Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:53

Şuşalı Xandan – Xan Əmidən 7 əhvalat


Xan Şuşinski (1901-1979)
Xan Şuşinski (1901-1979)

-

Hər zaman duzlu-məzəli sözləriylə diqqət çəkən hazırcavab Xan Əmini doğum günü ərəfəsində dillərdə gəzən 7 əhvalatla anırıq.

BİRİNCİ ƏHVALAT:

Ay Qəmərim, Qəmərim!...

Bu əhvalatı Xan Əmiyə həsr etdiyi kitabında musiqişünas Firudin Şuşinski qələmə alıb. Olay 30-cu illərin Şuşasında yaşanıb. Əmisi qızı Fatmanın toyunda balaca Firudin ilk dəfə Xan Şuşinskini görüb...

«QƏŞƏNGİ» ŞUŞADA ƏN DƏBDƏ OLAN RƏQS İDİ

...O vaxtlar Şuşada «Qəşəngi» havası çox dəbdəymiş. Toylarda, özəlliklə də Xanın qatıldığı toylarda qız-gəlinlər bu havaya oynamaqdan doymazlarmış. Hə, Firudin bəy xatırlayır ki: «əmim qızının Köçərli məhəlləsində keçirilən toy məclisində qonşumuz şirniçi Yunusun qızı Qəməri oynatdılar...».

QƏMƏR GÖZƏLLİKDƏ QARABAĞDA BİRİNCİYMİŞ

Qəmər «Qəşəngi» oynamaqda birinci olduğu kimi, gözəllikdə də Qarabağda birinci sayılarmış.

Firudin bəy xatırlayır ki, elə 35 yaşlı Xan da son dərəcə gözəl kişi idi...

SAÇIN UCUN HÖRMƏZLƏR...

«Qəşəngi» havasına oynayanda, Qəmərin gözəlliyindən, onun şirin-şirin süzməsindən ruhlanan Xan bədahətən Qarabağ gözəlinə bu sözləri qoşub «Qəşəngi» havasının üstündə oxuyur:

Saçın ucun hörməzlər,

Səni mənə verməzlər.

Əyil üzündən öpüm,

Qaranlıqdır görməzlər.

Ay Qəmərim, Qəmərim,

Gözəl Qəmərim, Qəmərim...

Xanın gözəl səsindən və şirin sözlərindən coşub-daşan Qəmər özünün bütün məharətini göstərməyə çalışır. Mağardakılar bu möhtəşəm mənzərəyə heyranlıqla baxırlar.

Qarabağın ən gözəl qızı ən gözəl səsli, üstəlik, ən yaraşıqlı kişisi ilə sanki yarışa giribmiş...

«QƏMƏR QƏŞŞ EDİB YIXILIR...»

Eyvah! Gözəllər gözəli Qəmər bu yarışmadan məğlub çıxır.

Qəşş edib bayılır...

Bu hadisə balaca Firudinin yaddaşına yazılır, 50 il sonra yazdığı «Xan Şuşinski» kitabında da əbədiləşir.

Aradan uzun-uzun illər ötür...

ONDA SƏN, İNDİ DƏ MƏN...

Bir dəfə Bakıda olan Qəmər artıq adı dillərdə gəzən həmin xanəndəyə – Xan Əmiyə telefon açır və hal-əhvaldan sonra soruşur:

– Yadındadırmı, cavanlıqda səni görüb, oxumağını eşidib necə qəşş edib yıxılmışdım?

Artıq ixtiyar çağlarını yaşayan ustad sənətkar bir az duruxub cavab verir:

- Ay canım... onda sən qəşş edib yıxılmışdın, indi də mən gözəl qızları görəndə qəşş edib yıxılıram...

ŞUŞALI XANDAN – XAN ƏMİDƏN 2-Cİ ƏHVALAT:

Lap Xan kimi oxuyur!

Xan Əmi Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi Məhəmməd bəy Cavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində ilk övlad olub. Anası Bəyimxanım da Cavanşirlər sülaləsinin bir qolu olan Behbud bəyin nəslindənmiş.

ASLAN AĞANIN NƏLƏRİ VARMIŞ:

Aslan ağanın Şuşada evi, Xan Bağı yaxınlığındakı Ballıca kəndində böyük mülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvə bağları varmış. Açıqfikirli ailə evlərində tez-tez musiqi məclisləri keçirərmiş. Aslan ağa oğlunun gözəl səsi olduğunu görüb onu məşhur xanəndə İslam Abdullayevə şagirdliyə verir. Aslan ağa özü də tarda çalıb, zümzümə etməyi xoşlarmış. Gənc İsfəndiyar hətta Cümhuriyyət ordusuna da yazılıb. Ordunun əsgəri olub. 1919-cu ildə Gəncədə hərbi təlim keçib. Sonradan onu tanıyan hərbçi məmur, öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini söyləyərək İsfəndiyarı hərbi xidmətdən azad edir…

SOYADINDAN ƏL ÇƏKDİ, SƏSİ ONU QORUDU...

Və...19 yaşlı gəncin həyatında birdən-birə hər şey dəyişir. Bolşeviklər yenicə yaradılmış cümhuriyyəti devirirlər. Ailə pərən-pərən düşür. Dayıları-əmiləri İrana, Türkiyəyə mühacirətə gedir. Bütün var-dövlətini itirən Aslan ağa Ağdama köçməyə məcbur qalır. Xanı səsi qoruyur. O qədər güclü səsi olur ki, xanlara-bəylərə divan tutulan vaxt o öz Xan adını saxlaya bilir. Amma Cavanşir soyadından əl çəkməyə məcbur olur...

İSFƏNDİYAR NECƏ XAN OLDU?

Hələ təzə oxuduğu vaxtlarda İsfəndiyarın səsi hamını heyran qoyurmuş. Bir dəfə Ağdamın Novruzlu kəndində keçirilən bir toy mərasiminə ustadı İslam Abdullayevlə İsfəndiyar da qatılıbmış. Birdən İslam Abdullayevin diqqətini toy evindəki qrammofon çəkir. Ev sahibindən soruşur ki, hansı vallarınız var? Cavab gəlir ki, Cabbarın «Mahur»u, Seyidin «Çahargah»ı, Malıbəyli Həmidin «Rast»ı və bir də iranlı Xanın – Əbülhəsən Xan İqbal Azər Soltanın «Kürdü-Şahnaz»ı... Əbülhəsən Xanı seçib dinləyirlər. Dinləmə sürəsində İsfəndiyarın həyəcanı İslam Abdullayevin gözündən qaçmır. Val çalınıb qurtarandan sonra soruşur ki, İsfəndiyar, sən də belə oxuya bilərsənmi?

İsfəndiyar qayıdır ki, vala bir də qulaq assam, oxuyaram!

Hamını maraq bürüyür. Valı bir də səsləndirirlər və İsfəndiyar eynən Əbülhəsən xan kimi «Kürdü-Şahnazı» oxuyur...

Məclisdəkilər heyrətlənirlər:

– Əşi, bu əsl Xandır ki?!

O vaxtdan gənc İsfəndiyarın adı dönüb olur Xan Şuşinski...

Xatırlatma: Əbülhəsən Xan İqbal Azər Soltan – İran şahının saray xanəndəsi olub. Əllərini döşünə qoyub ayaqüstü oxuyarmış. Çox güclü səsi varmış. Deyilənə görə, İran hökmdarı Əhməd Şah səsinə o qədər vurulub ki, ona böyük mülk, torpaq sahələri bəxş edir, Xan titulu verib. Təbriz valisi təyin edib. Əbülhəsən Xan İqbal Azər Soltan 1914-cü ildə Avropa qastroluna çıxarkən yolüstü Tiflisdə konsert verib. Hətta «Molla Nəsrəddin» jurnalının redaksiyasında olub, Mirzə Cəlillə görüşüb.

ŞUŞALI XANDAN – XAN ƏMİDƏN 3-CÜ ƏHVALAT:

Məni də «İqbala»a yaz!

Sovetlər dönəmində Xan Əmi bir gün Filarmoniyaya gəlir, görür hamını qəzetlərə abunə yazırlar. «Pravda», «Komsomolskaya pravda», «Kommunist», «Bakinski raboçiy», «Vışka»...

Seçim qarşısında çaşıb qalan Xan Əmidən soruşurlar:

- Səni hansı qəzetə yazaq, Xan Əmi?

Xan Əmi əyilib abunə yazan adama deyir:

– Qardaş, məni də «İqbal»a yaz!!!

Xatırlatma: «İqbal» qəzeti (Yeni iqbal) - gündәlik ictimai, iqtisadi vә siyasi qәzet olub. 1915-1917-ci illәrdә Bakıda çıxıb. Qəzetin redaktoru və sahibi Üzeyir bəy Hacıbəyli idi.

Ardı sabah - avqustun 20-də Xan Əminin doğum günündə.

XS
SM
MD
LG