Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Ramiz Rövşənin "Kentavr” şeirinə nəzirə


Rüfət Səid
Rüfət Səid
-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin qalibi Rüfət Səidin (Əhmədzadə) şeirlərini təqdim edirik.


Rüfət Səid




“Sonuncu kentavr”

(Ramiz Rövşənin "Kentavr” adlı şeirinə nəzirə)


Siz məni uzaqdan sevdiniz xanım...
Uzaqlıq uşaqlıq kimi bir şeydir.
Bir dondurma görüb qaynamaq kimi,
Bir kibrit odundan qorxmaq kimidir.

Siz məni uzaqdan sevdiniz, xanım...
Uzaqdan başıma and içirsiniz.
Mənim bədənimdən bixəbər qadın,
Quyruğum var hələ, görməmisiniz...

Quyruqlu kişini sevmək olarmı?
Hələ cod və kirli yalım var mənim
Düzü, at kimiyəm, kentavram mən,
Baxın, dabanımda nalım var mənim.

Bəlkə siz nalıma maraq edirsiz,
Axı nal səadət rəmzi sayılır...
Xanım, inciməyin, yanılırsınız...
O mıxların yeri hələ sızlayır...

Deyirlər, at alan dişinə baxsın,
Tökülüb dişlərim, bağışlayın siz...
Belim də əyilib yükündən xalqın,
Taleyin işinə qarışmayın siz...

Nə edək, park ilə dolu ölkədə
Mənə otlamağa bir yer tapılmır.
Nə edək, kişiylə dolu ölkədə,
Sizinçün döyüşən əsgər tapılmır...

Siz yenə yaxşısız, inanın, xanım...
Hələ həyatınız irəlidədir...
Dünyaya adamlar böyüdəcəksiz...
Bizimsə ilxımız qırılıb bir-bir.

Bəxtimiz bu imiş, nə etmək olar?
Nə atam, nə adam, yersiz biriyəm.
Hərdən istəyirəm edəm intihar,
Və atam qayadan özümü bir dəm.

Bəs onda günahkar kim olar görən?
Sonuncu kentavrı itirər bəşər...
Çalışın, yaxından sevin, ay xanım!..
Qohumdan, qonşudan yetirər bəşər...

Siz məni uzaqdan sevdiniz axı...
Uzaqlıq uşaqlıq kimi bir şeydir...
Uşağın sevgisi qibtəylə doğar,
Amma böyüyəndə dəyişəcəkdir.

03.06.2014
Rüfət Səid
Rüfət Səid

“Sən qardaşsan, şair”

Hər oxucu həm də bir nərdivandır,
Səni qaldırır, şair….
Nərdivan ayaq altında qalsa da,
Qədirbilən insanlar
- Öpüləsi qutsal torpaq kimidir.
Sənin dostların səni ucaltmağa,
Çiynində daşımağa,
Hətta gərəkdiyində
Yolunda baş qoymağa belə, hazır gözləyir.
Sən qardaşsan ey, şair!

Səni isə bu qədər oxucular arasından
- Sadəcə kədərini bölüşməyə,
Bəlkə də yaxasında ağlamağa,
Ya da qarmaqlamağa adi oğlan axtaran
qızlar maraqlandırır…
Amma sən ailəlisən,
Çoxdandır ki, subay qızlara maraqlı deyilsən…
Nə vaxt ata olursan?
Sən qardaşsan ey, şair!

Gözlərindəki şorluqdur, yəqin, elə parıldar…
Bəlkə müftəxorluqdur, ruhunun aclığı da…
Şeirlərdə zırıldar.
Bəlkə rüşvətxorluqdur,
Səni sevən mütləq sevincini də sənə fəda etməli.
Yoxsa düşünürsən ki,
Səni göz yaşıyla oxuyanlar var?
Bir az düş aşağı, Yerlə tanış ol…
Kosmonavt deyilsən ki!
Sən qardaşsan ey, şair!

Belə uzun-uzun şeirlər yazma,
Camaatın vaxtı yoxdur oxumağa onları…
Hamısı işgüzardır,
Hələ bu gecəyədək 3500 status oxuyacaqlar.
Planlara öyrəşən bu insanlar
Özləri şairlərə plan qoyub…
Ürəyini boşalt, amma boşalma.
İkibaşlı sözləri qatlanma bıçaq kimi,
Qoy cibinə,
Sevgini təsbeh elə,
Hərlə, fırla…
Sonra da bu söhbətə bir fitva ver…
Yaxşı oğlan sevdiyi qızın dalınca danışmaz!
Yaxşı oğlan vəsf edər…
Sən qardaşsan ey, şair!
Rüfət Səid
Rüfət Səid

Sənin üçün darıxmaq

Sənin üçün darıxmaqdan çox şeir yazdım, amma…
Kimin üçün yaşadığım yozulmaz sirrim oldu.
Bəlkə bir az səmt dəyişim,
Ya da yazı tərzimi…
Elə sənlə danışmağım sağalmaz dərdim oldu.

Sən mənə nə verdin axı,
Nə öyrətdin, nə dedin?
Apardığın nə oldu bəs,
Nə qoruya bilmədin?
Əslində, heç nə yox idi yaşatmağa bir yerdə…
Ayrılıqda yaşatmalı şeylərdən götürmədin?!

Götürəydin bir qurtum eşq,
Susayanda içməyə….
Bir dişləm qəm aparaydın,
Sevincini seçməyə!
Qoyduğun ümid oldusa,
Nəyimə gərək idi?
Götürəydin “bəlkə”ləri
– “Yoxsa”ları biçməyə!

Şübhələrin nə çox idi…
Hamısı da məndədir.
Gözlərindən topladığım
Xofların da məndədir.

“Alınmaz”lar, “bilmirəm”lər….
İndi dilimdə əzbər.
Səndən nələr eşitdimsə,
Dediyim eyni sözlər!

Darıxırdın sən mənimlə…
Görən, necəsən indi?
Darıxmaq öyrədən adam…
Nə öyrənirsən indi?

Xoşbəxtmisən və şənmisən…
Bəs bunun mənə dəxli?
Hərənin öz taleyi var…
Hərənin də öz əqli.

İndi oldu? Alındımı?
Həqiqətə dönürəm.
Əvvəl sandım oxuyursan…
Elə bildim, ölürəm.

Elə bildim, qiyamətdir,
Dünya başıma döndü.
Darıxmaq öyrədən adam,
Ölüm də sənə döndü.
Rüfət Səid
Rüfət Səid

“Mən səni sevirəm, ya da sevmirəm”

Mən səni sevirəm,
Ya da sevmirəm…
Sadəcə, hislərin fırtınasıdır.
Yaxınsan, üç addım…
Uzaqsan… Sonsuz!
Eləcə acizlik ixtirasıdır.

Mən səni yazıram,
Ya da yazmıram…
Sadəcə bir dəli sayıqlaması.
Gülürsən, bircə an…
Susursan… Sonsuz!
Sonsuz sevdamızın açıqlaması.

Nələrdən keçmişdin,
Nədə dayandın?
Kimləri ötmüşdün,
Kimdən utandın?
Suallar içində boğulan mənəm…
Sən hansı sualdan bezib-usandın?

Mən sənsiz heç kiməm,
Ya da hər kiməm…
Bu yetkin vaxtında itkin bir adam.
Özünü axtarıb səndə taparkən…
Bəs səni itirsəm?
Bitkin bir adam!

Bir edam səhnəsi quraq səninlə…
Hakim də özün ol, cəllad da özün!
Bir vida səhnəsi quraq səninlə…
Ölüm də özün ol, Sirat da özün!

Gəzim tellərində, sənə varım mən,
Elə səndə qalım, sənə qalım mən.
Cənnətim, yoxsa ki Cəhənnəmimsən?
Əgər dünyam isən, hələ qalım mən!



“Bəlkə də”

Bəlkə də,
Bir daha görüşmərik biz.
Tozlu eynəyimə hopmaz nəfəsin.
Elə bu dünyaya qarışarıq biz..
Buraxıb yeni bir dünya həvəsin.
Bəlkə də,
Bir daha öpməzsən məni...
Dodaqların qalar mesajlarında.
Dodaqlar quruyub qubar bağlayar...
Dilimiz qatlanar yad qucağında.
Yadlar doğmalaşar,
Yeni gün doğar.
Gül kimi körpələr gülümsər bizə...
Ayrı-ayrı evdə
Fərqli beşiklər...
Köhnə xatirələr gərnəşər bizə.
Bəlkə də,
Bir daha görüşmərik biz...
Zaman keçdikcə də alışmaq olar.
Qürur qaysaq olar qanayan eşqə...
Bəzən səhv ilə də barışmaq olar...
Rüfət Səid
Rüfət Səid

Nilufər üçün

Sən bəlkə də ən yüksək zirvəyə endin
o səhər,
Ən yüksəklər alçaldı
tək sənin üsyanınla...
Sən bəlkə də
özündən başqa hamını öldürdün,
Ən dirilər boğuldu sənin intiharınla...

Sən bəlkə də buna layiq deyildin...
Ya da məhz bu şəkildə getməliydin...
Sən kimisə sevirdin...
... Kimsə səni sevirdi...
Və bütün sevgilər də
gizləndiyi yerdən çıxdı o səhər...
Sən gizləndin o səhər.

Biz bəlkə də buna layiq deyildik...
Bəxtimiz, qismətimiz
belə gəlib onsuz da...
İndiyədək adət eləməliydik...
Hər günümüz bir ölüm xəbəriylə açılır onsuz da.

Biz sadəcə səni belə öldürmək istəmirdik...
Sən əzab çəkməliydin
Sən hələ çox illər üzülməliydin...
Yanımızda, aramızda...
Özünə ən yaxın bildiyin uzaqlığımızda!

Sən getdin o səhər...
Sən gizləndin o səhər...
Və bütün murdarlıqlar...
Olduğu kimi gözümüzə girdi.
Biz hamımız insan olduq o səhər...
Hər günümüz bir ölüm xəbəriylə açılır onsuz da.

08.05.2013



Marsa ilk ayaq basan azərbaycanlı

Marsa ilk ayaq basan astronavt kimiyəm…
Sevincimin həddi-hüdudu yoxdur,
hayqırmaq istəyirəm…
Dünyanı sevindirmək!
Dünyanı müjdələmək….

Amma dünya üçün çoxdan ölmüşəm…
Çünki mənim gəmimdə bütün cihazlar yanıb…
Və mən bəşəriyyətlə
əlaqəni də çoxdan itirmişəm.
Axı hansı sayt, qəzet yazacaq?
Mən belə bir qəhrəmanlıq etmişəm…

Marsa ilk ayaq basan astronavt kimiyəm…
Nə qədər olsam da fəxr edilməli,
Ailəm üçün çox ögey kişiyəm,
həmvətənlərimçün yadplanetli.
Rüfət Səid
Rüfət Səid

Marsa ilk ayaq basan astronavt kimi də,
tək-tənha qalmışam
qırmıza planetdə.
Öz kəşfimə bürünüb
ölmək imiş qismətim…
Bəlkə Mars torpağından
yoğrulmuşam əslində?

Ay dünya,
oy dünya,
uy dünya….
Heç olmasa, ilk sevgi yaşadığım
məktəbin həyətində
heykəlimi qoy, dünya!

21.05.2014
XS
SM
MD
LG