Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:06

Naxçıvan «qazpulu» lideridir


Foto: Arxiv
Foto: Arxiv

-

Ötən ay Naxçıvanda təbii qaz satışından toplanan vəsait verilən qazın dəyərindən 8 faiz artıq olub.

Rəsmi rəqəmlərə görə, iyun ayında abonentlərə 7 milyon 700 min manatlıq qaz satılıb. Bunun müqabilində əhalidən 8 milyon 400 min manat qazpulu yığılıb. Naxçıvan Ali Məclisinin orqanı sayılan «Şərq qapısı» qəzeti 2013-cü ildə və bu ilin ötən aylarında toplanan vəsaitin, satılan qazın dəyərindən 5-8 faiz artıq olduğunu yazır. Bu göstərici Azərbaycanın digər bölgələrini 10-15 faiz üstələyir.

POLİS QAZPULU YIĞDIRIR?

Sakinlər bu göstəriciləri təkcə istehlakçı intizamına bağlamırlar. Onların sözlərinə görə, qazpulunu gecikdirənləri müvafiq idarənin işçiləri deyil, polislər narahat edir. Belə vətəndaşların siyahısı hər ayın əvvəlində polis şöbələrinə təqdim olunur. Polislər də həmin siyahını götürüb evbəev gəzərək xəbərdarlıq edirlər.

«YUXARILAR QADAĞA QOYUB»

Sakinlər deyir ki, məsələ bununla bitmir və xəbərdarlığa etinasız yanaşanlar, yəni qazpulunu ödəməyənlər polis şöbələrinə çağırılırlar. Daha bir diqqətçəkən məqam da odur ki, poçt şöbələrinin borcu hissə-hissə qəbul etməsi də yasaqlanıb. «Kim qadağa qoyub?» sualının da bir cavabı var: «yuxarıdakılar».

«EVƏ XƏBƏR GÖNDƏRDİM Kİ, BİR QOYUN SATIB, ÖDƏSİNLƏR PULU»

Şərur rayon sakini Qiyas Vəliyevin sözlərinə görə, fevral ayında işlətdiyi qaz üçün evlərinə 64 manatlıq qəbz göndərilib. Pulu olmadığından bu, həmin məbləği hissə-hissə ödəmək qərarına gələn abonent poçta üz tutub. Orada onun ödəmək istədiyi 10 manatı qəbul etməyərək, qəbzdə yazılan məbləğin tamamını ödəməsini istəyiblər:

«Poçtda bizə dedilər ki, borcu hissə-hiss qəbul etmək qadağan olunub, hamısını birdəfəlik ödəməlisiniz. Mən də işsiz-gücsüz adamam. O qədər pulu bir dəfəyə ödəyə bilmərəm. Naçar vəziyyətdə evə qayıtdım. Bir gün sonra evə polis gəldi.

Foto: Arxiv
Foto: Arxiv

Borcu ödəməyimə bir həftə vaxt verdilər. Pul tapa bilmədiyimdən gəlib məni rayon polisinə apardılar. Orada dedilər ki, pul ödənməsə, səni buraxmayacağıq. Məcbur qalıb evə xəbər göndərdim ki, bir qoyun satıb aparıb ödəsinlər pulu. Bundan sonra məni buraxdılar».

«İŞLƏTMƏDİYİM QAZIN PULUNU MƏCBUR OLUB ÖDƏDİM...»

Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən bir başqa Şərur sakini deyir ki, polis qazpuluna görə onun da evinə gəlib:

«Uzun müddətdir Naxçıvanda yaşamırdım. Evdə də heç kim olmurdu. Tətili keçirmək üçün Naxçıvana getmişdim. Evə bildiriş gəldi ki, guya qaza 40 manatdan çox borcum var. Getdim qaz idarəsinə. Dedim ki, bu evdə heç kim yaşamayıbsa, bu qədər borc nədən yaranıb? Bildirişdə yazılanlarla sayğacdakı rəqəmlər də düz gəlmirdi. Cavab verdilər ki, biz bilmirik, ödəməlisən. Mən də ödəməyəcəyimi söylədim. Bir neçə gün sonra evə polis gəldi və məndən bildirişdə yazılan məbləği ödəməyi tələb etdi. Mən də əlavə problem yaranmasın deyə, işlətmədiyim qazın pulunu məcbur olub ödədim».

«BORCLARI YIĞMAQDA ÇƏTİNLİK YARANDIĞI ÜÇÜN...»

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən qazpulu toplanmasına polis müdaxiləsi barədə söylənənlərə aydınlıq gətirmək istəmədilər.

Muxtar Respublikanın Mərkəzi Poçtundan bildirdilər ki, qaza və elektrikə görə borcların hissə-hissə ödənişinin qəbulu bir neçə aydır ki, dayandırılıb:

«Borcları yığmaqda çətinlik yaranıb. Ona görə də bu işə icra hakimiyyətləri, polis və poçtlar səfərbər olunub. Bizə də yuxarıdan konkret tapşırıq verilib ki, borcları hissə-hissə qəbul etməyək. Bildirişdə nə yazılıbsa, onu da ödəməlidirlər. İstəyir lap qardaşım olsun».

XS
SM
MD
LG