Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:32

Günel Mövlud. Hamiləlik, doğuş və analıq mifi barədə


Almaniya - Günel Mövlud həyat yoldaşı Hacı Hacıyev və yeni doğulan körpəsi ilə
Almaniya - Günel Mövlud həyat yoldaşı Hacı Hacıyev və yeni doğulan körpəsi ilə
-

Bizi doqquz ay qarınlarında gəzdirdiklərini az qala bütün analar başımıza qaxır.

Şəxsən mən doqquz ay ərzində aktiv həyat keçirmişəm. Yazı yazmışam, tərcümə eləmişəm, məişətimin öhdəsindən gəlmişəm...



Günel Mövlud

Hamiləlik, doğuş və analıq mifi barədə


Bugünlərdə oğlum dünyaya gəldi.

Həyatımda baş verən bu hadisənin emosional tərəfi barədə heç nə yazmayacam.
Amma bu hadisədən sonra onsuz da skeptik yanaşdığım bir neçə mif mənim üçün
tamamilə dağıldı ki, bunlardan yazmaq istəyirəm.

Biz, Azərbaycanda doğulan, azərbaycanlı anaların doğduqları uşaqlar ağlımız kəsəndən minnət götürürük.

Analarımız bizi doqquz ay dar qarınlarında gəzdirdiklərini, min bir əzabla doğduqlarını, doğandan sonra verdikləri südü, çəkdikləri qayğını min dəfə üzümüzə tutur, başımıza qaxır, burnumuzdan gətirirlər.

Başlayaq hamiləlikdən

Azərbaycanda gəlin hamilə qalan kimi ər evi onu atasının evinə "uzunmüddətli məzuniyyətə" göndərir.

Ata evində ana, bacı, qardaşarvadı və s. qohumlar gələcək ananın başına fırlanırlar.

Bütün bunların gələcək anaya hörmətə, sevgiyə-zada dəxli yoxdur.

Bu qayğının, ehtiramın arxasındakı hiyləgər məqsəd gələcək ananın bir uşaq doğması, özünün reproduktiv funksiyasını yerinə yetirib, ər evində öz yerini möhkəmləndirməsi kimi uzaqgörən qadın siyasətidir.

Eynən beləcə, doğuşa bir ayqalmış da, gələcək ana yenə atası evinə uzunmüddətli doğuş "ezamiyyətinə" göndərilir.

Doğuş baş tutana, uşaq bir az əmələ gələnə kimi, ata evi yenə gələcək ananın başına fırlanır.

Əslində isə, hamiləlik vur-tut doqquz ay çəkən bir müddətdir ki, bu müddətdə ilk iki ay və son iki ayda bir az narahatlıq yaşayırsan.

İlk iki ayda ürəkbulanmadan, son iki ayda bir az ağırlaşmadan.

Qalan müddətdə qadın özünü rahat hiss edir.

Sadəcə, bu ərəfədə öz orqanizminə gərək bir az məsuliyətli yanaşasan ki, gələcək körpəyə zərər yetirməyəsən.

Hamiləlik ağrısı, narahatlığı cüzidir. Şəxsən mən doqquz ay ərzində aktiv həyat keçirmişəm. Yazı yazmışam, tərcümə eləmişəm, məişətimin öhdəsindən gəlmişəm.
Təbii ki, hər qadında məsələ fərqlidir. Ağır keçirəni, yüngül keçirəni ola bilər.

Amma hər qadında hamiləlik fərqli olsa da, bizi doqquz ay qarınlarında gəzdirdiklərini az qala bütün analar başımıza qaxır.

Uzun sözün qısası, analarımızn hamiləlik mifinə bir quş…

Doğuş…

Doğuş, təbii ki, hər qadında fərqlidir. Əzablısı da ola bilər, yüngülü də.

Amma ən azablısını yaşamış biri kimi deyə bilərəm ki, bu ağrının yüz, min qatı belə məsum bir varlığa sahib olmağın verdiyi hissin yanında çox cüzidir.

Və gərək nə qədər eqoist, hətta nadan olasan ki, doğuş əzabını sənə bu qədər gözəl hisslər yaşadan varlığın üzünə vurasan, minnət qoyasan.

Bu məsələdə mövqeyim qısa və konkret olduğu üçün, mən bizi doğub, sonra minnət qoyan analarımızdan yox, həkim əxlaqından danışmaq istəyirəm.

Azərbaycanda ana olmuş onlarla qadın tanıyıram. Aralarında bir nəfəri də yoxdur ki, doğuş ərəfəsində həkimlər, mamaça onların üstünə qışqırmasın, bəzən lap təhqir eləməsin. Bizim bəzi həkimlərimizin ən tərbiyəsiz, ən əxlaqsız sifəti doğuş prosesində açılır.

Doğuş ərəfəsində ağrı çəkən onlarla qadın həmin ərəfədə həkimlərin onları söyməyindən, təhqir eləməyindən, vulqar ifadələr işlətməyindən gözləri yaşara-yaşara danışırlar. Bizim bəzi həkimlər o qədər ədəbsizdirlərki, doğuş ağrısı çəkib, qışqıran qadına: «Kişi ilə yatanda yaxşı idi?! Onda heç belə qışqırmırdın?!» deyə bilərlər. Onlarla qadın təsdiq edir ki, bu iki cümlə bizim doğuş qəbul edən həkimlərimizin təhqir top-onluğundadır.

Övlad sahibi olanı doyunca sevinməyə qoymur bizim həkim və tibb bacısı personalı. Varlıya nə var, varlıya hər şey rahatdı. Amma kasıb ata-ana onların gözlərini doyura bilmir. Hər şeyə görə şirinlik istəyir, fağır gənclərin ata-ana olmaq sevincini burunlarından gətirirlər. Kasıb cütlüklər xəstəxanada tələb olunan pulu, həkimin, tibb bacılarının, sanitarların, xadimənin şirinliyini necə çatdıracaqlarını düşündüklərindən, körpəyə görə sevinmək yadlarından çıxır.

Zəruri olaraq, vurğulayım ki, bizim mədəni, əsl insan həkimlərimiz də var. Bu yazılanların onlara dəxli yoxdur, amma onlar da özlərinin istisna olduğunu bilməlidirlər.

Bir az da alman həkimləri barədə

Doğuş ərəfəsində mən alman həkimlərindən peşəkarlıqlarından irəli gələn diqqət, anlayış və qayğı gördüm. İstənilən dərmanı verəndə, iynəni vuranda, aparatı quraşdıranda xəbərdarlıq edir, ağrıdacağını deyir və mütləq üzr istəyirdilər.

Doğuşu qəbul edən həkim qadın hətta saçlarımı da sığalladı. Əlbəttə, onun şəxsən mənə canı yanmır. Amma onun işi bunu tələb edir. Bunun adı sadəcə peşəkarlıq və əxlaqdır. Mamaçalar gecələr boyu mənə uşaqla bağlı hər şeyi yorulmadan, səbrlə izah elədilər, göstərdilər, kömək elədilər.

Təmizlik, diqqət, körpələrə qayğı yüksək səviyyədə. Hər an, hər hərəkətləri ilə sənə insan olduğunu hiss elətdirir, sevincini vurğulayır,doyunca yaşamağına dəstək olur.

Analıq


Bu hissi yaşayandan sonra «Qaytar ana borcunu!» söhbətləri, «Ana ürəyi» segahı, ana müqəddəsliyi kimi zəhləmizi tökmüş söhbətlər mənə ikiqat gülməli gəlir.
Əgər əvvəllər buna sadəcə skeptik yanaşırdımsa, indi ana olduğunu uşağın üzünə vuran, onun əziyyətini çəkməyini uşağa başqaxıncı edən qadınlara qarşı sadəcə amansız münasibətidəyəm.

Çəkdiyin əziyyət nə qədər çox, yuxusuz gecələrin nə qədər saysız, qorxuların, həyəcanların nə qədər üzücü olsa da, övladın anaya verdiyi xoşbəxtlik min dəfə daha artıqdır. Və bir az qanacağı olan qadın onu dişidən anaya çevirən uşağına minnət qoymaq əvəzinə, özü ona minnətdar olmalıdır.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG