Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:48

Avropa Birliyi nədən narahatdır?


Müdafiə Nazirliyi hesab edir ki, hərbi xərclərin artırılması hər bir dövlətin suveren hüququdur
Müdafiə Nazirliyi hesab edir ki, hərbi xərclərin artırılması hər bir dövlətin suveren hüququdur
Avropa Komissiyası Azərbaycandan hərbi büdcəni daha artırmamağı tələb edir. Birliyinin beynəlxalq əlaqələr üzrə komissarı Benita Ferrero Valdner deyib ki, regionda hərbi büdcənin artım sürəti həddi aşır. Bakıda isə nə müstəqil ekspertlər, nə də müxalifət partiyaları hərbi xərclərin artırılmasına görə hökuməti qınamır.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycanın hərbi xərcləri artırmaması barədə Avropa Birliyinin (AB) tələbini təbii qəbul etmək lazımdır. Yəni bu təşkilat onsuz da hərbi xərclərin artırılmasını alqışlamalı deyildi. Əslində hərbi xərclərin artırılması ordu quruculuğunun tərkib hissəsidir və Azərbaycanın ordusunu yaxşı təchiz etməsi heç də onun məhz müharibəyə hazırlaşması kimi izah edilə bilməz. Üzeyir Cəfərova görə, Avropada bu prosesin müharibəyə hazırlıq kimi başa düşülməsi əslində Azərbaycanın apardığı zəif, həm də düzgün olmayan təbliğatla bağlıdır. Hərbi ekspert hesab edir ki, əslində AB-dən narahatlıq səslənməsi Azərbaycana öz mövqeyini daha aydın izah etmək üçün daha bir şansdır. Yəni, Azərbaycan AB-nin narahatlığına cavab olaraq hərbi xərclərini nəyə görə artırdığını izah edə bilər.


Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə bu məsələdə AB-nin mövqeyini o qədər də anlaşıqla qəbul etmir. O deyir ki, AB nümayəndəsi Azərbaycan torpaqlarının 20 faizə qədərinin işğal edildiyindən xəbərsiz deyil. Cənab Mirzəzadənin fikrincə, torpaqları işğal altında olan dövlətin öz hərbi büdcəsini artırması qədər təbii haldı.


Aydın Mirzəzadənin bildirdiyinə görə, hazırda Azərbaycanın hərbi büdcəsi dövlət büdcəsinin təxminən 8-9 faizinə bərabər olduğu halda, onunla münaqişə vəziyyətində olan Ermənistanın hərbi xərcləri bu ölkənin büdcəsinin 30 faizi qədərdir: «Avropa Birliyinin belə bir fərqi görməməsi mənə çox qəribə görünür. Nəzərə alsaq ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Biz normal dövlət yox, başdan-ayağa hərbiləşdirilmiş militarist bir dövlətlə üz-üzə dayanmışıq».


Müsavat partiyası başqanının müavini politoloq Qabil Hüseynli də hərbi ekspert Üzeyir Cəfərov kimi o fikirdədir ki, hərbi büdcənin artırılmasıyla bağlı AB-də narahatlığı əslində lazım olmayan çıxış və təbliğatlarla Azərbaycan özü yaradır. Qabil Hüseynliyə görə, Azərbaycanla müqayisədə Ermənistan daha çox silahlansa da bu ölkədə Azərbaycandakı qədər təbliğat aparılmır.


Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə hesab edir ki, AB rəsmisinin narahatlığı İstanbul çərçivə sazişinin pozulması ilə bağlı olan narahatlıqdır. Ölkələrin öz hərbi büdcələrini artırmaları ilə bağlı yaydığı məlumatlar cənubi Qafqaz regionuna daha ciddi önəm verən AB-ni narahat etməyə bilməz. Cənab İbrahimliyə görə, həmin sazişə əsasən cənubi Qafqazda silahların, hərbi texnika və canlı qüvvənin təxmini sayı müəyyənləşdirilib və elə o sazişə əsasən Rusiya öz hərbi bazalarını cənubi Qafqazdan, əsasən də Gürcüstandan tamamilə çıxarmalı idi. İndi həmin sazişin bir sıra müddəalarına əməl olunmadığını deyən İbrahimliyə görə, Gürcüstandan çıxarılan hərbi bazaların bir hissəsinin Ermənistanda yerləşdirməsilə həmin saziş pozulur. Rusiyanın Ermənistanı silahlandırmaqda davam etdiyini bildirən Xaləddin İbrahimliyə görə, daha ciddi bir problem odur ki, bu hərbi texnika həm də Azərbaycanın işğal olunmuş ərazilərinə daşınır və bilmək olmur ki, indi Ermənistan Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan ərazilərində nə qədər hərbi qüvvə və texnika yerləşdirib. Ekspert hesab edir ki, ya bu sahədə monitorinq aparılıb hər şey üzə çıxarılmalıdır, ya da hərbi büdcəsini artırdığına görə Azərbaycana irad tutulmamalıdır.


Azərbaycan müdafiə nazirliyində isə hesab edirlər ki, hərbi xərclərin artırılması hər bir dövlətin öz hüququ olduğundan bu məsələyə kənardan müdaxilə yersiz bir məsələdir.


XS
SM
MD
LG