Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

ABŞ kəşfiyyatının qiymətləndirməsi:təyyarəni kim vurub?


Buk-2m sistemi
Buk-2m sistemi

Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olmasına çoxlu dəlillər var. Bunu ABŞ Dövlət katibi John Kerry iyulun 20-də deyib.

Kerry Moskvanı birbaşa ittiham etməsə də, Reuters yazır ki, Kerry ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsaslanıb.

ABŞ kəşfiyyatının qiymətləndirməsinin əsas məqamları isə ABŞ-ın Ukraynadakı səfirliyinin vebsaytında yerləşdirilib.

Bunlar hansılardır?

“Keçən ay biz (yəni, ABŞ kəşfiyyatı – Azadlıq radiosu) Rusiyadan Ukraynaya sərhəddi keçməklə ağır silahların daşındığını qeydə almışıq. Keçən həftəsonu Rusiya separatçılara 150 tank, zirehli maşın, artilleriya,raket qurğularından ibarət karvan göndərdi. Bizdə həmçinin məlumat var ki, Rusiya separatçılara hava hücumundan müdafiə sistemlərində təlim keçir”

“Rusiyapərəst separatçılar son aylar yer-hava növlü raketlərdən istifadədə bacarıqlı olduqlarını nümayiş etdiriblər, onlar 10-larla təyyarə vurublar, o cümlədən 2 böyük nəqliyyat təyyarəsi”.

“MH17 təyyarəsi ( qəzaya uğrayan Malayziya təyyarəsi – Azadlıq Radiosu) ilə əlaqə itən vaxt biz separtaçıların nəzarətində olan ərazidən SAM yer-hava növlü raketin buraxıldığını qeydə almışıq.Biz düşünürük ki, bu, SA-11 raketi olub”.

“Separatçılar arasında danışığı tutan Ukrayna hökumətinin Youtube-a qoyduğu videoda separataçılar iyulun 14-də Buk (SA-11) sisteminin ötürülməsindən danışırlar. Onlar bu sistemə malik olduqlarını və yerləşdirdiklərini bildirirlər”.
Sosial mediada cümə axşamı yerləşdirilən məlumatlar SA-11 sisteminin separtaçıların nəzarətində olan Torez və Snijne şəhərləri boyu daşınmasını göstərir. Bu mövqedən SA-11 sistemi MH17 təyyarəsini vura bilərdi”.

“Ukraynanın da SA-11 sistemləri var. Ancaq biz əminik ki, MH17 təyyarəsini vura bilən radiusda Ukraynanın hava hücumundan müdafiə sistemləri olmayıb. Münaqişə dövründə Ukrayna bir dəfə də olsun, yer-hava növlü raket atmayıb. “

“İnternetdə yayılan danışıqda bir separatçı lider o birisinə deyir ki, təyyarə vurulub, ancaq sonra sərnişin təyyarəsi vurulduğu bilinəndə vurulan təyyarə və Buk sisteminin daşınması haqda məlumat çıxarıldı”.

“Sosial mediada yayılan videoda SA-11 raket sisteminin Krasnodondan Rusiyaya geri daşındığı əks olunurdu, burda sistemdə ən azı bir raket yox idi”.

XS
SM
MD
LG