Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:31

Erkin Qədirli: «ATƏT konsensusu pozacaqmı? Bax, bu sual maraqlıdır»


Erkin Qədirli
Erkin Qədirli

-

ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında ATƏT-in Bakı ofisinin əvvəlki statusa yüksəldilməsi tövsiyə edilib. Sessiyada qaldırılan bu və digər məsələlərlə bağlı aktual sualları hüquqçu Erkin Qədirli cavablandırır.

- Erkin bəy, ATƏT Parlament Assambleyasının qəbul etdiyi «Bakı Bəyannaməsi»ndə qurumun Bakı ofisinin yenidən açılması, Azərbaycanda siyasi məhbuslarla bağlı məsələlər yer alıb. Bunlar birmənalı yerinə yetirilməli tövsiyədir, yoxsa rəsmi Bakı buna əhəmiyyət verməyə bilər?

- Beynəlxalq təşkilatlar iki cür olur: özəl fondlardan maliyyələşdirilən «Human Rights Watch» təşkilatı kimi QHT-lər və üzvlükhaqqı ödəyən dövlətlərarası qurumlar. BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar siyasi qərarlar qəbul edir, ölkə belə quruma üzv olanda onların qəbul etdiyi qərarları yerinə yetirmək öhdəliyi götürür. Bəzən ola bilsin ki, həmin təşkilatın nəzdində məhkəmə sistemi olsun. Bu halda üzv ölkə bu yurisdiksiyanı qəbul etməyə bilər. Məsələn, biz BMT-nin üzvüyük, üzvlükhaqqı ödəyirik, amma bu qurumun Haaqa Məhkəməsinin yurisdiksiyasını öz üzərimizə götürməmişik, ona görə də nə biz orda kimisə məhkəməyə veririk, nə də kimsə bizi Haaqa Məhkəməsinə verə bilər. ATƏT-ə gəlincə, bu qurumun Bakıda ofisini layihə koordinatorluğuna dəyişməsi öz qərarı idi. Düzdür, Azərbaycan buna israr edirdi, amma yenə də qərarı ATƏT verdi. İndi, görünür, qurum yenidən ofisi bərpa etmək istəyir. Görünən odur ki, Azərbaycan hökuməti bundan narazıdır, amma qərar olsa, əməl etməyə məcbur qalacaq.

- Deməli, ATƏT-in PA-nın tövsiyəsini qərar kimi də yozmaq olar?

- ATƏT PA icbari qərar qəbul edə bilmir, o yalnız tövsiyəedici qərarlar verir. İcbari qərarları ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti qəbul edir.

- Onda belə çıxır ki, növbəti sammitdə PA-nın tövsiyəsinə, konkret halda «Bakı Bəyannaməsi»nin tələblərinə yenidən baxıla bilər?

- Baxıla bilər, amma o zaman qərar necə olacaq, görəcəyik. Sammitdə qərarlar konsensus yolu ilə qəbul olunur. Məsələn, əgər Azərbaycan hökuməti ATƏT-in Bakı Bürosunun açılmasının əleyhinə səs versə, qərar keçməyə bilər. Azərbaycan qərar layihəsinin əleyhinə səs verdiyi təqdirdə ATƏT konsensusu pozacaqmı? Bax, bu sual maraqlıdır.

- Bu halda Azərbaycanın ATƏT-lə münasibətləri korlanmazmı?

- Demək çətindir... Əslində hamı lehinə, sən əleyhinə olanda, təklənirsən və bunun bir bədəli ola bilər. Ortalıqda başqa gerçəklik var. Yeri gəlmişkən, bu, ATƏT-in nüfuzunu çox aşağı salır. 1994-cü ildə Lissabon sammitində Qarabağla bağlı bəyannamə qəbul olunmalı idi, hamı lehinə səs verdi, bir tək Ermənistan əleyhinə oldu. Sonradan onu yola gətirə bilmədilər və axırda sədr bəyanatla kifayətləndi. Konsensusu pozduğu üçün Ermənistana heç bir təzyiq də olmadı.

- Demək, Azərbaycan hökuməti üçün bir presedent, bir örnək var. Başqa sözlə, rəsmi Bakı üzv ölkələrin hamısının səs verdiyi qərarın əleyhinə gedə və buna Ermənistan nümunəsini misal göstərə bilər...

- Bəli, Azərbaycan deyə bilər ki, Ermənistan konsensusu pozanda ona heç bir təzyiq olmadı, mən pozanda mənə qarşı çıxırsınız? Yəni, Azərbaycan istəsə, dirəşə bilər. Azərbaycanın ATƏT-dən yeganə umacağı və ümidi Qarabağ danışıqları aparan Minsk qrupudur. Amma bu danışıqlar kontekstində Azərbaycana hər hansı təzyiq imkanı görmürəm. Beynəlxalq təşkilatların təzyiq rıçaqları yoxdur. Beynəlxalq qınaq ola bilər, amma Azərbaycana da beynəlxalq qınaq kar eləmir. Nə qədər tənqid olunub, məhkəmə qərarları olub, yenə də hökumət istədiyini edir. Axı Azərbaycanın Qərbdən dəstəyi var, beynəlxalq təşkilatlarsa tamaşadır. Əsas işlər pərdəarxası görünür, bu hökumətin də pərdəarxası dəstəyi var.

XS
SM
MD
LG