Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:34

İşdən çıxarılan neftçi intihar edib


Arxiv foto
Arxiv foto
-
«Bahar Enerji» Əməliyyat şirkətindən işdən çıxarılan 40 yaşlı neftçi Etibar Kövsərov intihar edib.

Bu barədə AzadlıqRadiosuna neftçinin yaxınları məlumat verib.

«O, bu ilin yanvarında işdən çıxarılmışdı, özünə iş tapa bilmirdi. İki övladı var, biri ali məktəbdə oxuyur. Onları dolandırmaq üçün pul tapa bilmirdi. Həmişə dolanışığından, vəziyyətindən narahat idi. Bir neçə gün əvvəl birdən-birə yoxa çıxıb. Axtarışlardan sonra Əmircan qəsəbəsində bağda onun meyiti asılmış vəziyyətdə tapılıb. O əslən Əmircandan idi, Bakının Nizami rayonunda yaşayırdı».

Etibar Kövsərov «Bahar enerji» şirkətində elektrik işləyirmiş.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, son 6 ayda neft sektorunda 10 ölüm hadisəsi baş verib.

«Bir nəfər Balaxanı Əməliyyat Şirkətində, bir nəfər «Qarasu Oil» Əməliyyat Şirkətində, qalan ölüm hadisələri isə Dövlət Neft Şirkətinin strukturlarında baş verib. Yanvar ayında Xəzər dəniz neft-qaz tikinti trestinin fəhləsi İsmayıl Umudov ixtisar xəbərini eşidəndən sonra vəfat edib».

«Bahar-Qum» yataqları üzrə hasilatın pay bölgüsü sazişi 2009-cu ildə imzalanıb. Sazişə görə, 20 faiz ARDNŞ-nin, 80 faiz «Bahar enerji» qrupuna aiddir.

«Bahar enerji»ni Baghlan Group, Greenfield İnternational və RAFI Oil təsis edib. Hər birinin payı 33,3 faiz olub. Sonradan RAFİ Oil öz payını Baghlan Groupa satıb. Hazırda «Bahar enerji»nin 66,6 faizi Baghlan Group, 33,3 faizi Greenfield İnternational-a aiddir.
XS
SM
MD
LG