Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:37

Söz azadlığının pozulmasına ictimaiyyətin reaksiyası...


Jurnalistlər arasında da belə fikirlər səslənir ki, media problemləri sahəsində ixtisaslaşmış təşkilatlar onların problemlərini keyfiyyətlə müdafiə edə bilmirlər
Jurnalistlər arasında da belə fikirlər səslənir ki, media problemləri sahəsində ixtisaslaşmış təşkilatlar onların problemlərini keyfiyyətlə müdafiə edə bilmirlər

Azərbaycanda söz və mətbuat azadlığının pozulması hallarına qarşı birmənalı şəkildə ictimai qınağın olmadığını demək düzgün olmazdı. Ancaq görünür, bu etirazlar fəal xarakter almadığından çoxlarında belə bir fikir yaranıb ki, jurnalistlərə qarşı zorakılıq ictimaiyyəti elə də narahat etmir. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə deyir ki, ümumilikdə Azərbaycanda ictimai fikir nəzərə alınmır. Onun fikrincə, bu özünü istər dövlətin idarə edilməsində, istərsə də məhkəmə qərarlarında göstərir. Rəşid Hacılının sözlərinə görə, ictimai rəyin zəifliyi özünü təkcə mətbuat azadlığının boğulmasında deyil, ölkənin Qarabağ və seçkilər kimi başqa tale yüklü məsələlərində də büruzə verir: «Qəzetlər ictimai rəyin ifadəçisidir. İctimai rəy zəif olduğundan qəzetlər də gücsüz vəziyyətə düşür. Nəticədə nə qəzetlərlə, nə də ictimai rəylə hesablaşırlar».


Ancaq bir sıra qəzet və jurnalistlərin müdafiəsiz vəziyyətə düşməsini ictimai fikrin zəifliyi ilə izah etməyənlər də var. «Azərbaycan» qəzetinin redaktoru, Mətbuat Şurasının üzvü Bəxtiyar Sadıqov deyir ki, əksinə bəzi qəzetlər böhtan və təhqirə üstünlük verdiklərindən özlərini tam müdafiəsiz vəziyyətə salıblar: «Mən Mətbuat Şurasına gələn müraciətlərə əsasən sizə deyirəm, bəzi jurnalistlər döyüləndə və ya onlar həbs ediləndə bunu təbii bir hal kimi qarşılayırlar».


Ancaq, ictimai fikrin necəliyindən asılı olmayaraq, hüquq mühafizə orqanları jurnalistlərə qarşı zorakılığı obyektiv şəkildə araşdırmağa borcludurlar. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən üzü bəri jurnalistlərlə bağlı bir istintaqın belə hələ başa çatmaması çoxlarında hüquq mühafizə orqanlarına inamsızlıq yaradır. Ancaq Bəxtiyar Sadıqov deyir ki, jurnalistlərlə bağlı istintaqın ləng getməsi təkcə hüquq mühafizə orqanlarından asılı deyil. Bu işdə jurnalistlər də istintaqa kömək etməlidir. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə Bəxtiyar Sadıqovla razılaşmır. Rəşid Hacılının sözlərinə görə, əgər hüquq mühafizə orqanları baş verən cinayətlərin 90 faiz açılmasıyla öyünürlərsə, onda bu, statistika jurnalistlərlə bağlı istintaqlarda da özünü göstərməlidir.


«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov isə deyir ki, jurnalistlərlə bağlı istintaqların yarımçıq qalmasında bütövlükdə hakimiyyət məsuliyyət daşıyır.


Azərbaycanda jurnalistlərin bir sıra hallarda müdafiə edilə bilməməsində jurnalist təşkilatlarını qınayanlar da var. Jurnalistlər arasında da belə fikirlər səslənir ki, media problemləri sahəsində ixtisaslaşmış təşkilatlar onların problemlərini keyfiyyətlə müdafiə edə bilmirlər.


XS
SM
MD
LG