Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:54

"Bu ölkə başdan-başa prezident aparatına tərif deyənlərinmi ölkəsidir?"


Məmməd İsmayıl
Məmməd İsmayıl

-

"Pen klub"da debat


Məmməd İsmayıl:

"Rəşad bəy doğrudan da mənim yazılarımı çap edib. Amma mənim boynuma minnət qoymağın bir mənası yoxdur".

Rəşad Məcid:

"Məmməd bəy AYB-yə üzvlərin təmmənnalı götürülməsini deyir, onu öz üzərimə götürürəm və vicdansız bir fikir hesab edirəm".



"Anarı müdafiə etməyin mənası yoxdur" deyib Azərbaycan Yazıçılar Birliyinin qurultayında ən sərt çıxışı etmiş şair Məmməd İsmayıl AzadlıqRadiosunun "Pen klub" proqramının qonağı oldu.

Onunla AYB-nin gənclər katibi Rəşad Məcid arasında qızğın debat.

Proqrama qurultayda sədrliyə namizədliyini geri götürüb Anarın alternativsiz qalmasına şərait yaratmış şair Elxan Zal Qaraxanoğlu da qatılıb..


Səadət Akifqızı

- Məmməd bəy, qurultayda çıxış etməsəydiniz, Bakıda olduğunuzdan xəbər tutacaqdıqmı?

Məmməd İsmayıl

- Təbii ki, məni sevənlər, yaradıcılığımdan xəbər tuturlar. İndi sosial şəbəkədə üç mindən artıq dostum var. Çox şükür ki, sevgi baxımdan ac deyiləm. Aleksandr Blokun bir sözü var: “У поэта нет карьеры, у поэта есть судьба” (Şairin karyerası yoxdur, taleyi var). Mən tale şairiyəm, taleyi olan bir insanam. Qurultaydakı çıxışımdan sonra toplumda bir dalğalanma yarandı. Bu da o deməkdir ki, bu toplum cəsarətli fikrə acdır. Bu elə bir qəhrəmanlıq-filan deyildi. Həqiqət birdir, mən öz həqiqətimi çatdırmağa çalışdım. Qurultayda belə bir fikir səsləndi ki, Məmməd İsmayıl Türkiyədə yaşayır, ona görə gəlib burda belə danışır, burda olsaydı belə deməzdi. Amma 1988-1993-cü illər arasında çıxan “Gənclik” jurnalını oxuyan olsa görər ki, Azərbaycan mətbuatına demokratik düşüncəni gətirən mənəm.

Səadət A.

- Məmməd bəy, qurultaydan gözləntiləriniz nə idi? Qurultaya qədər burda sədrliyə yeganə namizəd olacağını gözləyirdinizmi?

Məmməd İsmayıl

- Xeyr, gözləmirdim. Keçən qurultaya heç dəvət olunmamışdım. O zaman mən AYB-də katib ola-ola heç adımı "və sair" siyahısına da salmamışdılar. Çünki indiki iqtidara müxalifətdəyəm, bu adamlar da karyeralarından qorxduqları üçün mənim adımı siyahıya salmamışdılar. 1600 nəfərlik AYB ədəbiyyat ensiklopediyasında mənim adım yoxdur. Anardan soruşuram ki, mənim adım burda niyə yoxdur? Deyir prezident aparatında bir nəfər adam oturub, o deyib ki, olmaz. İndi isə məni artıq gizləyə bilmirlər. Məni Moskvada, Macarıstanda, Türkiyədə tanıyırlar, çap edirlər, mükafat verirlər. Belə halda məni necə qurultaya çağırmaya bilərdilər.

Səadət A.

- Məmməd bəy, siz qurultayda çıxışınızda alternativ namizədin olmadığına etiraz edibsiniz, bəs özünüzü alternativ namizəd kimi niyə irəli sürmədiniz?

Məmməd İ.

- Mən qurultaya gələndə mənim üçün çıxış etmək də nəzərdə tutulmamışdı. Fikirləşdim ki, burda ciddi namizəd olacaq, ciddi müzakirələr olacaq, çünki Anar son ana qədər namizədliyini bildirmirdi. Düşündüm ki, orta nəslə mənsub olan Elxan Zal namizədliyini irəli sürübsə, deməli başqa namizədlər də olacaq. Ancaq gördüm ki, çıxıb danışan deyir ki, Anar müəllim filan keyfiyyətlərinə görə AYB-nin sədrliyinə namizəd olsun. Mən düşündüm ki, onda biz buraya dekorasiya olaraqmı gəlmişik. Bizim fikrimizi nəzərə almayacaqlarmı? Onda biz niyə gəlmişik bura. Əgər mən içimdən keçən fikirləri deməyəcəmsə onda nəyi deyəcəm? Mən Bakıya axşam gəlib çıxdım, səhər qurultay oldu. Ona görə namizədliyimi irəli sürməyə müvəffəq olmadım. Amma əgər Anara alternativ bircə nəfər də yoxdursa, deməli AYB-nin 1600 yox, bircə üzvü var. Necə ola bilər bu? Mən nə pis söz dedim ki orda? Dedim, niyə alternativ qüvvə burda yoxdur, niyə komsomol dövründəki kimi gözəl-gözəl qızlar bəzənib yaşlı yazıçılara ədəbiyyatdan danışırlar.

Səadət A.

- İndi telefon xəttində AYB-nin katibi Rəşad Məciddir. Rəşad bəy, qurultayda sədrliyə alternativin olmamasını necə izah edə bilərsiniz, doğrudanmı AYB-ni Anardan başqa o şəkildə idarə edə biləcək birisi yoxdur? (ardı aşağıda)

Rəşad Məcid
Rəşad Məcid



Rəşad Məcid

- Söhbət AYB-ni idarə edəcək şəxsdən getmir. Söhbət ondan gedir ki, bütün keçmiş sovet ölkələrindən gələn nümayəndələr bildirdilər ki, hər yerdə yazıçılar birlikləri parçalanıb, dağıdılıb, amma Azərbaycanda bu birlik Anar müəllimin hesabına qorunub-saxlanılıb.

Ədəbi mühitimizdən bixəbər adamlar var ki, AYB-nin dağılmasında maraqlıdırlar. Birmənalı fikir odur ki, ədəbiyyata marağın azaldığı, yazıçılığın nüfuzdan düşdüyü bir dövrdə AYB-nin saxlanması üçün nüfuzlu bir insan lazımdı, o insan da Anar müəllimdir. Elxan Zalı AYB-yə sədr seçsəydik, səhər AYB 18 yerə parçalanacaqdı. Ona görə də yeganə alternativ namizədimiz vardı, o da Anar müəllim idi.

Mən Məmməd İsmayıla hörmət etmişəm, həmişə yazılarını çap etmişəm. Elə indicə Anar müəllim müsahibə verəndə dedi ki, Azərbaycanda Məmməd İsmayılın üzünə bir açıq qapı vardı, o da AYB idi ki, indi o qapı qapandı. 75 yaşında Məmməd İsmayıldan bu çıxışı gözləməzdim. Onu 22 yaşında AYB-dən incimiş Şahlar Ruhidən gözləmək olardı. Amma dünya görmüş, müdrik, o cür şeirlərin müəllifi olan bir şair o sözləri deməməliydi. Guya Məmməd İsmayılın dediklərini biz bilmirikmi? Orda-burda adamların qeybət etdiyi sözlər var, guya AYB-yə rüşvətlə üzv qəbul olunur. Onu mən də eşidirəm, amma mən neçə ildir kənddən gələn, rusca bilməyən gəncləri gətirib AYB-yə üzv etmişəm, prezident təqaüdü verirəm. Məmməd İsmayılın sözləri çox ədalətsiz və haqsız bir fikir idi. AYB-yə üzv məsələsində Anar müəllim tamamilə saf və duru adamdır.

Məmməd İ.

- Rəşad bəy doğrudan da mənim yazılarımı çap edib. Amma mənim boynuma minnət qoymağın bir mənası yoxdur, çünki çap olunası yazılar idi onlar. Əgər Anar müəllim AYB-nin qapılarının üzümə qapandığını deyirsə, deməli çox gecikib.

Mənim bir şeirim vardı. “Tabut qapısından qeyri bütün qapılar üzümə qapalı”. Bu şeirim 10 il əvvəl çap olunub. Mən bununla qürur duyaram. Mən özgür fikrini qoruyan, ölkədə baş verən olaylardan xəbərdar olan birisi odluğum üçün AYB qapıları üzümə qapanırsa qoy qapansın. Əgər o qapı üzümə bağlanırsa, mən o qapıları açmağı çox gözəl bilirəm. İndi gənclərə prezident təqaüdü verilir. Mənə deyə bilərsənmi o gənclər arasında bircə nəfər müxalif düşüncəli, özgür düşüncəli gənc varmı. Siz orda sizə yaxın olan adamların adından ibarət bir siyahı tutursunuz, o siyahını prezident aparatına göndərirsiniz. Onda bu təşkilatın adında birlik sözünün nə anlamı var?

Bundan əlavə xalq yazarları, şairləri arasında bircə nəfər müxalif düşüncəli adam varmı? AYB yuxarıdan nə deyilirsə ona ləbbeyk deyən bir təşkilatdır. Qurultaydakı adamlar alternativ gənclikdən təmizlənib təşkilata gətirilmiş adamlardır. Onları da çap edirsən yaxşı edirsən, bəs alternativ gəncliyə barmaqarası baxmaq nədir? Bu ölkə başdan-başa prezident aparatına tərif deyənlərinmi ölkəsidir. Ölkədəki rəhbərlər ancaq indiki siyasəti tərifləyənlərinmi rəhbərləridir, yerdə qalan nüfuzun, alternativ gücün rəhbərləri kimdir, onlara kim sahib çıxacaq? Bir də eşidirsən ki, İngiltərədə Azərbaycan yazarlarının əsərlərindən ibarət bir kitab çıxıb, bu kitabda əsərləri çıxan kimlərdir, sənin və sənin ətrafında olan adamlardır. Azərbaycan ədəbiyyatı sanki sizin yanınızda yer alan adamların ədəbiyyatıdır. Nizamnamədə yazılıbmı ki, alternativ, müxalif düşüncəli yazarlar ad almamalı, təqaüd almamalıdır? Mən çıxışımda da dedim ki, Anar müəllim 75 yaş da yaşayacaq, 80 yaş da yaşayacaq, bəs sabah o olmasa AYB-nin halı nə olacaq? Əgər bütün AYB Anar müəllimdən asılıdırsa, onda başda vay sənin halına, mənim halıma.

Rəşad M.

- Əminəm ki, alternativ gəncliklə bağlı Məmməd müəllimin fikirləri ölkədən kənarda olması ilə bağlıdır. Bu gənclər arasında eləsi yoxdur ki, mən onlarla oturmayım, söhbət etməyim, qonaqlıq verməyim, AYB-yə üzv olması üçün çalışmayım. Alternativ gənclik AYB üzvü olmaya-olmaya AYB-də necə gəlib qurultayda iştirak edəcəkdi, təkliflər edəcəkdi. Məmməd bəyin narazılığını başa düşürəm, onun yubileyi də keçirilib, amma elə şeylər var ki, AYB-dən asılı deyil. Hər halda mən öz işimi vicdanla görmüşəm, Məmməd bəy ki, AYB-yə üzvlərin təmmənnalı götürülməsini deyir, onu öz üzərimə götürürəm və vicdansız bir fikir hesab edirəm.


Debatın videoyazısına bax

XS
SM
MD
LG