Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:58

«Hakimiyyət Avropa Birliyi ilə saziş imzalasın»


Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli
-
«Avrasiya İttifaqımı, yoxsa Avropa Birliyimi? Seçim bundan ibarətdir. Azərbaycan hansı yolla getməlidir?» Bunu Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli iyunun 23-də Avropa Birliyinə inteqrasiyasının zəruriliyi barədə qəbul etdikləri bəyannamənin təqdimatında deyib.

Cəmil Həsənli deyir ki, Azərbaycan öz yolunu hələ 1918-ci ildə ilk dəfə cümhuriyyət yaradarkən seçib. Onun fikrincə, son vaxtlar avrointeqrasiyadan çəkilmə meylləri hiss edilir. Buna görə də ölkə ictimaiyyətinə müraciət ediblər ki, Avropa Birliyinə birləşmənin zəruriliyinə dair bəyannamə vacibdir və bu sənəd imzalanmalıdır.

Cəmil Həsənli deyir ki, bəyannaməni az bir vaxtda 80-dən artıq siyasətçi, ictimai fəal, media təmsilçiləri imzalayıb.

«AVRASİYA İTTİFAQI BİZƏ HEÇ İQTİSADİ CƏHƏTDƏN DƏ SƏRFƏLİ DEYİL»

AXCP sədri Əli Kərimli çıxışında bildirib ki, Avrasiya İttifaqı Azərbaycan üçün nə siyasi, nə iqtisadi cəhətdən də sərfəli deyil:

«Yalnız bir fakt deyəcəyəm, Azərbaycanın ixracının 4 faizi, idxalının yalnız 18 faizi bu Avrasiya üzvlərinə aiddir. Əgər bu iqtisadi birlikdirsə, bizim bu məkanda olmağımızın heç bir faydası yoxdur. Azərbaycan hökumətindən tələb edirik ki, nəhayət ki, Avropa Birliyi ilə Assosiasiya Sazişini imzalasın. İndi bəyannamə vasitəsilə tələb edirik, başa düşməsələr, mitinqlər yolu ilə tələb edəcəyik».

«HÖKUMƏT SİYASİ MÖVQEYİNİ GÖSTƏRSİN»

Əli Kərimli deyir ki, Azərbaycan hökumətindən bu sazişin imzalanacağı ilə bağlı siyasi bəyanat gözləyirlər:

«Yəni göstərsinlər ki, onlar avrointeqrasiyanın qarşısını almayacaqlar. Biz tələb edirik ki, Azərbaycan hökuməti Assosiasiya sazişini imzalamaq üçün iki mühüm addım atsın: Birincisi, nəhayət 18 illik danışığa son verib Dünya Ticarət Təşkilatına üzv olsun. İkincisi, ölkədə vəziyyət dəyişsin, siyasi məhbuslar azadlığa buraxılsın və demokratik islahatlar aparılsın».

«GÜRCÜSTAN VƏ UKRAYNANIN AVROPAYA YAXINLAŞMASI REGİONA TƏSİR GÖSTƏRƏCƏK»

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Gürcüstan və Ukraynanın iyunun 27-də Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalayacağını regiona ciddi təsir göstərəcəyini vurğulayır. Onun fikrincə, Azərbaycanın demokratik kəsimi bundan sonra öz qüvvələrini toparlamalı, avrointeqrasiya istiqamətində daha ciddi mövqe göstərməlidir. Gültəkin Hacıbəyli 80-dən çox ayrı-ayrı müxalifyönlü partiyaya mənsub siyasətçilərin, ictimai və media fəallarının birgə bəyannamə imzalamasını bu yöndə atılan addımlardan biri sayır.

BƏYANNAMƏDƏ DEYİLİR…

Bəyannaməyə imza atanlar hakimiyyəti Avropa Birliyi ilə Assosiasiya sazişi imzalamağa çağırır.

Bildirilir ki, belə bir saziş ölkədə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına, azad ticarətin, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına və digər sahələrin inkişafına əlverişli zəmin yaradacaq.

Bəyannamə müəllifləri vurğulayırlar ki, Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması onları narahat edir:

«Uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz», - deyə bəyannamədə bildirilir.
XS
SM
MD
LG