Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:38

Yeni qanun tarixi şəxsiyyətlər haqda «biədəb sözləri» qadağan edəcək


Nizami Cəfərov
Nizami Cəfərov

-

Yaradıcı qurumlar və şəxslər haqqında ayrıca qanun olacaq
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00
Direct-ə keçid

Azərbaycanda yaradıcı təşkilatların və şəxslərin fəaliyyətini istiqamətləndirən ayrıca qanun qəbul ediləcək. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov AzadlıqRadiosuna bu qanun layihəsi barədə danışıb:

- Azərbaycanda Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı və s. kimi təşkilatlar var. Qanun onların fəaliyyətini tənzimləyəcək.

- Bu birliklər qeyri-hökumət təşkilatı kimi xarakterizə olunur. Arada hansı fərqlər var ki, QHT haqqında qanundan əlavə də qanuna ehtiyac var?

- Düzdür, bu birliklər QHT-dirlər, amma onlar həm də yaradıcı təşkilatlardır. Bu xalqın mədəniyyətini müəyyənləşdirən, xalqın tarixində, ictimai şüurunda qalan qurumlardır. Dünyada yaradıcı şəxslərin xüsusi nüfuzu var. Azərbaycanda da Səməd Vurğun, Üzeyir Hacıbəyov, Bülbül, Səttar Bəhlulzadə kimiləri adi adamlar deyillər. Onların cəmiyyətdə xüsusi statusları olmalıdır.

- Nizami müəllim, qanun büdcədən maliyyələşən birliklərə aid ediləcək, yoxsa müstəqil yaradıcı birliklər də bura daxildir?

- Onların hamısına aiddir. Yəni, yaradıcı ittifaqı nədir, qanun layihəsində bunun tərifi verilir. Amma bir də var, 30-cu illərdə yaradılan qurumlar, onların xüsusi statusları var. Bununla yanaşı, yeni yaradıcı qurumlar da yaradıla bilər, qanun layihəsində şərtlər göstərilir.

- Bəs 50-60 illik tarixi olan qurumlarla yeni yaradılan birliklər arasında status fərqi olacaqmı?

- Yəqin ki, qoyulacaq.

- Hansı fərqlərdən söhbət gedir?

- İndi onu dəqiq bilmirik, amma kütləvilik, məhsuldarlıq, tarixi təcrübə və digər şərtlər var.

- Bəs yaradıcı şəxs necə xarakterizə olunacaq? Dünyadan köçmüş və yaşayan yaradıcı şəxslər arasında fərq qoyulacaqmı?

- Burda da nüanslar çoxdur. Biz çalışırıq ki, yaradıcı şəxsin də tərifini müəyyənləşdirək. Məsələn, bəzi tarixi şəxsiyyətlər təhqir olunur, haqlarında biədəb sözlər işlədilir. Gərək onları müdafiə edək. Məsələn, Səməd Vurğunu təkcə ailəsi müdafiə etməli deyil ki.

- Belə çıxır ki, onların yaradıcılığı tənqid oluna bilməz?

- Yox, yaradıcılıqları tənqid, təhlil edilə bilər, amma şəxsiyyətləri tənqid, təhqir oluna bilməz.

- Qanunun şamil olunması üçün yaradıcı şəxsin hansı özəlliyi olmalıdır? Yazardısa, kitablarımı çıxmalıdır, rəssamdırsa, sərgilərimi keçirilməlidir?

- Bunun da özəllikləri var. Bilirsiniz, mədəniyyətlə bağlı qanunlar iqtisadi-sosial yönümlü qanunlardan fərqli olaraq, qanunvericiliyə çətin gəlir.

- Bəs bu ziddiyyəti aradan necə qaldıracaqsınız?

- Bunu aradan qaldırmağın yollarını biz də yaxşı bilmirik, amma normativlər var, ona əsaslanacağıq. Yaradıcı şəxs statusu üçün müəyyən şərtlər var. Məsələn, mükafatlar almış şəxslər, hansısa birliyin üzvü olanlar yaradıcı adam sayıla bilər. Yaradıcı şəxsin müəyyən səlahiyyəti olmalıdır.

- Səlahiyyət deyəndə, nəyi nəzərdə tutursunuz?

- Yəni, güzəştləri olmalıdır. Məsələn, biri beynəlxalq toplantıya gedirsə və ya sərgi keçirmək, beynəlxalq sərgiyə qatılmaq istəyirsə, dövlətə müraciət edə bilər.

- Nizami müəllim, belə bir qanunun qəbulu hansı zərurətdən doğub?

- Öz mədəniyyətini qorumaq istəyən ölkələr öz yaradıcı birliklərini, yaradıcı şəxslərini də qorumalıdır. Deyək ki, sovet vaxtında Yazıçılar Birliyinin heç yerdə işləməyən üzvü təqaüdə çıxanda, pensiya alırdı, indi bu yoxdur. Ya bir gənc öz kitabını çıxarmaq istəyir, ya rəssamdır, ona dəstək lazımdır. Əslində, təcrübədə bu dəstək verilir, amma qanunvericiliklə tənzimlənmir.

- Qanun layihəsinin hazırlanmasında hansı ölkələrin təcrübəsindən istifadə etmisiniz?

- Rusiyanın. Səhv etmirəmsə, Ukraynada da var. Bəzi Avropa ölkələrinin də mədəniyyət haqqında qanunlarında bu məsələ tənzimlənir.

XS
SM
MD
LG