Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:49

«Azərbaycanın xarici siyasətində rabitəsizlik var»


Zahid Oruc
Zahid Oruc
-
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Bakıda keçirilən NATO PA-nın «Rose Roth» seminarı ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır. İyunun 16-da Bakıda NATO PA-nın «Rose Roth» seminarı başlayıb. Seminarda Ermənistanın da bir neçə deputatı iştirak edir.

- Zahid bəy, NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən tədbirinin məqsədi nədir, son hədəf nəyə hesablanıb?

- NATO PA-nın «Rose Roth» seminarı 90-cı illərin əvvəllərindən daha geniş miqyasda, NATO üzvü olmayan ölkə nümayəndələrinin qatıldığı yeganə formatdır. Bu tədbirlər daha yuxarı qurumların gündəminin, əsas strategiyalarının hazırlanmasına xidmət edir.

Onu da qeyd edim ki, bu tədbir planlı tədbir olub, yəni hansısa qəfil hadisələr fonunda baş tutan tədbir deyil. Bu tədbirin arxa konteksti heç də regionda baş verən hadisələrlə bağlılığı yoxdur.

- Bu cür tədbirləri Azərbaycan kimi ölkələri NATO üzvlüyünə aparan yol saymaq olarmı?

-Birmənalı şəkildə «Rose Roth» seminarlarında aktiv iştirak siyasi-hüquqi cəhətdən bu dövlətlərin NATO-ya üzvlüyünü yaxınlaşdırmaq üçündür. Birdə bu seminarlarda seçilən format elədir ki, çox rahat şəkildə imkan verilir ki, bölgə ilə bağlı bütün maraqlı ideya və fikirlər qiymətləndirilsin və onlar bu bazanı özlərində saxlasınlar. Bundan başqa tədbirdə o da aydın görünürdü ki, NATO bölgə ilə bağlı itkilərini hansısa formada kompensasiya etmək istəyir.

Tədbirdən kənar NATO PA-nın prezidenti ilə söhbət edəndə əmin oldum ki, onlar hiss edirlər ki, indiyədək nümayiş etdirdikləri ehtiyatlı mövqeyin artıq xeyli ziyanları var. Rusiya prosesləri öz xeyrinə dəyişib. Hesab edirəm ki, bizim üçün NATO ilə əlaqələrdə maraqlı olduğumuzu göstərmək və bunun xarici işlər nazirinin müavinləri Araz Əzimovun, Mahmud Məmmədquliyevin dilindən səslənməsi onlar üçün çox önəmli idi.

Belə fikirlər var idi ki, bəlkə vəziyyət dəyişib və hətta belə düşüncə var idi ki, Azərbaycan bu tədbirin keçirilməməsində maraqlı olar. O cümlədən, tədbirdə antirusiya platforması da var idi. Bir çox qərb ekspertlərinin, parlamentarilərin, hətta NATO PA prezidentinin çıxışında Rusiyanın Ukrayna ərazilərini ələ keçirməsi və s. məsələlərə toxunuldu. İddia etmirəm ki, bunu Azərbaycanda edirdilər ki, biz də bu proseslərə qoşulacaq...

-Bəs, Azərbaycan NATO ilə əlaqələrdə nə qədər maraqlıdır, bu alyansa nə qədər yaxınlaşmaq istəyir?

- İndiki dövrdə bu əlaqələrin, bu yaxınlaşmanın bizim üçün nə qədər çətin olduğunu hər kəs bilməlidir. Bölgədə qüvvələr nisbəti dəyişib. Çıxışımda da dedim ki, mən də daxil, ən qatı NATO tərəfdarları belə xəyal qırıqlığına uğramışıq.

- Nədən yaranıb ki, o xəyal qırıqlığı?

- 90-cı illərdə belə bir illuziya var idi ki, Qərb proseslərə qoşulsa balans yaranar və Qarabağ münaqişəsi həll olunar. Amma əksinə, Qərb Qarabağ məsələsindən tilovdakı soxulcan kimi istifadə etdi. Onlar balinaları tutmaq üçün Azərbaycanın iqtisadi-siyasi resurslarını sümürdülər. Bu da özünün ağır nəticələrini göstərdi.

Bu gün Qərb dövlətlərinin bölgəni müdafiə etmək istəmələri barədə dedikləri inandırıcı görünmür. Əksinə bu çox zəif səslənir. Düşünürəm ki, rusiyapərəstlərin mövqeyi güclənib. Bu, Azərbaycan siyasi rəhbərliyinin NATO ilə əməkdaşlıq etmək istəməməsindən baş verməyib, bu NATO-nun tutduğu mövqe ilə bağlıdır. Baxın 2013-cü il noyabrın 29-da Ukraynanın keçmiş prezidenti Assosiasiya Sazişini imzalamadığı üçün devrildi.

Amma Moldova ilə Gürcüstan həmin sənədi imzalayıblar. Nəticə nədir? Nə qədər böyük inteqrasiya baş verib? O cümlədən Azərbaycan. Biz sadələşdirilmiş viza rejiminə keçdik. Bu gün tədbirdə iştirak edən Avropa İttifaqının təmsilçisinə Azərbaycan parlamentariləri suallar verdilər. Necə olur ki, bu sənədlər ratifikasiya olub, amma viza məsələsində heç bir dəyişiklik edilməyib. Nümayəndənin cavabı isə belə oldu ki, məsələ yoluna qoyulub və bəzi texniki məsələlər qalıb ki, bunun qəbulu üçün qısa zaman lazımdır.

Hesab edirəm ki, bu deyildiyi kimi heç də texniki yox, siyasi məsələdir. NATO-nun bölgə ilə bağlı gecikmiş, passiv, daha artıq dərəcədə iqtisadi amilləri hədəf edən, bölgənin təhlükəsizlik problemlərinə müdaxilədən kənar saxlayan siyasəti uğursuzluğa düçar olub.

Bundan başqa Avropa yaxın tərəfdaşlıq və qonşuluq siyasətində də uduzub. Rusiya isə proseslərdən xeyli qalibiyyətlə çıxıb. İndi hiss olunan budur ki, NATO özünün siyasətində dəyişiklik etmək istəyir.

- Bəs belə bir məqamda Azərbaycan kimin yanındadır, NATO-nun, yoxsa «proseslərdən qalib çıxıb» dediyiniz Rusiyanın?

- İlk növbədə biz onu vurğulamağa çalışdıq ki, Azərbaycan bölgədə təhlükəsizliyin təminatında çox mühüm rol oynayır. Yəni Azərbaycan Gürcüstan və Ermənistanın seçdiyi kursu təkrarlasa regionda daha böyük konfrontasiyalar yaradar. Biz münasibətləri, yanaşmanı dəyişməliyik.

Misal üçün bu gün Ermənistan nümayəndə heyəti özlərini qəhrəman kimi göstərməyə çalışırdı. Yəni qayıdanda desinlər ki, Bakıda Azərbaycan əleyhinə çox ultimativ bəyanatlar verdik. Biz də öyünürük ki, yox biz onlara qarşı yaxşı cavablar səsləndirdik. Mənə elə gəlir ki, belə bir mövqeyin 1997-99-cu illərdə yeri var idi. Amma indiki gerçəklikdə belə bir qəhrəmanlıq notları çox da uğur gətirmir.

Qərbin öz dili, öz mövqeyi var. Bizim üçün beynəlxalq siyasətin konsepsiyası uzlaşdırılmış, koordinasiya olunmuş səviyyədə həyata keçirilməlidir. Təəssüf ki, bizdə rabitəsizlik var. Xarici İşlər Nazirliyi Azərbaycan siyasətini öz bildiyi şəkildə, parlamentarilər digər formada, hökumət nümayəndələri ayrı bir şəkildə xaricə çatdırır. Belə bir şəraitdə biz bir-birimizi təkrarlamaqdan çox, işə ziyan mövqelər tuturuq.

- Qərbin dilini öyrənmək Azərbaycan üçün niyə bu qədər çətindir və ya az da olsa Azərbaycan Qərblə öz dilində danışmağı, əməkdaşlığı öyrənə bilibmi?

- Elə hesab edirəm ki, bir sıra məsələlərdə anlaşma var və ən azı ötən dövr ərzində hansısa məsələyə yanaşmanın texnologiyasını bilməkdəyik. Bu heç də çoxlarının iddia etdiyi kimi «kürü diplomatiyası», ələalma kimi məsələlər deyil.

Tədbirdəki çıxışımda da vurğuladım ki, NATO nümayəndələrinə axşam ziyafətində bizim xüsusi menyu verilsə onu da bizim əleyhimizə çevirəcəklər ki bu ələalmadır. Beynəlxalq dairələrlə işləməyə mane olan münaqişənin yaratdığı düşüncə və cəmiyyətdəki reallıqlarıdır. Bu gün kimsə həmin tədbirlərdə bəyan etsə ki, biz Dağlıq Qarabağla real münasibətlərə malik olmaq istəyirik onu az qala linc eləməyə çalışacaqlar.

Çünki məsələnin arxa planını dərk etmədən, elə ultrapatriot mövqelər meydana çıxır ki, bu da işə ziyan gətirir. Ona görə bəzən belə beynəlxalq tədbirlərdə hamı arzuladığı və real tələb olunanı deyil, ondan istəniləni ortaya qoymalı olur. Bu da Qərblə münasibətlərə ziyan gətirir.

- Qərb Azərbaycanı necə görmək istəyir, Azərbaycan hansı addımları atmalıdır ki, Qərb onu qəbul etsin və daha yaxın əməkdaşlıq olsun?

- Qərb istəyir ki, hər iki dövlət demokratikləşsin. Avropa institutlarına yaxınlaşsın, əməkdaşlıq artsın. Qərbə görə cəmiyyətə, vətəndaş birliklərinə daha çox səlahiyyətlər verilməlidir, dövlətin rolu azaldılmalıdır və bundan sonra hər hansı «x» zamanında da ərazi bütövlüyü də həll olunacaq. Təxmini yanaşma bundan ibarətdir. Bu bölgə ilə bağlı Qərbin maraqlarına uyğunlaşdırılmış bir yanaşmadır. Bu ziyanlı yanaşmadır.

Sadəcə məsələlərin həllini hansısa şərti bir gələcəyə saxlamaq və düşünmək ki, düşmənçilik öz-özünə aradan qalxacaq, bu doğru yanaşma deyil. NATO PA-nın seminarındakı çıxışında xarici işlər nazirinin müavini Araz Əzimov haqlı olaraq dedi ki, 20 il bundan əvvəl iki xalqlar arasında düşmənçilik əhval-ruhiyyəsi indikindən bəlkə də az idi, indi tərəflər arasında etimadsızlıq daha da böyüyüb.

Qərbin roluna olan xəyal qırıqlığı fonunda yalnız öz gücünə inam artıb. Hətta açıq deyim ki, bu Azərbaycana yaxın olan dövlətlərə münasibətdə də söylənilir. Belə olan halda Qərb düşünməlidir insan haqları ilə dövlət üzərinə gəlməyin yeganə alternativi müharibədir. Özü də bu müharibə tərəflər istəmədən baş verəcək. Ona görə ki, elitalar cəmiyyətin təzyiqi altındadır.

Bu gün hansısa iqtidar Ermənistanla yaxşı münasibətlərə getmək istəsə həmin hakimiyyət üzərinə toplum tərəfindən elə hücumlar olar ki, sülh diplomatiyası, müharibə quzğunluğu ilə əvəzlənən yeni bir iqtidara aparıb çıxara bilər. Ona görə də bu gün sülh motivi, sülh platforması işləmir. Eyni ilə Ermənistanda da elə bir qüvvə olsa onu yerindəcə məhv edərlər. Onu da deyim ki, belə bir basqı təkcə Ermənistanda deyil, Azərbaycanda da var.
XS
SM
MD
LG