Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:58

İşadamı ona dəyən ziyanın ödənməsi üçün Vasif Talıbova müraciət edir


Məmməd Qurbanov
Məmməd Qurbanov

-

Naxçıvanda iş adamı Məmməd Qurbanov Muxtar Respublika Ali Məclisin sədri Vasif Talıbova müraciət edib. O, bugünlərdə özünün facebook səhifəsində yaydığı müraciətdə vaxtilə qanunsuz həbs olunduğunu, yerli məmurların haqsızlığı üzündən ailəsi ilə birgə Naxçıvanı tərk etməyə məcbur qaldığını bildirir:

“2006-cı ildən bəri Türkiyədən gətirdiyim məhsulları satmaqla ailəmi dolandırırdım. Bu iş Naxçıvandakı monopolislərə sərf etmirdi. Onlar mənə müxtəlif təzyiqlər göstərir, bu işə Sədərək Gömrük məntəqəsini də cəlb etmişdilər. Məntəqədə mənim gətirdiyim məhsullara süni əngəllər yaradılırdı.

Buna baxmayaraq, işimə davam edirdim. Nəticədə 2012-ci ilin noyabr ayında oyun qurdular və məni guya gömrük işçilərinə zor tətbiq etməkdə günahlandırıb həbs etdilər. Bundan sonra ailə üzvlərimə təzyiqlər oldu”.

Məmməd Qurbanov müraciətində həbsdə olarkən başına gələnlərdən söz açır:

“Saxta ittihamlarda göstərilirdi ki, mən guya gömrük işçisini yumruqla vurmuşam. Buna görə mənə 500 səhifədən artıq istintaq materialları hazırladılar. Ancaq, mənə amansız işgəncələr verdilər, heç kim cəza almadı. Həbsxanada olanda şaxtada lüt vəziyyətdə saxlayıb üzərimə su töküb günlərlə açıq havada saxlayırdılar.

Daha sonra 30 min manatlıq avtomobilimi cərimə meydançasında dağıtdılar. Gömrükdə saxlanan bir yük maşını malımı mənimsədilər. Ailəmi Naxçıvandan didərgin saldılar. Mənim başıma bu cür oyun açanlar cəzalandırılmaq yerinə, yüksək vəzifələrə gətirildilər. Mən növbəti təxribatlardan çəkinib, başıma gələnləri çılpaqlığı ilə aça bilmirəm”.

Məmməd Qurbanov müraciətinin sonunda Vasif Talıbovdan məsələnin obyektiv araşdırılmasını və ona dəyən maddi ziyanın ödənilməsini xahiş edir:

“Mən bundan artıq danışmaq istəmirəm. Onsuz da danışmaq üçün məsləhətli zaman deyil. Sadəcə, istədiyim budur ki, mənə haqsız yerə vurulan maddi zərəri səbəbkarlar ödəsin. Mənəvi, psixoloji cəhətdən vurulan zərbəni isə milyonlarla manat ödəyə bilməz. Sizdən xahiş edirəm məsələni obyektiv araşdırasınız və mənə vurulmuş ziyanın ödənilməsinə kömək edəsiniz”.

Müxalifət partiyaları və ictimai fəalların yaratdıqları İctimai Palatanın üzvü Məmməd Qurbanov 2012-ci ilin noyabrında Sədərək Gömrük Məntəqəsində baş verən hadisədən sonra həbs olunmuşdu. O, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunurdu.

Sədərək Rayon Məhkəməsi onun barəsində 5 il həbs qərarı çıxarmışdı. 2012-ci ilin aprelində Naxçıvan Apelyasiya Məhkəməsi onun 3 il sınaq müddətinə şərti azadlığa buraxılması haqqında qərar çıxarıb.

Məmməd Qurbanov ittihamları qəbul etmir və həbsini siyasi sifariş sayırdı.

Naxçıvanın rəsmi orqanları isə Məmməd Qurbanovun konkret cinayət əməlinə görə həbs olunduğunu bildirirdilər. Onlar həbsxanada Məmməd Qurbanova işgəncə verilməsi ilə bağlı deyilən iddiaları da rədd edirdilər.

Məmməd Qurbanov həbsdən buraxılandan bir müddət sonra ailəsi ilə birlikdə Bakıya köçüb.

XS
SM
MD
LG