Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:19

Azərbaycan yanğınlarla bağlı YUNESKO-ya da müraciət etdi


YUNESKO Azərbaycanın müraciətinə hələ cavab verməyib
YUNESKO Azərbaycanın müraciətinə hələ cavab verməyib

Azərbaycan işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı YUNESKO-ya müraciət edib. Hökumət beynəlxalq təşkilatdan yanğınların olduğu ərazilərdə tarixi və mədəniyyət obyektləri ilə bağlı tədqiqat aparılması üçün ekspert qrupu göndərilməsini xahiş edib. Bu haqda Azərbaycanın YUNESKO-dakı nümayəndəsi Eleonora Hüseynova məlumat verib. Onun sözlərinə görə, hələlik YUNESKO-dan cavab gəlməyib: «İnanırıq ki, yay tətilindən sonra təşkilat bizə cavab verəcək».


Xanım Hüseynovanın sözlərinə görə, təşkilata işğal olunmuş ərazilərdəki tarixi və mədəniyyət obyektlərinin geniş siyahısı da təqdim edilib. Bu siyahıda Azıx mağarasının, Ağdamdakı çörək muzeyinin də adları var.


İşğal olunmuş ərazilərdəki tarixi və mədəniyyət nümunələrinin qorunması tələbi ilə indiyədək Xarici İşlər və Mədəniyyət nazirlikləri də YUNESKO-ya müraciət edib. Bu ərazilərdəki yanğınlarla bağlı Azərbaycan hökuməti ATƏT-ə, BMT-yə də müraciət edib. ATƏT sədrinin səlahiyyətli nümayəndəsi Anji Kasperşik monitorinq apardıqdan sonra hesabat hazırlamış və həmin ərazilərdəki yanğını təbii fəlakət kimi qiymətləndirmişdi.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, indiyədək Azərbaycana 4,5 milyon dollar ziyan dəyib. Ermənistan tərəfi isə yanğınların qəsdən törədilmədiyini, onların təbii səbəblərdən yarandığını bildirir.


XS
SM
MD
LG