Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:31

Naxçıvan DİN-i İlqar Nəsibovun döyülməsi ilə bağlı məlumat yayıb [foto-audio]


Naxçıvan. 21 avqust 2014. İlqar Nəsibov təcili yardım maşınında
Naxçıvan. 21 avqust 2014. İlqar Nəsibov təcili yardım maşınında

-

Avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək döyüblər. Bir nəfər saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyindən apa-ya hadisənin məişət zəminində baş verdiyi bildirilib:

«İlqar Nəsibov uzun müddət Vətəndaş Həmrəyliyi Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Fərid Əsgərov ilə yaxın dost olub. Vaxtaşırı onlar ictimai birliyin ofisində görüşərək içki məclisləri qurublar. Avqustun 21-də axşam saatlarında hər iki şəxs həmin ünvanda yenə də məclis qurub, spirtli içki qəbul ediblər. Həmin vaxt alkoqolun təsiri altında olan İlqar Nəsibovla Fərid Əsgərov arasında yaranmış mübahisə sonda əlbəyaxa davaya çevrilib».

Məlumata əsasən, Fərid Əsgərov öz izahatında bildirib ki, davaya səbəb onun ailə üzvləri haqqında İlqar Nəsibovun işlətdiyi nalayiq və təhqiramiz ifadələr olub.

«BİZİM DƏ ƏLİMİZDƏ FAKTLAR VAR»

İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova deyilənlərin qurama olduğunu bildirir. Deyir ki, DİN-in bu işi araşdıracağına ümidli olsalar, belə reaksiya veriləcəyini də gözləyirmişlər.

«İndiyə kimi Azərbaycanda hansı hüquq müdafiəçisinə, jurnalistə, siyasətçiyə olan hücum araşdırılıb ki, bu da araşdırılsın? Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin nə qədər bərbad gündə olduğunu göstərir. Görün, Azərbaycan hüquq-mühafizə orqanları hansı vəziyyətdədir. Biz ümidli idik, amma aydın oldu ki, səhv etmişik. Biz bu işi belə qoymayacağıq. Bizim də əlimizdə faktlar var ki, Fərid Əsgərov İlqarı döyəndə ona kimin mobil telefonlarından zənglər gəlib. Kimlər həmin vaxt ona İlqar Nəsibovu döy əmrini verib. Sübut edəcəyik ki, İlqar döyüləndən sonra ofisə kimlər gəlib. Görünür, bu hakimiyyətdaxili qruplaşmaların işidir və DİN bunu araşdırmaqda gücsüzdür».

PARTİYA ETİRAZ EDİR-İLQAR NƏSİBOVU DÖYƏN VHP ÜZVÜ DEYİL

Vətəndaş Həmrəyli Partiyası (VHP) İlqar Nəsibovu döyən Fərid Əsgərovun partiyanın Muxtar Respublika təşkilatının sədri olması barədə Naxçıvan Daxili İşlər Nazirliyinin yaydığı məlumata etiraz edir.

Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, vaxtilə həmin şəxsdən şübhələndikləri üçün onu partiyaya üzv götürməkdən imtina ediblər:

«Fərid Əsgərov vaxtilə partiyaya üzv olmaq üçün bizə müraciət etmişdi. Onu bizə Asəf Quliyev təqdim etmişdi. Biz onun haqqında araşdırma apardıq, məlum oldu ki, o, hüquq-mühafizə orqanlarına yaxın adamdır. Elə bu səbəbdən də partiyaya üzv götürmədik. Onu da öyrəndik ki, o bizim partiyaya məqsədli şəkildə göndərilib. Həmin şəxsin Vətəndaş Həmrəyliyi Partiyası ilə əlaqələndirilməsi böyük bir tərbiyəsizlikdir. Sonra bəzi yerlərdə özünü bizim partiyanın yerli təşkilat sədri kimi təqdim edirmiş. Mən buna etiraz etdim. Bildirdik ki, səni biz partiyaya üzv götürməmişik, sən özünü necə sədr kimi təqdim edirsən. Mənim onunla bu yazışmalarım da durur».

Samir Əsədli bildirir ki, VHP-nin Naxçıvan Muxtar Respublika təşkilatının sədri Abdulla Abdullayevdir.

BİR NƏFƏR SAXLANILIB

Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova ölümcül xəsarətlər yetirməkdə ittiham olunan Fərid Əsgərov saxlanılıb.

Bu Barədə AzadlıqRadiosuna avqustun 23-də İlqar Nəsibovun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib:

«Bizə polisdən məlumat verdilər ki, artıq İlqarı hücum edənlərdən biri - Fərid Əsgərov saxlanılıb. Bilmirik o, hansı qisimdə saxlanılıb. Onu dedilər ki, hazırda o, Böyük Düz kəndindəki istintaq təcridxanasında saxlanılır».

Məlahət Nəsibova hazırda həyat yoldaşının ev şəraitində müalicə aldığını bildirir:

«İlqarı evə gətirdik. Onu xəstəxanada qoymaq mümkün deyil. Həm xəstəxanada təmir gedir, həm də narahatıq. Onun vəziyyəti ağır olaraq qalır. Ağrılardan səhərə qədər yata bilməyib...».

İLQAR ONU VURANLARDAN BİRİNİ TANIYIR. ADI FƏRİDDİR

Avqustun 21-də Naxçıvanda hüquq müdafiəçisi İlqar Nəsibova hücum edərək onu vəhşicəsində döyüblər. Aldığı zərbələrdən Nəsibov huşunu itirib. Ağır bədən xəsarətləri ilə onu xəstəxanaya çatdırıblar. AzadlıqRadiosu baş verənlərin təfsilatlarını aydınlaşdırmağa çalışır. Gün ərzində hadisə ilə bağlı əldə etdiyimiz məlumatlar bunlardır

Cinayətkarlar İlqar Nəsibova belə hücum ediblər
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00
Direct-ə keçid

Naxçıvan Şəhər Polis İdarəsi hüquq müdafiəçisi İlqar Nəsibovun döyülməsi ilə bağlı təhqiqata başlayıb. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, xəstəxanada müalicə olunan İlqar Nəsibovun izahatı alınıb, onun döyüldüyü ofisdə ekspertiza aparılır:

«İlqarın xəsarətləri ilə bağlı da tibbi ekspertiza aparılır. Onun qaşına və gözünün altına 5 tikiş vurulub. Bədənində sınıqlar var. İlqar onu vuranlardan birini tanıyıb. Adı Fəriddir. Əvvəldən tanıdığı şəxsdir. Həmin şəxs həmişə özünü müxalifətçi kimi göstərib. Görünür sonradan ələ alıblar. İlqara ilk zərbəni vuran da o olub. Bu haqda izahatında da yazıb. Hazırda ofisdə qan izlərinin ekspertizası aparılır».

İlqar Nəsibova hücum "İşdən sonra" proqramında müzakirə olunur

Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov təhqiqata başladıqlarını təsdiqləsə də geniş məlumat vermək istəmədi.

İlqar Nəsibov həmçinin Naxçıvanda fəaliyyət göstərən, Məlahət Nəsibovanın rəhbəri olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Məlahət Nəsibova AzadlıqRadiosuna bildirib ki, avqustun 21-də axşam radələrində Fərid adlı şəxs İlqar Nəsibovu evdən çağıraraq mərkəzin ofisinə gəlməyini istəyib. Onun sözlərinə görə, Fərid bir neçə nəfərlə İlqar Nəsibovu ofisdə döyüblər. Məlahət Nəsibova həyat yoldaşının döyülməsini mərkəzin fəaliyyətinə təzyiq kimi dəyərləndirir.

İlqar Nəsibovun həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi Norveç İnsan Haqları Evinin dəstəyi ilə fəaliyyət göstərir. Mərkəzin rəhbəri Məlahət Nəsibova 2009-cu ildə Norveç Rafto Fondunun mükafatını alıb.

AzadlıqRadiosu İlqar Nəsibovun döyülməsi ilə bağlı Norveç səfirliyinin də münasibətini öyrənməyə çalışıb. Səfirlikdən bildiriblər ki, səfir hazırda Bakıda olmadığından bu məsələ ilə bağlı rəy verə bilməyəcəklər.

«BU, İLQAR NƏSİBOVA QARŞI İLK TƏZYİQ DEYİL»

Bu, İlqar Nəsibova qarşı ilk təzyiq deyil. 2007-ci ildə Naxçıvan Şəhər Məhkəməsi İlqar Nəsibovun 3 aylıq həbs olunması ilə bağlı qərar çıxarmışdı. O, Naxçıvan Şəhər Polis İdarəsi rəsi Səbuhi Novruzovun şikayəti əsasında «böhtan» maddəsi ilə həbs olunmuşdu. Bir müddət sonra Naxçıvan Apellyasiya Məhkəməsi onu azadlığa buraxmışdı.

Daha sonra İlqar Nəsibov dəfələrlə hücum və hədələrə məruz qalıb.

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG