da müsbət əlamət hesab edirlər.

Lakin bir sıra ekspertlər bildirirlər ki, Rusiya Ukraynaya birbaşa müdaxilə etməsə də, separatçılara verilən hərbi-texniki dəstək ciddi narahatlıq doğurmalıdır.

UKRAYNA HADİSƏLƏRİNİN XRONİKASINI BURADA İZLƏ
XS
SM
MD
LG